16 sentyabr 2016, 12:30

Ramiz Məmmədovdan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident,

Nazirlər Kabinetinin son iclasında yaxın illərdə Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayaraq bildirdiniz ki, baramaçılıq sektoru inkişaf etməlidir. Sovet vaxtında bir sıra rayonlarda bu sahə çox uğurla inkişaf edirdi, bol məhsul əldə olunurdu və insanlar yaxşı pul qazanırdılar. Sizin bu tövsiyənizdən sonra digər ənənəvi təsərrüfat sahələri kimi, baramaçılığın da əsaslı inkişafı üçün tədbirlər həyata keçirilir. Baramanın hər kiloqramının alış qiymətinin 8 manata qaldırılması isə kümçülərin ürəyincə olmuşdur. Bu sahənin inkişafı ilə əlaqədar vaxtilə keçmiş kümçülərin fikirlərini soruşduqda, hamısı onun çox sərfəli olduğu və kənd əhalisinin məşğulluğunun təmin edilməsində əvəzsiz rolunu bildirirlər. Bütün bunlar inam yaradır ki, yaxın zamanlarda Füzuli rayonunda, xüsusilə Şükürbəyli kəndində istehsal olunan yüksək keyfiyyətli məhsul yenə də xarici ölkələrə ixrac ediləcək və bu da ölkəyə əlavə valyuta gətirərək kənd əhalisinin gəlirlərini artıracaq.

Dünən isə ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında imzaladığınız Sərəncam ürəyimizdən xəbər verdi. Biz Şükürbəyli sakinləri söz veririk ki, Sizin etimadınızı doğruldacaq və baramaçılığın keçmiş şöhrətini geri qaytaracağıq.

Möhtərəm Prezident, baramaçılığın inkişafına verdiyiniz dəstək üçün və daim bizi diqqət mərkəzində saxladığınız üçün Sizə minnətdarıq. Allah Sizi qorusun!

Hörmətlə,

Məmmədov Ramiz Burcalı oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Şükürbəyli kəndi.