İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib

19 oktyabr 2016, 10:00
İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib

Prezident İlham Əliyev Qazax rayonunda “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olub.

Təsərrüfat 151 hektar sahədə yaradılıb. 15 hektar sahədə isə süni yağışyağdırma üsulunun tətbiqi ilə pivot suvarma sistemi qurulub. Bu da məhsuldarlığı 2-3 dəfə artırmağa imkan verəcək. Bildirildi ki, gələcəkdə fermer təsərrüfatının istifadəsində olan torpaqlarda kartofla yanaşı, soğan, kök və digər tərəvəz məhsullarının əkilməsi nəzərdə tutulur.

Dövlət başçısı ərazidə məhdud məsuliyyətli cəmiyyət üçün inşa olunan inzibati binada yaradılan şəraitlə tanış oldu.

Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Qazax rayonuna səfərlərini əks etdirən fotoguşə var. Binada fermer təsərrüfatında çalışanlar üçün hər cür şərait yaradılıb. Konfrans zalı, yeməkxana işçilərin ixtiyarına verilib. Diqqətə çatdırıldı ki, burada əkinçilik tədris mərkəzi fəaliyyət göstərəcək və hazırlanacaq mütəxəssislər regionda həyata keçiriləcək kənd təsərrüfatı layihələrinə cəlb olunacaq. Təsərrüfatda ümumilikdə 170 nəfər işlə təmin ediləcək.

Müəssisənin ərazisini gəzən Prezident İlham Əliyevə məlumat verildi ki, bu təsərrüfat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsinin bəhrəsidir. Burada sınaq və təcrübə sahəsində Almaniyadan gətirilən “AQATA” kartof növü əkilib. Ərazidə texnika üçün park inşa edilib. İlkin mərhələdə təsərrüfat üçün müxtəlif növ 11 maşın-mexanizm alınıb. Müəssisədə kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ən müasir texnologiyalar əsasında istehsal sahəsi yaradılıb. İstehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Hazır məhsulların saxlanılması üçün tutumu 2 min ton olan anbar da inşa olunub.

Sonra müəssisənin kollektivi və Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

-Mən sizi salamlayıram. Bu gün Qazax rayonunda kəndli fermer təsərrüfatının işi ilə tanış oldum. Burada görülən işlər çox yaxşı təəssürat bağışlayır. Yaxşı iş görmüsünüz. Ölkəmizin, kənd təsərrüfatının inkişafı üçün belə təsərrüfatların çox böyük faydası var. Çünki bu gün ölkəmiz, bütün regionlar hərtərəfli inkişaf edir. Kənd təsərrüfatı bu gün prioritet sahədir. Qısa müddət ərzində burada görülən işlər onu göstərir ki, əgər güclü iradə varsa hər bir işi görmək olar. Bu gün mənə göstərildi ki, vaxtilə suvarılmayan torpaq sahələrində indi suvarma işləri aparılıb, ən müasir texnologiyalar tətbiq olunub və beləliklə yüzlərlə hektar torpaq sahəsi artıq əkinə cəlb edilib.

Burada yetişdiriləcək məhsul həm ölkəmizin ərzaq təhlükəsizliyini təmin edəcək, həm də gələcəkdə ixrac olunacaq. Beləliklə, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcək. Bu gün bu, artıq reallıqdır. İndi dünyada böhran yaşanmasına baxmayaraq Azərbaycanda kənd təsərrüfatı bu il 2 faizdən çox artıb. Bax, belə təsərrüfatlar hesabına. Çünki məqsədyönlü işlər aparılır. Dövlət həm texnika ilə, həm kreditlərlə öz dəstəyini göstərir, metodik tövsiyələr verilir və insanlar bu işlərə cəlb olunurlar. Mənə verilən məlumata görə, burada kənd camaatı bu işlərdə işləyir, yaxşı maaş alır. Burada həm iş yerləri yaradılır, həm də ən müasir texnika tətbiq edilir. Yəni, bu, müasir yanaşmadır və ölkəmizi gücləndirəcək. Biz ilk növbədə öz tələbatımızı təmin etməliyik. Burada kartofçuluq daha da çox inkişaf edəcək. Biz artıq nəinki öz tələbatımızı təmin edirik, eyni zamanda, ixrac da edirik.

Taxılçılıqda isə hələlik tələbatımızı ödəyə bilmirik. Ona görə taxılçılığa xüsusi diqqət göstərilməlidir ki, biz yaxın bir neçə il ərzində bu sahədə də daxili tələbatımızı öz hesabımıza təmin edək. Kənd təsərrüfatı məhsullarının ixracının artırılması nəzərdə tutulur. Ənənəvi məhsullar ixrac edilir, ancaq biz bu gün digər sahələrə də böyük diqqət göstəririk.

Qazax rayonunda şəkər çuğunduru üçün əkin sahələri nəzərdə tutulub. Bu da çox vacib bir sahədir. Çünki biz özümüzü şəkər çuğunduru ilə tam təmin etməliyik ki, İmişlidə fəaliyyətdə olan şəkər zavodu yerli xammal əsasında işləsin. Digər sahələrdə də belə olmalıdır. Bilirəm ki, indi Qazax rayonunda fındıqçılığa da böyük maraq göstərilir, dövlət də bunu dəstəkləyir. Bu da çox gəlirli bir sahədir, həm kənd adamlarının maddi vəziyyətini yaxşılaşdıracaq, həm də böyük ixrac potensialımız yaranacaq.

Biz çalışmalıyıq ki, təbii şəraitimizdən, münbit torpaqlardan səmərəli şəkildə istifadə edək və bu günə qədər dövriyyəyə cəlb olunmayan sahələri də əkinə cəlb edək. Bunun üçün aqrotexniki, xüsusilə suvarma ilə bağlı tədbirlər görülür, yerli icra orqanları bu işlərə qoşulublar. Fikrimiz var ki, hər il 10 minlərlə hektar torpağı dövriyyəyə gətirək, suvarma işləri təmin edilsin. Gələn il təkcə yerli icra hakimiyyətlərinin xətti ilə artıq 80-90 min hektarda əkin aparılacaq. Yaxın gələcəkdə daha da geniş proqram tutulacaq ki, hər il biz ən azı 100 min hektarda işlər görək, yəni o torpaqları dövriyyəyə cəlb edək. Beləliklə, biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik. Bunun üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır. Fermerlərə dəstək göstərilir, subsidiyalar ödənilir, gübrələr, yanacaq güzəştlərlə verilir. Dövlət investisiyaları qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 milyard manat həcmində güzəştli kreditlər verilmişdir, bu proses davam etdirilir. Bu il 200 milyon manat nəzərdə tutulur, gələn il də ən azı bu qədər olacaq. Yəni, bu, dövlət tərəfindən görülən işlərdir. Əgər bu işlərə infrastruktur layihələrini də əlavə etsək, mənzərə daha aydın olar. Çünki kənd təsərrüfatının inkişafı üçün ilk növbədə infrastruktur layihələri lazımdır. İndi yollar çəkilir. Bu gün Qazax-Kosalar avtomobil yolunun açılışını qeyd etdik. Elektrik enerjisi ilə təminat sahəsində də problemlər yoxdur. Qazlaşdırma ölkə üzrə hələ 100 faizə çatmasa da Qazax rayonunda 100 faiz səviyyəsindədir. İçməli su layihəsinin icrasına gələn il başlanmalıdır. Bilirəm ki, bu problemlər var. Bəzi rayonlarda artıq bu, öz həllini tapıbdır. Gələn il Qazax şəhərinin və bəzi kəndlərin içməli su layihələrinin icrasına başlanmalıdır.

Digər infrastruktur layihələri icra edilib ki, kənd təsərrüfatının, sənayenin inkişafına onun bilavasitə təsiri var. Eyni zamanda, emal müəssisələri yaradılmalıdır. Kənd təsərrüfatı, emal və sənaye müəssisələri bir kompleks təşkil edir. Beləliklə, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq. Bizim məqsədimiz məhz bundan ibarətdir. Həm də ki, kənd təsərrüfatı minlərlə, on minlərlə insanı işə cəlb edir. İndi Azərbaycanın müxtəlif yerlərində çox böyük ruh yüksəkliyi var, insanlar torpağa qayıdırlar, görürlər ki, dövlət dəstəyi göstərilir, dövlət siyasəti aparılır. İnsanlar görürlər ki, bu, onların maddi vəziyyətini yaxşılaşdırır.

Bizdə əhali artır. Hər il əhalinin sayı təqribən 100 min artır. Ona görə biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Kənd təsərrüfatı bu məsələdə xüsusi yer tutur. Nəzərə almalıyıq ki, bir çox torpaqlarımızda hələ suvarma işləri təşkil edilməyib. Növbəti illərdə əsas diqqət bu sahəyə göstəriləcək ki, bu gün suvarılmayan, yəni, heç bir iş aparılmayan torpaq sahələrində müasir kənd təsərrüfatı müəssisələri yaradılsın. Biz buna nail olacağıq.

Qısa müddət ərzində Qazax rayonunda belə kəndli fermer təsərrüfatının yaradılması onu göstərir ki, dövlət siyasətinə yerlərdə də çox böyük dəstək var. İnsanlar bunu alqışlayır, vətəndaşlar razıdırlar. İndi mənə məlumat verildi ki, burada bir çox obyekt tikilib. Gələcəkdə soyuducu anbarın da tikintisi nəzərdə tutulur. Bu da çox lazımdır ki, burada yetişdirilən məhsul xarab olmasın, daxili bazara göndərilsin. Eyni zamanda, burada məhsul artımı böyük ixrac potensialı yaradacaq.

Beləliklə, işlər daha da sürətlə gedəcək və Qazax rayonu daha da sürətlə inkişaf edəcək. Rayon icra hakimiyyətlərindən indi çox şey asılıdır. Mən demişəm, hər bir rayon icra hakimiyyətinin kollektivi çalışmalıdır ki, həm xarici, həm yerli investisiyaları cəlb etsin, işləri qursun, insanlar üçün iş yerləri yaratsın. Onlara bax, bu işlərə görə qiymət veriləcək. Mən görürəm ki, burada bu istiqamətdə ciddi işlər aparılır. Bu münasibətlə sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram.

Rayon sakini Yeganə OSMANOVA: Əziz Prezident, bizim kəndimizə xoş gəlmisiniz. Çox sağ olun ki, bizim üçün belə şərait yaradırsınız. Siz bununla ikinci dəfədir ki, bizim kəndimizdə olursunuz. 2009-cu ildə orta məktəbin açılışında iştirak etmisiniz.

Mən də bu müəssisədə çalışıram. Əvvəllər Ağstafa rayonunda işləyirdim. Yolum uzaq olduğu üçün burada işə düzəldim. Çox sağ olun. Kəndimizdə qazdan, işıqdan, sudan korluğumuz yoxdur. Kəndimiz şəhərə bənzəyir. Sağ olun, Sizdən çox razıyıq.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Yeganə OSMANOVA: Yoldaşım da işləyir, özüm də işləyirəm, ailəmizi saxlayırıq. İş saatımız da çox gözəldir. Maaşımız da düzəlib.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Neçə saat işləyirsiniz?

Yeganə OSMANOVA: Saat 9-dan 6-dək.

Prezident İlham ƏLİYEV: Hər gün işləyirsiniz?

Yeganə OSMANOVA: Bəli, hər gün.

Prezident İlham ƏLİYEV: Bu kənddə yaşayırsınız?

Yeganə OSMANOVA: Bəli, bu kənddə yaşayıram.

Prezident İlham ƏLİYEV: İndi kənddə iş yeri yaradılıb. Əvvəllər Ağstafaya getməli olurdunuz.

Yeganə OSMANOVA: Çox sağ olun, Allah Sizi pənahında saxlasın.

Prezident İlham ƏLİYEV: Mən görürəm ki, burada qadınlar da işləyir. Bu da çox vacibdir.

Rayon sakini Elnarə QASIMOVA: Cənab Prezident, xoş gəlmisiniz. Sizi görməyimizə çox şadıq. Sevincimizin həddi-hüdudu yoxdur. Çox sağ olun ki, belə bir şərait yaratmısınız. Bizim kəndin camaatı belə gözəl işlə təmin olunub.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Elnarə QASIMOVA: Elə mənim özüm də əvvəllər işləmək üçün yoldaşımla Bakıda kirayədə qaldım. İşləyə bilmədim, çətinlik çəkdik. İndi, şükür, öz kəndimizdə belə bir şərait yaranıb. Çox sağ olun, var olun. Allah Sizi, ailənizi qorusun. Allah Sizi bu millətə, bu xalqa çox görməsin.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən çox şadam ki, burada insanlar işə cəlb olunub. Qadınlar da işləyir. Burada iş şəraiti də yaxşıdır. Baxmışam, hər şey təmiz, səliqəlidir. Yəni, iş şəraiti yaxşı olmalıdır ki, insanlar daha da böyük həvəslə işləsinlər.

Türkiyəli mütəxəssis Kamal AŞKIN: Mən Türkiyədən gəlmişəm. Sizə Türkiyədən ehtiram və salamlar gətirmişəm. Burada kartofçuluq üzrə məsləhətçi olaraq işləyirəm. Mən 35 ildir bu sahədə çalışıram. Daha əvvəl də Azərbaycanda olmuşam. Həqiqətən ölkənizin, xüsusilə Qazax bölgəsinin bol suyu və torpağı kartofçuluq üçün çox münasibdir. Çox gözəl bir yerdir.

Prezident İlham ƏLİYEV: Kartofçuluq burada yaxşı inkişaf edir.

Kamal AŞKIN: Burada hədəfimiz hər hektardan 60 ton kartof götürməkdir. İnşallah, buna nail olacağıq.

Prezident İlham ƏLİYEV: İndi hektardan nə qədər yığılır?

Kamal AŞKIN: Bu gün təxminən 40 tondur. Aqrotexnika, təkmilləşdirilmiş bu avadanlıq və suvarma sistemləri ilə buna nail olacağımıza inanıram.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Kartofçuluq çox faydalı kənd təsərrüfatı sahəsidir. Fermerlər üçün yaxşı gəlir gətirir və ölkəmiz üçün çox lazımdır. Düzdür, biz özümüzü kartofla təmin edirik və müəyyən dərəcədə ixrac da edirik. Ancaq az ixrac edirik. Daha çox ixrac edə bilərik. Bizdə ildə təxminən bir milyon tona qədər kartof yığılır. Bəzən bir milyon, bəzən 900 min ton, ildən-ilə dəyişir. Ancaq biz mütləq kartofun istehsalını artırmalıyıq. Çünki dünyada bu məhsula böyük tələbat var. İkincisi, bizim kartofumuzun keyfiyyəti çox yaxşıdır, təbiidir, insan orqanizmi üçün xeyirlidir və ətrafımızda bazarlar var.

Kamal AŞKIN: Çox böyük Rusiya bazarı var. Rusiya 40 milyon ton kartof istifadə edir.

Prezident İlham ƏLİYEV: Bəli, biz də o bazarlara çıxmalıyıq. Biz Rusiyaya kartof ixrac edirik, amma az. Biz daha da çox ixrac edə bilərik. Bax, belə fermer təsərrüfatlarının təşkili bu imkanı yaradacaq.

Bir məsələ də var. Hər bir rayonda ixtisaslaşma aparılmalıdır. Misal üçün, Qazax rayonunda kartofçuluq çox gəlirli bir sahədir. Həm iqlim, həm də torpaq uyğundur. Ona görə bu sahəyə daha çox diqqət vermək lazımdır. İndi biz subsidiyalarda da dəyişikliklər edirik. Subsidiyalar son məhsula görə veriləcək. Əlbəttə fermerlər də özləri müəyyən etməlidirlər ki, nə əkəcəklər, becərəcəklər. Eyni zamanda, dövlət bu məhsulların ixracı ilə də məşğuldur, kömək göstəriləcək. Bu yaxınlarda ərzaq məhsullarının tədarükü və təchizatı üzrə dövlət qurumu yaradılıb. Onun da işi fermerlərə kömək etməkdir. Çünki məsələn burada, yaxud da ki, başqa bir rayonda fermer xarici bazarlara çıxmaq üçün əziyyət çəkir, problemlər yaranır. Fermer gərək məhsulunu tarlada satsın, pulunu alsın və yaxşı yaşasın.

Kamal AŞKIN: Bu soyuducu anbarları genişləndirsək, saxlama şəraitini yaxşılaşdırsaq, o zaman işlər daha da irəliyə gedəcək.

Prezident İlham ƏLİYEV: Çox yaxşı. İndi hər bir rayon üzrə xüsusi inkişaf planı tərtib edilməlidir. Düzdür biz üç dəfə regional inkişaf proqramı qəbul etmişik. Ancaq bu gün hər bir rayon öz imkanlarına, torpaq fonduna, su resurslarına, texniki təminatına daha da ciddi baxmalıdır ki, bir qarış boş torpaq qalmasın. İcra başçısı mənə məruzə edir ki, təxminən 30 min hektar suvarılmayan sahələr var. Biz buraya gərək su gətirək. İnsanlar daha çox işləyəcəklər, daha çox pul qazanacaqlar. Yəni, bu işi dövlət görəcək. İndi Qazax rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülür. Ancaq bu işlər daha konkret plan - texnika, gübrələr, suvarma, toxumçuluq əsasında görülməlidir.

Aqronom Rahid QASIMOV: Cənab Prezident, mən də kəndli fermer təsərrüfatında Sizi salamlayıram. Biz çox sevinirik. Sizin kənd təsərrüfatına diqqətinizin nəticəsidir ki, belə bir təsərrüfat yaranıb. Mən də burada öz ixtisasıma uyğun işlə təmin olunmuşam.

Prezident İlham ƏLİYEV: Harada oxumusan?

Rahid QASIMOV: Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsini bitirmişəm. İndiyədək öz ixtisasıma uyğun iş tapa bilməmişdim.

Prezident İlham ƏLİYEV: Sən hansı sahə üzrə mütəxəssissən?

Rahid QASIMOV: Meyvə-tərəvəz, üzümçülük. Qazax rayonunda da meyvə-tərəvəzçilik, üzümçülük geniş yayılmışdır.

Prezident İlham ƏLİYEV: Bəli, düzdür. Çox yaxşı.

Rahid QASIMOV: Cənab Prezident, bu gözəl rayonumuzu inkişaf etdirdiyiniz üçün, bu sahəni yaratdığınız üçün Sizə öz minnətdarlığımızı bildiririk. İş yerləri ilə təmin olunmuşuq. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ ol. Belə təsərrüfatlar çox olmalıdır. Hər bir yaşayış məntəqəsində buna oxşar müəssisələr yaradılmalıdır. Bu müəssisə yox idi, bax, bu insanlar işsiz qalmışdılar.

Sakinlər: Çox sağ olun. İndi işləyirik. Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.

Prezident İlham ƏLİYEV: Mən Sizdən də çox sevinirəm. Sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10