03 oktyabr 2016, 18:00

Araz Yaqubovdan, Lənkəran, Azərbaycan

Möhtərəm cənab Prezident,

Son illər ölkəmizdə qeyri-neft sektorunun, xüsusən də aqrar sahənin inkişafı ilə bağlı çoxsaylı tədbirlər görülüb. Verilən bir çox sərəncam və fərmanlar bitkiçiliyin, taxılçılığın, pambıqçılığın, tərəvəzçiliyin, çayçılığın inkişafına hesablanıb. 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq məqsədilə güzəştli kreditlərin ayrılması, kənd təsərrüfatı subsidiyalarının verilməsi, sahibkarlıq subyektlərinin 2 il müddətinə yoxlamalardan azad edilməsi və görülən digər mühüm tədbirlər biz sahibkarlara göstərilən qayğı və diqqətin bariz nümunəsidir. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə verilən bu mühüm qərarlar qeyri-neft sektoru ilə bağlı Sizin strateji xəttinizin sabit və davamlı inkişafını şərtləndirən amillərdəndir. Qeyd etmək istəyirəm ki, sentyabrın 17-də Sabirabadda Sizin sədrliyinizlə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsini diqqətlə izlədik. Bu müşavirə bizdə dərin təəssürat yaratdı. Həmçinin Sizin 23 sentyabr 2016-cı il tarixli Fərmanınızla Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması bizi hədsiz dərəcədə sevindirdi. Biz bunu regionlarda fəaliyyət göstərən iş adamlarına, kiçik sahibkarlığa, xüsusən də məhsul istehsalçılarına göstərilən növbəti qayğı kimi qiymətləndiririk.

Hörmətli cənab Prezident, şəxsən öz adımdan, ailəm və rəhbərlik etdiyim “Yaşıl çay” fermer təsərrüfatının kollektivi adından, ümumilikdə rayonumuzun kiçik və orta sahibkarları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz bir daha əmin olduq ki, gördüyümüz işlər, rastlaşdığımız çətinliklər Sizin diqqətinizdən yayınmır. Sahibkarlıqla bağlı verilən hər bir sərəncam və fərman bizi daha yaxşı işləməyə ruhlandırır. Əminik ki, bütün bunlar məhsul istehsalının artmasına, ölkəmizin idxaldan asılılığının azalmasına və bununla ölkə əhalisinin ərzaq məhsulları ilə tam təmin edilməsinə gətirib çıxaracaqdır.

Hörmətlə,

Yaqubov Araz,

“Yaşıl çay” Fermer Təsərrüfatı MMC-nin direktoru. 

Azərbaycan Respublikası, Lənkəran şəhəri, İstisu qəsəbəsi.