İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin qarşısında çıxış ediblər

02 oktyabr 2016, 17:00
İlham Əliyev və Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin qarşısında çıxış ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Zati-müqəddəsləri, hörmətli Roma Papası Fransisk həzrətləri.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, Zati-müqəddəsləri, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Sizə və nümayəndə heyətinizə “Xoş gəlmisiniz” deyirəm.

Keçən il Vatikanda görüşərkən mən Sizi Azərbaycana dəvət etdim və çox şadam ki, Siz dəvəti qəbul edib bu gün ölkəmizə səfər edirsiniz. Bu səfərin çox böyük mənası var. Bu, tarixi bir səfərdir. Bu səfər Vatikan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Bu səfər bütün bəşəriyyət üçün önəmlidir. Çünki bu səfər bir daha onu göstərir ki, sivilizasiyalararası dialoq yaşayır, davam edir, güclənir və biz çalışırıq ki, bu dialoqa yeni təkan verək.

Vatikan-Azərbaycan əlaqələri artıq 24 ildir ki, uğurla inkişaf edir. Qeyd etdiyim kimi, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilibdir. 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdir. İlk müsəlman ölkəsinin sərgisi məhz Azərbaycan sərgisi idi. Bizim əlaqələrimiz, eyni zamanda, ictimai təşkilatlar tərəfindən dəstəklənir. Keçən ilin fevralında Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olmuşdur. Bu gözəl hadisə bir daha onu göstərir ki, həm bizim ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir, eyni zamanda, dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsi reallıqdır.

Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar, bu gün də belədir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bizim diyarımızda həmişə sivilizasiyalar qovuşub, həmişə Azərbaycan Şərq ilə Qərb arasında körpü rolunu oynayıbdır. Bu, həm coğrafi, eyni zamanda, mənəvi körpüdür. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunub bərpa edilir. Azərbaycan çox qədim diyardır. Biz fəxr edirik ki, dünyanın ən qədim məscidlərindən biri – 743-cü ildə tikilmiş Şamaxı Cümə Məscidi Azərbaycanda yerləşir. Eyni zamanda, bölgəmizin ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası Kilsəsi də Azərbaycanda yerləşir. Bakıda qədim Atəşpərəstlər Məbədi vardır. Eyni zamanda, pravoslav, katolik kilsələri, sinaqoqlar dövlət tərəfindən qorunur və bərpa edilir.

2008-ci ildə Vatikan-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar hadisə baş vermişdir. Biz 2008-ci ildə Bakıda Katolik Kilsəsinin açılışını qeyd etmişdik. Bakıda Katolik Kilsəsi 1912-ci ildə inşa edilmişdir. Ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən o kilsə dağıdılmışdır. Digər dini abidələr kimi, məscidlər, pravoslav kilsələri, sinaqoqlar da dağıdılmışdır. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, Bakıda Katolik Kilsəsi yenidən tikilsin və bu gün səhər, Zati-müqəddəsləri, Siz o kilsədə dini mərasim keçirmisiniz. Bu, əlamətdar hadisədir. İlk növbədə, biz tarixi ədalətsizliyi aradan qaldırdıq. Digər tərəfdən, bu, Azərbaycanda yaşayan katoliklər üçün çox böyük hədiyyə olmuşdur.

Bu gün ölkəmizdə dinlərarası, xalqlararası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Bunu təkcə biz demirik. Azərbaycan reallıqları ilə tanış olan bütün xarici nümayəndələr də bunu qeyd edirlər. Biz bir çox təşəbbüsləri irəli sürmüşük. Onların arasında “Bakı prosesi” artıq dünyada böyük şöhrət qazanmışdır. “Bakı prosesi” 2008-ci ildə başlamışdır. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzvdür. 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz müsəlman ölkələrinin mədəniyyət nazirlərini dəvət etdik. Tarixdə ilk dəfə idi ki, iki qurum arasında əlaqə yarandı və bu əlaqəni biz yaratdıq. 2009-cu ildə isə Bakıda müsəlman ölkələrinin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından nazirləri dəvət etdik. Beləliklə, bu prosesə “Bakı prosesi” adı verildi. Bu gün ölkəmizdə “Bakı prosesi” çərçivəsində bir çox beynəlxalq tədbirlər keçirilir. Onların içində Dünya Dini Liderlərinin Zirvə görüşünü qeyd etmək olar. İki gün bundan əvvəl V Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa vurdu və bu Forumun əsas mövzularında biri multikulturalizmdir. İki ildən bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

Bu təşəbbüslərin bir məqsədi var ki, bütün dinlərin nümayəndələri bir-biri ilə əməkdaşlıq etsinlər, qarşıdurmaya yol verilməsin. Bizim bu sahədəki uğurlu fəaliyyətimizi nəzərə alaraq BMT qərar qəbul etmişdir ki, bu beynəlxalq qurumun Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Bakıda keçirilsin. Biz bu il bu Forumu Bakıda böyük müvəffəqiyyətlə keçirdik.

Belə tədbirlərin keçirilməsi ilk növbədə bizim özümüzə, insanlarımıza lazımdır. Çünki bu, bizim cəmiyyətimizə göndərilən çox müsbət bir mesajdır. Digər tərəfdən, bu, bütün dünyaya lazımdır. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində dini, milli zəmində müharibələr, münaqişələr, qarşıdurmalar güclənir. Biz isə belə təşəbbüsləri irəli sürərək göstəririk ki, birgə yaşamaq mümkündür, bir-birinə hörmət etmək lazımdır. Öz dininə hörmət edən mütləq başqasının dininə də hörmətlə yanaşmalıdır.

Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Bizim üçün multikulturalizm həm həyat tərzidir, həm dövlətimizin apardığı siyasətdir. Multikulturalizm ideyalarının təbliği işində Azərbaycan dünya miqyasında çox önəmli rol oynayır. Əfsuslar olsun, bəzi xadimlər, siyasətçilər, liderlər multikulturalizmlə bağlı bədbin fikirlər söyləyirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu, çox təhlükəli və yanlış fikirlərdir. Biz isə Azərbaycanda sübut edirik ki, multikulturalizm yaşayır, inkişaf edir və ölkəmizi irəliyə aparır. Multikulturalizmin ünvanlarından biri Azərbaycandır. Fəxr edirik ki, biz çoxmillətli, çoxkonfessiyalı ölkəyik. Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar. Onlar ölkəmizin dəyərli vətəndaşlarıdır və bizim ümumi inkişafımıza böyük töhfələr verirlər.

Biz, ümumiyyətlə, humanitar sahədə böyük işlər görürük, təhsilə böyük diqqət göstərilir. Azərbaycanda savadlılığın səviyyəsi təxminən yüz faizdir. Savadlılıq ekstremizmə, radikalizmə, nadanlığa qarşı bir səddir. Ona görə, Azərbaycanda təhsilin inkişafına böyük diqqət göstərilir.

Azərbaycan zəngin mədəni irsə malikdir və bu, bizim cəmiyyətimizin əsasıdır. Biz milli mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda, biz müasir, dünyəvi ölkəyik. Azərbaycan bu bölgədə müasirlik və inkişaf baxımından fərqlənən ölkələrdəndir.

Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bizim vətəndaşlarımız - bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir ki, bu gün 10 ölkə bu soyqırımını rəsmən tanıyıb. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib. O missiyaların məruzələri insanı dəhşətə gətirir. Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə Bakıdakı erməni kilsəsini bərpa etdik. Bu kilsədə erməni dilində beş mindən çox kitab saxlanılır. Bax, fərq bundan ibarətdir. Bu, onların hərəkətləri, bu da bizim münasibətimiz. Ona görə, təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə, bu münaqişə beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. BMT Təhlükəsizlik Şurası - dünyanın ali qurumu bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və iyirmi ildən çoxdur torpaqlarımız işğal altındadır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi, ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qeyd etdiyim kimi, bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. 1990-cı illərin əvvəllərində əhalimiz 8 milyon nəfər idi ki, onlardan bir milyonu qaçqın-köçkün vəziyyətinə düşüb. Yəni, o humanitar fəlakəti biz öz gücümüzə həll etdik və həll edirik. Buna baxmayaraq, ölkəmiz inkişaf edir. Bu ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu illər ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Biz beynəlxalq aləmdə böyük hörmətə malikik. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycana səs verib, bizi BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib.

Son 13 il ərzində iqtisadiyyatımız üç dəfə artıb. Yoxsulluq, işsizlik 5 faizə düşüb. Azərbaycanda bir çox sosial layihələr icra edilir. Biz müasir dövlət qurmuşuq. Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyini nikbinlik əhval-ruhiyyəsində qarşılayır. Çünki biz dünyaya sübut etdik ki, azad, müstəqil ölkə kimi yaşaya bilərik, uğurla yaşaya bilərik. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Azərbaycan möhkəm ayaqda durur. Biz müasir, dünyəvi, inkişaf edən, əməkdaşlığa açıq olan ölkəyik.

Zati-müqəddəsləri, Sizin Azərbaycana səfəriniz bizim üçün tarixi hadisədir. Bu, bizim üçün böyük şərəfdir. Siz bu gün səhər Katolik Kilsəsində dini mərasim keçirmisiniz. Bu görüşdən sonra Siz ölkəmizin ən böyük məscidi olan Heydər məscidinə gedəcəksiniz. Siz Bakıdan bütün dünyaya çox açıq-aydın mesaj göndərirsiniz ki, multikulturalizm, dinlərarası dialoq, xoş niyyət, xoş münasibət zəfər çalmalıdır, üstünlük təşkil etməlidir.

Mən bugünkü görüşümüzdə Sizə minnətdarlıq bildirərkən dedim ki, Siz öz səfərinizlə bütün dünyanın diqqətini Azərbaycana cəlb etmisiniz. Bütün qitələrdə Sizin davamçılarınız, Sizi dəstəkləyənlər bu gün Bakıya baxırlar, ölkəmizlə, şəhərimizlə tanış olurlar, görürlər ki, dünyada, müsəlman aləmində müasir, dünyəvi, inkişaf edən ölkə var. Görürlər ki, bütün dünya katoliklərinin rəhbəri, Zati-müqəddəsləri Fransisk bu gün Bakıdadır. Buna görə bir daha bütün Azərbaycan xalqı adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Sağ olun.

Roma Papası Fransiskin çıxışı

-Cənab Prezident.

Hörmətli hökumət nümayəndələri.

Hörmətli diplomatik korpusun üzvləri.

Xanımlar və cənablar.

Azərbaycana səfər etməkdən olduqca şadam və Xəzər dənizinin sahillərinə açılan ölkənin paytaxtında – bu şəhərdə səmimi qəbulunuza görə Sizə minnətdarlığımı bildirirəm. Bu görüşün keçirildiyi tam yeni bu bina və digər yeni binaların sayəsində şəhərin siması tamamilə dəyişib.

Cənab Prezident, Azərbaycan hökuməti və xalqı adından ünvanıma söylədiyiniz səmimi salamlama sözlərinə və nəzakətli xanımınızla ötən il Vatikana etdiyiniz səfərinizə cavab olaraq, səmimi dəvətiniz sayəsində mənə yaratdığınız bu fürsətə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Mən bu ölkəyə hazırkı cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsi ilə nəticələnən təcrübə, dəyərlər və xüsusiyyətlər toplusunu formalaşdıraraq, bu torpaqda tarix boyu yaşamış çoxsaylı xalqların verdiyi töhfənin nəticəsi kimi mədəniyyətinizin çoxçalarlılığı və zənginliyinə qəlbimdəki vurğunluqla gəlmişəm. Qarşıdan gələn 18 oktyabr tarixində Azərbaycan öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Bu tarix ölkənin həmin onilliklər ərzində yaşadığı hadisələrə, əldə etdiyi nailiyyətlərə və üzləşdiyi problemlərə birgə nəzər salmaq fürsətini yaradır.

Bu günə qədər keçdiyiniz yol dövlətin iqtisadi və vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları gücləndirmək üçün göstərilmiş mühüm səyləri aydın şəkildə göstərir. Bu yol hamıya, xüsusən zəiflərə daim diqqətin göstərilməsini tələb edir. Bu yol multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlanmasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkündür. Bu, vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və fərqli dini konfessiyalara mənsub olan şəxslər arasında qarşılıqlı əməkdaşlıq və hörmət münasibətlərinin yaranması üçün edilir.

Fərqlər arasında ahəngdarlığın yaradılması məqsədilə bu birgə səylər hazırkı dövrdə xüsusi əhəmiyyət daşıyır, çünki digər düşüncə və fikir sahiblərinin hüquqlarını pozmayaraq, öz ideya və fikirlərinin bərqərar olmasının mümkünlüyünü göstərir. Hər bir etnik və ideoloji mənsubiyyət digər dini yol kimi zorakılıq və hökmranlıq istəklərini qanuniləşdirmək məqsədilə öz fikirlərini, özünəməxsusluğunu və ya Tanrının adını sui-istifadə edən davranış və konsepsiyaları yalnız və yalnız istisna edə bilər.

Səmimi qəlbdən arzu edirəm ki, Azərbaycan müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında əməkdaşlıq yolunu davam etdirsin. Qoy, hər zaman ahəngdarlıq və sülh şəraitində yan-yana yaşama ümumi rifaha hər kəsin töhfə vermək imkanını təmin edərək, çoxsaylı sahələrdə ölkənin sosial və vətəndaş həyatını canlandırsın.

Əfsuslar olsun ki, dünya dözümsüzlükdən qaynaqlanan, zorakı ideologiya ilə qızışdırılan, zəif təbəqələrin hüquqlarının inkar edilməsindən irəli gələn çoxsaylı münaqişələr faciəsini yaşayır. Bu cür təhlükəli meyillərə qarşı qətiyyətlə mübarizə aparmaq üçün sülh mədəniyyətini inkişaf etdirməliyik, çünki o, dialoq və hörmətin daimi varlığından qaynaqlanır. Çünki razılıq doğuran həll variantlarına, etibarlı yollara və daimi əlaqələrə, səbrə alternativ yoxdur.

Bir millət daxilində müxtəlif komponentlər arasında ahəngdarlığın təşviq olunmasını labüd hesab edərək, dövlətlər arasında da əsl tərəqqiyə və xalqların azadlığına aparan yolu müdrikliklə, cəsarətlə keçmək və davamlı razılığa, sülhə yol açan vasitələri öyrənmək vacibdir. Xalqları həlli çətin olan ağır əziyyətlərdən, ağrılı çətinliklərdən bu cür qorumaq olar.

Bu ölkəyə gəldikdə, qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk etmiş, əziyyət çəkən bu qədər şəxslərə böyük vəchlə yaxınlığımı bildirmək istəyirəm. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət öz lazımi yardımını daim göstərsin. Eyni zamanda, yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırıram. İnanıram ki, Tanrının himayəsi ilə və tərəflərin xoş iradəsi sayəsində Qafqaz dialoq və danışıqlar yolu elə bir məkana çevriləcək ki, ziddiyyətlər və fərqlər çözüləcək, aradan qalxacaq. Ölkənizə səfəri zamanı müqəddəs II İoann Pavelin gözəl kəlamı ilə desək, qoy, “Şərq ilə Qərbin arasında qapı” olan bu məkan sülhə açıq olsun və digər keçmiş, eləcə də yeni münaqişələrin həlli üçün nümunəyə çevrilsin.

Davamçıları ölkədə sayca az olan Katolik Kilsəsi Azərbaycanın vətəndaş və sosial həyatına qovuşur, sevincini bölüşür və çətinliklərin aradan qaldırılmasında iştirak edir. 2011-ci ildə Müqəddəs Taxt-Tacla beynəlxalq sazişin ratifikasiyasından sonra Kilsənin hüquqi şəxs kimi tanınması Azərbaycanda katolik icmasının həyatının sabit olması üçün normativ əsası yaratdı.

Bununla yanaşı, katolik icmasının müsəlman, pravoslav və yəhudi icmaları ilə səmimi münasibətləri saxlamasından xüsusi olaraq məmnunam və arzu edirəm ki, dostluq və əməkdaşlıq telləri daha da artsın. Bu cür yaxşı münasibətlər sülh şəraitində yan-yana yaşama və dünyada sülh üçün xüsusi əhəmiyyət kəsb edir və göstərir ki, müxtəlif dini konfessiyaların mənsubları arasında səmimi əlaqələr, hörmət və hamının rifahı üçün əməkdaşlıq mümkündür.

Əsl dini dəyərlərə bağlılıq hər şeydən əvvəl Tanrının müqəddəs adından istifadə edərək, zorakılıqla öz baxışlarını digər şəxslərə qəbul etdirmək cəhdinə tam ziddir. Tanrıya inam cəmiyyətin ümumi rifahına xidmət edən qarşılıqlı anlaşmaya və hörmətə, qarşılıqlı yardıma sövq edən əsl mənbədir.

Qoy, Tanrı Azərbaycana harmoniya, sülh və çiçəklənmə nazil etsin.

X X X

Sonra Roma Papası Fransisk Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat və elm xadimləri ilə görüşdü.

Roma Papası Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazdı.

Daha sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Roma Papası Fransiski yola saldılar.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10