İlham Əliyev Ağcabədi rayonunun Ağabəyli kəndində tikilən “Atena” süd məhsulları kombinatının açılışında iştirak etmişdir

06 may 2011, 18:15
İlham Əliyev Ağcabədi rayonunun Ağabəyli kəndində tikilən “Atena” süd məhsulları kombinatının açılışında iştirak etmişdir

Ağcabədiyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev rayonun Ağabəyli kəndində tikilən “Atena” süd məhsulları kombinatının açılışında iştirak etmişdir.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, “Atropatena” şirkəti tərəfindən inşa olunan “Atena” süd məhsulları kombinatı Azərbaycanda sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir. Ümumi ərazisi 22 hektar olan kombinatın tikinti hissəsinin sahəsi 1,2 hektardır. Müəssisənin ərazisi abadlaşdırılmış, yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılmışdır. Kompleksdə ildə 7,6 min ton süd istehsalı və 90 min ton süd emalı nəzərdə tutulmuşdur. Hazırda kombinatda 100 nəfər işlə təmin edilmişdir.

Prezident İlham Əliyev zavodu işə saldı.

Müəssisənin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, “Atena” süd emalı kombinatında Avropanın ən müasir avadanlıqları quraşdırılmışdır. Zavodda ilkin olaraq 42 çeşiddə süd məhsullarının istehsalı planlaşdırılır ki, gələcəkdə bu rəqəmi 100-ə çatdırmaq nəzərdə tutulur.

Müəssisənin idarəetmə mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, kombinatda emal prosesi tam şəkildə kompyuterləşdirilmişdir və bütün proses vahid mərkəzdən idarə olunur. Mütəxəssislər emal prosesini kompyuter vasitəsilə kənardan izləyirlər.

Kombinatda süd, qatıq, kəsmik, pendir və digər məhsulların hər biri xüsusi şəraitdə hazırlanır və gigiyenik normalara uyğun şəkildə qablaşdırılır. İstehsal olunan məhsulların qablaşdırılması üçün tələb olunan taralar zavodda hazırlanır. Zavodun xammalla təmin edilməsi məqsədilə Ağcabədi və ətraf rayonlarda 21 süd qəbulu məntəqəsi təşkil olunmuşdur. Bu isə regionda fəaliyyət göstərən fermerlərin və ailə təsərrüfatlarının inkişafına təkan verəcəkdir.

Laboratoriya ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, kombinatda bütün emal prosesi yüksək keyfiyyətli laborator avadanlıqla yoxlamadan keçirilir. Bu proses bir neçə dəfə təkrar olunur.

Diqqətə çatdırıldı ki, “Atena” süd emalı və heyvandarlıq kompleksinin tikintisi üçün dövlət tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir. Hazırda dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq müəssisənin xammalla təmin olunması məqsədilə heyvandarlıq kompleksinin yaradılması istiqamətində işlər aparılır. Bu layihənin icrası isə daha 115 nəfərin işlə təmin olunmasına şərait yaradacaqdır.

Dövlət başçısı istehsal prosesinin son mərhələsini, məhsulların qablaşdırılması üçün tələb olunan taraların hazırlanması prosesini izlədi, soyuducu kamera ilə tanış oldu.

Kombinatın fəaliyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo