Bakı Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan idmançıları ilə görüşdə İlham Əliyevin nitqi

01 sentyabr 2016, 19:00
Bakı Şahmat Olimpiadasında mübarizə aparan Azərbaycan idmançıları ilə görüşdə İlham Əliyevin nitqi

Əziz dostlar, bu gün ölkəmizdə çox əlamətdar bir gündür. Bakıda 42-ci Şahmat Olimpiadası açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu, ölkəmiz üçün çox əhəmiyyətli beynəlxalq tədbirdir.

Bakıda artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsi bir ənənəyə çevrilibdir. Bildiyiniz kimi, Azərbaycanda Avropa, dünya çempionatları keçirilir və çox uğurla keçirilir. Azərbaycan artıq dünyada inkişaf etmiş ölkə kimi tanınır. Azərbaycana gələn qonaqların demək olar ki, mütləq əksəriyyəti öz vətənlərinə ən xoş təəssüratlarla qayıdırlar. Əminəm ki, bu Olimpiadada iştirak edəcək bütün şahmatçılar şəhərimizlə, ölkəmizlə tanış olacaqlar, bu iki həftə ərzində Azərbaycanı sevəcəklər və ondan sonra ola bilər ki, turist kimi də ölkəmizə qayıdacaqlar.

Beynəlxalq idman yarışlarının keçirilməsi Azərbaycanın gücünü, Azərbaycana olan hörməti göstərir. Ötən il birinci Avropa Oyunları çox böyük uğurla keçirilmişdir. Deyə bilərəm ki, Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bu il “Formula-1” yarışı keçirilmişdir ki, bunun da auditoriyası 500 milyon insandır. Gələn il isə İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu gün Şahmat Olimpiadası başlayır. Mənə verilən məlumata görə, 175 ölkənin nümayəndələri Olimpiadada iştirak edəcəklər və bu, rekord göstəricidir.

Azərbaycan da bu Olimpiadada 3 kişi, 3 qadın komanda ilə təmsil olunacaq. Mən sizə uğurlar arzulayıram. Siz müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edirsiniz, yaxşı nəticələr göstərirsiniz. Bizim kişilərdən ibarət komandamız iki dəfə Avropa çempionu olmuşdur. Digər beynəlxalq yarışlarda yüksək yerlərə layiq görülmüşlər. Bizim aparıcı şahmatçılarımız həmişə yüksək reytinqlərlə bütün tanınmış şahmatçılar arasında yer tuturlar. Yəni, bizim ümidlərimiz var ki, bu yarışda da siz doğma Vətəndə ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz.

Bizim idmançılarımızın, şahmatçılarımızın, - demək istəyirdim ki, əksəriyyəti, amma belə çıxır ki, hamısı, - gəncdir, çox yaraşıqlıdır, gözəldir və bu, əslində müstəqil Azərbaycanın böyük uğurudur. Çünki siz müstəqil dövrdə formalaşırsınız, bəziləriniz müstəqillik dövründə dünyaya gəlibdir. Sizin gözəl gələcəyiniz var. Siz şahmatda artıq böyük uğurlara nail ola bilmisiniz və əminəm ki, həyatda bundan sonra da özünüz üçün layiqli yer tutacaqsınız və tutmusunuz. Bu gün göstərir ki, ancaq müstəqillik dövründə bizim xalqımız sürətlə, uğurla inkişaf edə bilər. Həm idman yarışlarında, bütün başqa sahələrdə müstəqillik dövrü, - əgər bütün Azərbaycan tarixini nəzərdən keçirsək, - ən uğurlu dövrdür. Nəyə görə? Çünki xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Biz Azərbaycanı inamla idarə edirik. Azərbaycan vətəndaşları müstəqilliyin bəhrəsini görürlər. İdmanda, o cümlədən şahmatda bizim əsas uğurlarımız məhz müstəqillik dövrünə təsadüf edir.

Bu yaxınlarda Rioda Yay Olimpiya Oyunlarında bizim idmançılarımız rekord nəticə göstəriblər. Medalların sayına görə dünya miqyasında 14-15-ci yerləri bölüşürlər. Şahmatçılarımız da böyük zirvələrə çatıblar. Əminəm ki, gələcəkdə də siz həmişə bizi sevindirəcəksiniz.

Şahmatın inkişafı Azərbaycanda dövlət siyasətidir. Bütün şəhər və rayonlarımızda şahmat məktəbləri fəaliyyət göstərir. Bu ənənə hələ 1970-ci illərdə, o vaxt Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində şahmat məktəblərinin böyük əksəriyyəti ya bağlanmışdı, ya sıradan çıxmışdı, ya da ki hərracda satılmışdı. Onların yerində dükanlar, restoranlar açıldı. Çox təəssüfedici haldır. Ancaq ulu öndər Heydər Əliyev Azərbaycana qayıdandan sonra şahmata diqqət yenə də lazımi səviyyəyə qalxdı. Ulu Öndər o vaxt dəfələrlə bizim uşaq şahmatçılarımızla görüşmüşdür və rayonlarda şahmat məktəblərinin açılışlarında mən o məşhur şəkli həmişə görürəm - Teymur, Şəhriyar, rəhmətlik Vüqar, Qədir.

-O vaxt sizin neçə yaşınız var idi Şəhriyar?

Şəhriyar MƏMMƏDYAROV: 10 yaşım var idi.

-Uşaqlar Heydər Əliyevin ətrafında durmuşdular və o çox böyük rəmzi xarakter daşıyırdı. Bu, yeni bir nəsildir. Yeni, ağıllı, zəkalı nəsildir ki, yetişir. O, inanırdı ki, siz böyük zirvələrə qalxacaqsınız, belə də oldu. Mən də yadımdadır, o illərdə - 1990-cı illərin ortalarında çalışırdım ki, şahmatçılara, gənclərə kömək edim. Bu gün Prezident kimi bunu etməyə çalışıram. Şadam ki, idmançılarımız bizi, xalqımızı sevindirirlər. Çünki siz hamıdan yaxşı bilirsiniz ki, şahmat intellektual oyundur və xalqımızın intellektual səviyyəsini göstərir. Biz həm idmanın döyüş növlərində güclüyük, həm də intellektual növündə.

Mən sizi bütün uğurlar münasibətilə təbrik edirəm. Bu yarışda sizə uğurlar arzulayıram. Şadam ki, yeniyetmələrin də iştirakı təmin edilir. Əminəm ki, gələcəkdə siz bizi həmişə sevindirəcəksiniz. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10