Azərbaycan və Litva Prezidentlərinin mətbuat üçün bəyanatları

02 may 2011, 17:05

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli xanım Prezident.

Hörmətli qonaqlar.

Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Əminəm ki, səfəriniz uğurlu olacaqdır. İkitərəfli münasibətlərimizə aid müxtəlif aspektlər, o cümlədən regional məsələlər ətrafında çox maraqlı müzakirələr oldu. Əminəm ki, bu müzakirələr regionda baş verən hadisələri, çağırışları və problemləri daha yaxşı anlamağa və irəliyə doğru hansı yolla gedəcəyimizi təsəvvür etməyə imkan yaradacaqdır. İkitərəfli münasibətlərə gəldikdə, bildirmək istəyirəm ki, onlar əladır. Bizim çox fəal siyasi dialoqumuz vardır. Beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq edirik. Litva Azərbaycanın Avropaya inteqrasiya siyasətini daim dəstəkləyir. Əminəm ki, xanım Prezidentin səfəri ölkələrimiz arasında siyasi münasibətləri daha da möhkəmləndirəcəkdir. Zənnimcə, iqtisadi sahədə əlaqələrimizin, xüsusən də işgüzar dairələr arasında birbaşa təmasların inkişafı üçün yaxşı potensial vardır. Bilirəm ki, hazırda qarşılıqlı maraq artmaqdadır. Biznes dairələrimiz tərəfindən Litvada müxtəlif sərmayə imkanları qiymətləndirilir. Hesab edirəm ki, gələcəyə nəzər salaraq iqtisadi əlaqələrimizin genişləndirilməsi üzərində düşünməliyik. Çünki iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, bir-birini tamamlayır. Buna görə əminəm ki, yaxşı siyasi münasibətlərimiz biznes dairələrimizə daha fəal olmaq üçün bir işarə olacaqdır.

Nəqliyyat sektorunda yaxşı imkanlar vardır. Azərbaycan müxtəlif daşıma layihələrini həyata keçirməkdədir. Bu layihələr yeni infrastrukturu, quru, dəmir və hava yollarını yaradacaqdır. Həmçinin Xəzər dənizi vasitəsilə nəqliyyat məsələləri də bu halda nəzərdə tutulur. Bu, Baltik, Qara və Xəzər dənizləri regionları arasında nəqliyyat əməkdaşlığının bir hissəsi ola bilər. Bu, ölkələrimizin öz regionlarında olduqca mühüm rol oynadığı regional əməkdaşlıq siyasətini gücləndirəcəkdir.

Bu gün biz, həmçinin enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Bildiyiniz kimi, Azərbaycan bu baxımdan daha fəal rol oynayır. Cari ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub” qaz dəhlizi haqqında birgə bəyannamə imzaladıq. Bu, irəliyə doğru atılan mühüm bir addım oldu. Bu, həmin sahədə daha geniş əməkdaşlığın qurulmasına əsas yaradacaqdır.

Azərbaycanın nəhəng neft və qaz ehtiyatları vardır. Ölkəmiz artıq mövcud daşıma infrastrukturuna və karbohidrogenlərimizi müxtəlif istiqamətlərə nəql edən çox sayda boru kəmərinə malikdir. Bu sahədə Avropa ilə Azərbaycan arasında mövcud əməkdaşlıq qarşılıqlı faydaya əsaslanır. Əminəm ki, gələn illər ərzində bunun daha yaxşı nəticələrini görəcəyik. Əlbəttə ki, enerji sahəsində əlaqələr Avropa İttifaqı ilə əməkdaşlığımızın mühüm bir hissəsidir. Biz Azərbaycanın iştirak etdiyi “Şərq tərəfdaşlığı” Proqramına verdiyi dəstəyə görə Litvaya minnətdarıq.

Təbii ki, bu gün biz regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Bu məsələ, həmçinin ikitərəfli gündəliyimizin bir hissəsidir. Eyni zamanda, Litva hazırda ATƏT-ə sədrlik edən ölkədir. Münaqişənin həlli müzakirələrimizin bir hissəsi oldu. Uzun illərdir ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişə həll olunmayıb. Minsk qrupu demək olar ki, 20 ildir fəaliyyət göstərir. Lakin indiyə qədər praktiki nəticələr yoxdur. Bu yaxınlarda ATƏT-in sahə qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş və hesabat hazırlamışdır. Həmin hesabatda aydın şəkildə deyilir ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur dağıdılıb, qeyri-qanuni məskunlaşdırma faktları vardır. Rayonların tarixi adlarını, inzibati sərhədlərini dəyişmək cəhdləri və Ermənistanın işğalçı siyasəti ilə bağlı bir çox digər sübutlar vardır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati hüdudlarından kənarda yerləşən 7 rayonu da işğal altındadır. Biz etnik təmizləmə siyasətindən əziyyət çəkirik. Bir milyon azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Əlbəttə ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir.

Mən xanım Prezidenti danışıqların hazırkı statusu, müzakirə olunan məsələlər barədə məlumatlandırdım. Ümidvarıq ki, Ermənistan ATƏT-in Minsk qrupunun təkliflərinə konstruktiv yanaşma nümayiş etdirməklə irəliyə doğru addım atacaq və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa başlayacaqdır. Bundan sonra bölgədə sülh bərqərar ola bilər. Ermənistan ilə Azərbaycan arasındakı münaqişə regional təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişənin beynəlxalq hüquq əsasında tezliklə həlli bütün tərəflərin marağındadır.

Mən, xanım Prezidentə dəvəti qəbul edib bu gün ölkəmizə səfər etdiyinə görə bir daha minnətdarlığımı bildirirəm. Ümidvaram ki, səfəriniz uğurlu olacaq və səfərinizdən məmnun qalacaqsınız.

Sağ olun.

Litva Prezidenti Dalya Qribauskaytenin bəyanatı

- Çox sağ olun. Əlbəttə, səfərimin ilk dəqiqələrindən artıq deyə bilərəm ki, səfərimdən çox razıyam. Çünki Prezidentlə onun qeyd etdiyi bütün məsələlər, ikitərəfli münasibətlərə, eləcə də Azərbaycan ilə Avropa arasında əlaqələrə aid məsələlər ətrafında, o cümlədən hamımızın üzləşdiyi problemlərin ATƏT çərçivəsində çözülməsinə dair çox səmimi söhbətimiz oldu. Qeyd olunan problemlərin həlli və əməkdaşlıq edəcəyimiz bütün sahələr nəinki ölkəniz, o cümlədən Avropa və ATƏT, bütövlükdə isə bütün dünya üçün vacibdir.

Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə gəldikdə, iqtisadi əlaqələrimizin təkmilləşməsindən çox razıyıq. Biznes dairələrimiz hər iki tərəfdən əməkdaşlıq imkanlarını araşdırıb, müəyyən ediblər. Səfirliklərimiz ölkələrimizdə müvafiq qaydada işləyirlər. Sizin səfiriniz bizim ölkədə, bizim səfirimiz isə sizin ölkədə fəal çalışırlar. Mən onları təbrik etmək istəyirəm. Onlar çox yaxşı iş görürlər. İşgüzar dairələrimiz hər iki ölkədə iş aparmaq imkanlarından çox məmnundurlar. Onların bizneslə məşğul olmaları üçün yaxşı şansları vardır.

Dalya Qribauskayte Litvanın Avropa İttifaqına üzvlük sahəsində apardığı danışıqlardan əldə etdiyi təcrübəni Azərbaycan ilə bölüşməyə hazır olduğunu dedi. Azərbaycanda korrupsiyaya qarşı mübarizə proqramının həyata keçirilməsini müsbət qiymətləndirən Litva dövlətinin başçısı bu məsələnin, həmçinin onun ölkəsində gündəlikdə durduğunu bildirərək dedi:

- Müəyyən müsbət addımlar vardır. Biz bunu, xüsusən də, yeni qəbul etdiyiniz korrupsiyaya qarşı proqramın həyata keçirilməsində görürük. Bu məsələ, həmçinin şəxsən mənim və ölkəmin gündəliyində duran məsələdir. Bu problem bu və ya digər dərəcədə hər bir ölkədə vardır. Sizin ölkənizdə Prezidentiniz tərəfindən bu proqramın başlanması çox yaxşı işarədir.

Litva Prezidenti Azərbaycanın, eyni zamanda, Avropa üçün önəmli bir ölkə olduğunu xüsusi qeyd edərək dedi:

- Təbii qaz və digər enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsində ölkəniz Avropa üçün böyük əhəmiyyət kəsb edir. Bu münasibətlərin böyük gələcəyi vardır. Mən sadəcə olaraq arzulayaram ki, ölkəniz bundan tam istifadə etsin və bu məsələlər Avropa İttifaqının istənilən üzv ölkəsi ilə əlaqələrin daha da yaxşı olmasına töhfə versin.

Ölkəmizin ən ağrılı probleminə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Dalya Qribauskayte problemin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirərək dedi:

- Bu cür münaqişələr hər bir ölkəyə böyük itkilər verir. Mənəvi dəyərlərə, münasibətlərə, iqtisadiyyata çox pis təsir göstərir. Bu çətinlikləri aradan qaldırmaq olduqca mürəkkəbdir. Bunun üçün sizə səbir, açıq yanaşma və əlbəttə ki, sülhsevər münasibət lazımdır. Avropa və bütün dünya istəyir ki, münaqişələr dinc yolla həll edilsin. Bu məsələnin həllində Litva həm ATƏT-in, həm Avropa İttifaqının üzvü kimi, həm də ki, ikitərəfli formatda sizə bacardığı qədər kömək etməyə hazırdır.

Litva prezidenti Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkəmizdə irimiqyaslı layihələrin icra olunduğunu xüsusi vurğulayaraq bildirdi:

- Buraya gələrkən tikilən və bərpa olunan bir çox binaları gördük. Böyük infrastruktur obyektləri tikilmək üzrədir. Bu çox yaxşı göstəricidir və biz çox şadıq ki, ölkəniz sürətlə inkişaf edir.

Təhsil sahəsində gələcək əməkdaşlığa da toxunan Litva dövlətinin başçısı bu istiqamətdə bir sıra layihələri reallaşdırmağa hazır olduqlarını dedi.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04