İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etmişdir

16 may 2011, 20:00
İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransının iştirakçılarını qəbul etmişdir.

Prezident İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Mən sizi salamlamağa, yeni görüşümüzə şadam. Bu, çox əhəmiyyətlidir ki, biz tez-tez görüşürük və siz ölkəmizdə tez-tez olursunuz. Biz bunu çox yüksək qiymətləndiririk, bu cür əlaqələr hamımız üçün çox vacibdir. Qafqazın dini liderlərinin bu səviyyədə münasibətləri, Qafqaz xalqları arasında ənənəvi qardaşlığa əsaslanan qarşılıqlı anlaşma bizi çox sevindirir. Biz bu münasibətlərin qədrini bilirik, onları çox yüksək qiymətləndiririk. Əsrlər boyu xalqlarımız arasında həmişə dostluq, qardaşlıq, qarşılıqlı dəstək, qarşılıqlı kömək münasibətləri olmuşdur. Mən şadam ki, bu gün bu münasibətlər davam edir, inkişaf edir və sizin ölkəmizə tez-tez səfərləriniz, eləcə də bizim möhtərəm şeyxin Şimali Qafqaz respublikalarına səfərləri, Şimali Qafqaz respublikalarının rəhbərləri ilə onun görüşləri ölkəmizdə çox yüksək qiymətləndirilir.

Qafqaz bizim ümumi evimizdir, bu, böyük bir ailə, vahid orqanizmdir. Etimad tədbirlərini gücləndirmək, Qafqazda sabitliyi, təhlükəsizliyi möhkəmlətməyə çalışmaq, bu məsələlər üzərində işləmək çox vacibdir. Biz bunu edə bilərik və öz tərəfimizdən bizim regionda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə bundan sonra da töhfə verəcəyik. Hesab edirəm ki, burada əsas amil məhz Yer kürəsinin Qafqaz kimi gözəl guşəsində məskunlaşan bütün xalqlar arasında münasibətlərdir. Dini liderlərin bir yerə toplaşması, müzakirələr aparması, əməkdaşlıq formatına malik olması çox vacibdir. Çünki sizin sözünüzü bizim bütün xalqlar, bütün vətəndaşlar eşidir və hörmətli insanlar, ağsaqqallar kimi sizdən çox şey asılıdır.

Azərbaycan ilə Rusiya arasında münasibətlər və əməkdaşlıq Qafqaz regionunun inkişafının və Qafqazda təhlükəsizliyin möhkəmlənməsinin mühüm amilidir. Bu, regional inkişafın, sabitliyin çox mühüm amilidir. Bizim üçün olduqca xoşdur ki, son illərdə bu münasibətlər çox müsbət, dinamik inkişaf edir. Biz – iki Qafqaz ölkəsi - Rusiya və Azərbaycan regionda vəziyyətin sabitləşməsinə çox böyük töhfə veririk. Bizim birgə fəaliyyətimizdən çox şey asılıdır. Əlbəttə ki, bizim cəmiyyətlərin qarşısında öz həllini tələb edən vəzifələr durur. Hesab edirik ki, iqtisadi rifah və iqtisadi artım sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin əsas amillərindən biridir. Bu, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün ən başlıca amildir.

Biz Azərbaycanda bu məsələlərə böyük diqqət yetiririk və ölkəmizin inkişafı nümunəsində görürük ki, işsizlik azaldıqca yoxsulluq da azalır, biznes inkişaf edir, ölkəyə sərmayələr gəlir, təhlükəsizlik və sabitlik tədbirləri möhkəmlənir. Biz öz tərəfimizdən Qafqaz regionunda bütün müsbət proseslərdə fəal iştirak etməyə həmişə hazırıq.

Bizim ümumi vəzifəmiz, ümumi borcumuz elə etməkdir ki, adamlarımız daha yaxşı yaşasın, təhlükəsizlik, layiqli həyat və iş şəraiti olsun, bütün müsbət proseslərə gəncləri fəal cəlb edək. Hazırda biz gənclər siyasətinə dair böyük proqram üzərində işləyirik. Tezliklə 2011-2015-ci illər üçün çox konkret və çox effektiv dövlət proqramı qəbul ediləcəkdir. Həmin proqramda qərarların icra mexanizmləri və müddətləri, maliyyə bazası və ən başlıcası, görmək istədiyimiz nəticə dəqiq müəyyən ediləcəkdir.

Buna görə də biz bu məsələdə də zərurət olarsa, məsləhətləşmələr, təcrübə mübadiləsi aparmağa hazırıq. Çünki bu regionun bir ölkə kimi Qafqazda sülh, təhlükəsizlik, tərəqqi, inkişaf olması bizim üçün çox vacibdir. Azərbaycan xalqı ilə Şimali Qafqaz xalqları arasında ənənəvi qardaşlıq, dostluq münasibətləri vardır. Bizim əməkdaşlıq və qarşılıqlı dəstəyimiz çoxəsrlik tarixə malikdir. Bu əməkdaşlıq indi həm Şimali Qafqaz respublikalarının rəhbərləri ilə mənim əlaqələrim səviyyəsində, həm də insanlar və biznes qurumları arasında əlaqələr səviyyəsində davam edir. Bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm amildir.

Fürsətdən istifadə edib sizin vasitənizlə Şimali Qafqaz respublikalarının rəhbərlərinə ehtiramımı və ən xoş arzularımı çatdırmaq istəyirəm. Onların Azərbaycana səfərə gəlmələri barədə dəvətimi bir daha təsdiq edirəm. Onların çoxu artıq dəfələrlə burada olmuşdur. Lakin istərdim ki, əvvəllər olanlar bir də gəlsinlər, hələ burada olmayanlar isə ilk dəfə gəlsinlər. Bunun üçün böyük zəmin vardır. Fikrimcə, bu qarşılıqlı səfərlər münasibətlərimizi daha da möhkəmləndirəcəkdir.

Bu gün Bakıda Əlaqələndirmə Şurasının mühüm tədbiri keçirilir. Mənə xoşdur ki, ölkəmizin paytaxtında bu cür tədbirlərin keçirilməsi həm Qafqaz respublikaları arasında əməkdaşlıq çərçivəsində, həm də dünya miqyasında artıq birinci dəfə deyildir. Bu yaxınlarda biz mədəniyyətlərarası dialoq üzrə böyük forum keçirdik, bütün dünyadan qonaqlar qəbul etdik. Keçən il sizin də iştirakınızla dini liderlərin sammitini keçirdik, bu tədbir də çox uğurlu oldu. Bu il biz Rusiyanın və Azərbaycanın himayəsi ilə birinci beynəlxalq humanitar forum keçirəcəyik. Bu foruma bütün tərəfdaşlarımızı dəvət edəcəyik. Biz bu məsələlərə böyük əhəmiyyət veririk. Onlara iqtisadiyyat və ya sənayenin inkişafı məsələlərindən az əhəmiyyət verilməməlidir, çünki hər şey insanlar üçün, onların rifahı, ölkələrimizin və bütövlükdə regionun təhlükəsizliyi və inkişafı üçün edilir və edilməlidir.

Mən bir daha sizi ürəkdən salamlayıram. Deyirəm: Xoş gəlmisiniz, siz bizim əziz qonaqlarımızsınız. Biz sizi görməyə həmişə şadıq. Sizə və respublikalarınıza firavanlıq və səadət arzulayıram.

Qafqaz Müsəlmanları İdarəsinin və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür PAŞAZADƏ dedi:

- Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Zati-aliləri möhtərəm Prezident həzrətləri tərəfindən qəbul edilməsi bizim üçün çox böyük şərəfdir. İstərdim ki, Qafqaz Xalqları Ali Dini Şurasının rəhbəri kimi burada iştirak edənlər və xüsusən müftilər adından Sizə bu qəbula görə minnətdarlığımı bildirim.

Cənab Prezident, dini liderlərin tarixi mərkəz olan Qafqaz Müsəlmanları İdarəsində bir araya gəlmələri artıq ənənə halı almışdır. Bölgədə baş verən hadisələrə münasibətdə, milli mənəvi dəyərlərin inkişafına və cəmiyyətdə, xalqlar arasında dostluğun, qardaşlığın daha da genişlənməsində üzərimizə düşən bütün məsələlərdə dövlət rəhbərlərinə mənəvi dəstək vermək bizim dini borcumuzdur. Biz, həmçinin radikalizmin, terrorizmin qarşısını almaq, dinc yanaşı yaşamaq və bu istiqamətdə gələcəkdə nə cür hərəkət etmək məsələləri barədə mütəmadi olaraq məsləhətləşirik.

Zati-aliləri, Sizin dediyiniz kimi, Qafqaz bizim ümumi evimizdir. Bir məsləkə malik olan biz qafqazlılar bu evin təməlinin qurulması, onun mənafeyi və xoşbəxt gələcəyi üçün səylərimizi əsirgəməməliyik. Cənab Prezident, Sizin də buyurduğunuz kimi, din xadimləri də Qafqazda sülhün, əmin-amanlığın bərqərar olunması işində fəal iştirak etməlidirlər. Təəssüf ki, özlərini siyasətçi adlandıran bəziləri xalqları bir-birinə qarşı qoymaq, insan həyatına təhlükə yaradan şər işlərə rəvac verən təhdidlər və təhlükələr törədirlər. Biz din xadimləri belələrinin əleyhinəyik.

Möhtərəm Prezident, biz Sizi dəstəkləyirik. Azərbaycanın Qarabağ kimi çətin məsələsinin həlli istiqamətində apardığınız siyasətdə biz Sizin arxanızdayıq. Biz Azərbaycanın haqq işinin müdafiəsi, torpaqlarımızın azad edilməsi istiqamətində gördüyünüz işləri bəyənirik. Biz Allaha dualar oxuyuruq ki, bu məsələ İnşallah sülh yolu ilə tezliklə həll olunsun. Deyə bilərəm ki, bu gün Azərbaycan bölgədə lider dövlətdir. Sizin rəhbərliyinizlə Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. Ona görə tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan dövləti Qafqazda proseslərin sağlam məcrada getməsinə öz təsirini göstərir.

Siz din-dövlət münasibətlərinin inkişafında, mənəvi irsin qorunmasında çox böyük işlər görürsünüz. Ona görə də biz Sizə təşəkkürümüzü bildiririk.

Mənim bir neçə vəzifəm var. Bu zirvəyə dostum, qardaşım mərhum Heydər Əliyev həzrətlərinin vaxtında çıxa bilmişəm. Mən Qafqaz Müsəlmanları İdarəsinin, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB dövlətləri Müsəlman Dini Məşvərət Şurasının rəhbəri və Dinlərarası Dialoq Məşvərət Şurasının həmsədriyəm. Bunları sadalamaqda məqsədim odur ki, bu məsul vəzifələrə çatmağımda bir ustadım, bir müəllimim olmuşdur. Bu, unudulmaz Heydər Əliyev həzrətləridir. Allah-Təala ona rəhmət etsin. Onun hikmətli sözləri, müdrik kəlamları, uzaqgörən fikirləri bu gün də yaşayır və bizi irəliyə aparır. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının müftiləri tez-tez görüşür və ulu öndərin misilsiz xidmətlərini yada salırıq. Biz bu gün də onun qiymətli fikirlərindən istifadə edir və onun ruhuna dualar oxuyuruq. Çünki bu görüşdə iştirak edən müftilərin çoxu rəhmətlik ulu öndərimiz Heydər Əliyev ilə dəfələrlə görüşmüşdür. Onlar bu gün də onun xatirəsini ehtiramla anırlar. Əgər onun köməyi, göstərdiyi yol olmasaydı biz, şəxsən mən özüm bu zirvəyə çata bilməzdim.

Biz Qafqazda terrorun, qarşıdurmanın əleyhinəyik. Terrordan bizim müftilər də ziyan çəkmişlər. Onların bir neçəsi öldürülüb, şəhid olub. Çünki onlar haqq yolunda idilər. İndi onlar da, ulu öndərimiz Heydər Əliyev həzrətləri də aramızda yoxdurlar.

Sizin getdiyiniz yol haqq, ədalət yoludur. Bu yolda, Qafqazın firavanlığı, gələcəyi, xüsusən Azərbaycanın inkişafı naminə apardığınız bütün işlərdə biz Sizin yanınızdayıq. Siz dini dəyərlərimizin, məbədlərimizin, müqəddəs yerlərimizin qorunmasında, bərpa edilməsində çox böyük işlər görmüsünüz və görürsünüz. Bu işləriniz saymaqla qurtaran deyildir.

Burada əyləşənlərin hamısı Sizə, ailənizə, ulu öndərə çox böyük rəğbət bəsləyirlər, Sizə dualar edirlər. Allah-Təala bütün işlərinizə rəvac versin. Bizim yolumuz haqq yoludur. Yuxarıda Allahın, aşağıda Heydər Əliyevin göstərdiyi yoldur. Bizi bu yoldan heç bir şey döndərə bilməyəcəkdir.

Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsinin və Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Mərkəzinin sədri İsmayıl BERDİYEV dedi:

- Hörmətli İlham Heydər oğlu! Biz çox şadıq ki, yenidən burada, Azərbaycandayıq. Adətən insan o yerə getmək istəyir ki, orada onu sevirlər və yaxşı qarşılayırlar. Azərbaycanda biz bunu daim hiss edirik, buna görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Bu gün biz Qafqaz Xalqları Ali Dini Şurasının konfransında bu barədə, Bakının necə qurulması barədə danışmışıq. Biz buraya gələndə bunu görürük.

İ.Berdiyev Azərbaycandakı sürətli inkişafda Prezident İlham Əliyevin rolundan danışdı, bunu dövlətimizin başçısının öz xalqına olan məhəbbətinin təzahürü kimi səciyyələndirərək dedi:

- Mən Ruhani İdarəsinə daxil olanda orada həm sizin, həm də atanızın həcc ziyarətində çəkilmiş fotoşəkillərinizi gördüm. Mən müftinin adından Sizdən xahiş etmək istərdim ki, hamımız birlikdə, elə bu tərkibdə bir daha ziyarətə gedək.

Prezident İlham ƏLİYEV ölkədə gedən sürətli inkişaf proseslərindən, nəhəng infrastruktur layihələrinin icrasından, genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışdı.

Dövlətimizin başçısı daha sonra sülhün, sabitliyin və əmin-amanlığın önəminə toxunaraq terrorizmin regionda bu məsələlərə böyük təhlükə olduğunu bildirdi:

- Biz hamımız terrorizmə, ekstremizmə qarşı birlikdə mübarizə aparmalıyıq. Təkbaşına heç bir ölkə terrorizmə qalib gələ bilməz. Bu, bizim ümumi ağrılı yerimiz, ümumi bəlamızdır. Biz də terrorizmdən əziyyət çəkmişik. 1990-cı illərin əvvəlində burada 32 terror aktı törədilmişdir. Bu terror aktlarında iki min adam həlak olmuşdur. Bu partlayışlar metroda, avtobuslarda, bərələrdə törədilmişdir. Burada terror aktlarını erməni terror təşkilatları törədirdilər.

Çeçenistan Müsəlmanları Ruhani İdarəsinin sədri Sultan MİRZƏYEV Azərbaycana səfərindən şad olduğunu vurğulayaraq dedi:

- Dünən səhər mən Çeçenistan Respublikasının başçısı ilə danışanda o, Sizə salamlarını, möhkəm cansağlığı və uğurlar arzuladığını çatdırmağı xahiş etdi. O dedi: “Onunla mənim aramda oxşarlıq var – hər ikimiz öz atalarımızın yolunu davam etdiririk”. Biz Sizin rəhmətlik atanızı çox sevir və ona hörmət edirdik, Siz də onun işini davam etdirirsiniz. O, təməl qoymuşdur, ölkəni hərc-mərclikdən xilas etmişdir. Çeçenistan Respublikasında da eyni vəziyyət təkrarlanmışdır. Həqiqətən Əhməd Hacı Rəhimulla Çeçenistanı hərc-mərclik vəziyyətindən çıxarmışdır, orada tamam özbaşınalıq idi. O, bünövrə qoydu, bu gün isə onun oğlu Ramzan Əhmədoviç atasının işini davam etdirir. Həqiqətən çox böyük tərəqqi vardır. Sizin uğurlarınız, bu gün burada gördükləriniz bizi sevindirir. Hacı İsmayılın dediyi kimi, biz hər dəfə buraya gələndə bunları görürük, çoxlu yeniliklər olduğunu görürük və bu, bizi sevindirir.

Qeyd etmək istərdim ki, Rusiyanın cənubunda, Həştərxanda Sizin atanıza abidə ucaldılanda biz çox sevinmişdik. Biz həqiqətən fəxr edir və sevinirdik. Çünki Sizin atanız bizim də öndərimizdir, həm də ona görə ki, biz Sizin kimi, atanızı da həqiqətən sevirdik, hörmət edirdik və ona indi də ehtiram bəsləyirik. Bu gün biz onun məzarını ziyarət etdik, ruhuna dualar oxuduq. Biz əlbəttə bizim şeyximizin, ağsaqqalımızın sayəsində buraya gələndə hər dəfə bunu edirik. Bir daha sağ olun.

Sonra Şimali Osetiya – Alaniya Müsəlmanları Ruhani İdarəsinin sədri Hacımurad QATSALOV çıxış etdi:

- Hacı Sultan kimi, mən də bizim Prezident Taymuraz Mamsurovun dostluq salamını Sizə çatdırmaq istəyirəm. Biz Rusiya rəhbərliyinin Sizə necə münasibət bəslədiyini hiss edirik və bilirik. Rusiya da başa düşür ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli, ruhən güclü qonşudur.

MDB Dinlərarası Şurası Qəyyumlar Komitəsinin həmsədri Abbas ABBASOV görüşdə çıxış edərək dedi:

-Çox sağ olun ki, Siz vaxt tapıb bizim hörmətli qonaqlarımızı qəbul etdiniz. Mən də cavab olaraq qonaqlarımıza təşəkkür etmək istəyirəm ki, onlar işlərinin belə gərgin rejimində, - mən onların necə, hansı şəraitdə işlədiklərinin şahidi olmuşam, – bizim möhtərəm şeyxin dəvəti ilə Azərbaycana gəlməyə vaxt tapıblar.

Daha sonra Adıgey Müsəlmanları Ruhani İdarəsinin sədri Nurbiy YEMİJ Azərbaycanda dəfələrlə olduğunu, Bakıda son illər çox böyük dəyişikliklərin baş verdiyini bildirərək dedi:

- Hörmətli Prezident, qonağın gəlib-gəlməməsi ev sahibindən asılıdır. Əgər ev sahibi xeyirxah, qonaqpərvər olarsa, qonaqlar hökmən xoş əhval-ruhiyyə ilə onun yanına gələcəklər. Buna görə də biz Bakıya, Azərbaycana – həm Sizin, həm Azərbaycan xalqının, həm də şeyxin yanına öz evimiz kimi gəlirik. Biz iki-üç gün burada olarkən o qədər hörmət, Sizin xalqınızla ünsiyyət görürük, o qədər xeyirxahlıq hiss edirik ki, deməklə qurtarmaz. Bakı ilbəil deyil, aybaay deyil, saatbasaat inkişaf edir. Həqiqətən biz bu yaxınlarda burada olmuşduq, bu gün isə şəhəri gəzdikcə heyrətlənirik. Sizin nə qədər qüvvəniz, nə qədər imkanınız var! Siz bunlara yalnız Allahın köməyi ilə nail olursunuz.

Sizə, qardaşımız şeyxə, Azərbaycanın bütün sakinlərinə arzumuz budur ki, Azərbaycan yaxşı cəhətdən dünyaya nümunə olsun, Qafqazda ən çox inkişaf edən gözəl ölkə olsun. Çünki Azərbaycanın yerləşdiyi məkan Qafqazda ən gözəl məkandır. Qafqaz isə bizim ümumi evimizdir.

Əziz qardaşlar, mən sizə əmin-amanlıq, xoş güzəran, firavanlıq arzulayıram! Sağ olun.

Bölgədə sülhün, sabitliyin və əmin-amanlığın önəminə toxunan

Prezident İlham ƏLİYEV bəzi ölkələrdə İslam dininə qarşı aparılan təbliğatın və İslam dininin terrorizmlə eyniləşdirilməsi faktlarının yolverilməz olduğunu vurğulayaraq dedi:

- Biz islamofobiya təzahürlərinə qarşı mübarizə aparmaq üçün birlikdə işləməliyik və bu istiqamətdə işləyirik. Onlara qarşı birgə səylərlə mübarizə aparmalıyıq. Çünki bizim dinimiz sülh, qardaşlıq və ədalət dinidir. Lakin təbliğat, xüsusən Qərbdə antiislam təbliğatı, təəssüf ki, öz işini görür. Onlar “islamçı” terminini artıq terrorçuya bərabər tuturlar. Bu necə ola bilər?!

Xristian aləmində də, Asiyada da terror təşkilatları var. Biz ki “xristian ekstremisti” demirik. Biz ki belə demirik və heç vaxt demərik. Elə isə bəs biz nə üçün “islam ekstremisti” sözlərini eşidirik? Təəssüf ki, bunu müəyyən dairələr bilərəkdən edirlər. Bu, sadəcə, başa düşməmək deyildir, bunu şüurlu şəkildə edirlər. Təəssüf ki, belə bir siyasət var və biz ona qarşı mübarizə aparmalıyıq.

Prezident İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının işinə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photo