28 noyabr 2016, 16:00

Tural Əliyevdən, Şəmkir, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bu gün bir azərbaycanlı olaraq müstəqil respublikanın müstəqil vətəndaşıyıq. Hər bir vətəndaşımız bu sevinci yaşayır. Öz taleyimizi, öz müqəddəratımızı özümüz həll edirik. Öz dilimiz, mənəvi cəhətdən xalqımızın xarakterini özündə əks etdirən konstitusiyamız, öz bayrağımız, gerbimiz, ordumuz, xalqımızın iradəsini ifadə, vahidliyini tərənnüm edən, öz səsimizlə seçdiyimiz Prezidentimiz var. Bu imkanları bizə bəxş edən, bizi suveren hüququmuz və vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirən ulu öndərimiz Heydər Əliyev olub.

Bu gün bir çox ölkə vətəndaşlarının məhrum olduğu, lakin hər bir azərbaycanlının bu gündən sabaha çıxmaq ümidi, sözün əsl mənasında, milli sərvətimizdir. Ona görə ki, təhlükəsiz həyat şəraiti gələcəyimizin qarantıdır. Bütün bu vacib amilləri nəzərə alaraq mən bir azərbaycanlı gənci kimi öz dövlətim və Prezidentimlə fəxr edirəm, qürur duyuram. Çünki Prezidentimiz ən doğru yolun – Heydər Əliyevin siyasi kursunun, bizə sağlam gələcək bəxş edən siyasi dəsti-xəttinin davamçısıdır və bir azərbaycanlı kimi bu yola sadiqdir. Təbii ki, biz gənclər də düzü əyridən, ağı qaradan seçməyi bacarırıq və buna görə də daim Prezidentimizin arxasındayıq. Yaşasın Azərbaycan! Yaşasın Prezidentimiz!

Hörmətlə,

Əliyev Tural Məhərrəm oğlu.

Azərbaycan Respublikası, Şəmkir rayonu.