Gerb

05 dekabr 2016, 17:55

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Zərdab rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 30,5 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 40,0 dəfə artmış, Zərdab şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir edilmiş, Bayraq meydanı, Gənclər Mərkəzi, Uşaq-İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası inşa edilmiş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Zərdabda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2016-cı il.