24 sentyabr 2016, 16:00

Sevil Osmanovadan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında 2016-cı il 22 sentyabr tarixli Sərəncamınız bütün ölkə pambıqçıları kimi, Kürdəmir pambıqçılarını da çox sevindirir. Sərəncamınız kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına güclü stimul yaradır, pambıq istehsalına marağımızı artırır və bizim sosial rifahımızın daha da yaxşılaşmasına səbəb olur. Mən özüm uzun illər pambıqçılıq sahəsində çalışmışam. Yaxşı işimə görə Ulu Öndər tərəfindən “Qırmızı Əmək Bayrağı” və “Lenin” ordenləri, bir çox medallar və fəxri fərmanlarla təltif olunmuşam. Pambıqçılıq sahəsində böyük təcrübəmdən istifadə edərək bu sahədə çalışan kənd əməkçilərinə yaxından kömək edirəm.

Cənab Prezident, inanıram ki, Sizin diqqət və qayğınız sayəsində pambıqçılığın əvvəlki şöhrəti tezliklə özünə qayıdacaqdır. Kürdəmirlilər adından Sizə öz minnətdarlığımı bildirir, pambıqçılığın inkişafında əlimdə gələni əsirgəməyəcəyimə söz verirəm.

Hörmətlə,

Osmanova Sevil İdris qızı

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Atakişili kəndi.-