Gerb

07 dekabr 2016, 10:20
W1siziisijiwmtyvmtivmdcva25qdgvyctlxxzeuslbhil0swyjwiiwidgh1bwiilci2ntr4mzi3iyjdxq?sha=c2f8bb432acdfbba

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşın etimadnaməsini qəbul edib.

Səfir Məhəmməd Adil Embarş fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Məhəmməd Adil Embarş etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Prezident İlham Əliyev səfir Məhəmməd Adil Embarşın Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı ölkəmizin bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğuladı. Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Prezident İlham Əliyev bunun artıq yaxşı bir ənənəyə çevrildiyini məmnunluqla qeyd etdi. Əməkdaşlığımıza dair digər sahələrin də müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdıran dövlətimizin başçısı xüsusilə qarşılıqlı ticarət səviyyəsinin çox aşağı olduğunu dedi, enerji, turizm və idxal-ixrac sahələrində də əməkdaşlığın önəmini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin potensialı və ixrac imkanları nəzərə alınmaqla ticarət dövriyyəsinin həcminin artırılmasının mümkünlüyünü bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin zəruriliyini qeyd etdi.

Səfir Məhəmməd Adil Embarş da öz növbəsində Mərakeşlə Azərbaycan arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd etdi və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini dedi. Məhəmməd Adil Embarş iqtisadi baxımdan bir çox istiqamətlərdə, xüsusilə enerji sahəsində əməkdaşlığın önəmindən bəhs etdi. Səfir ölkəsində Azərbaycana regionda əməkdaşlıq platforması kimi baxıldığını dedi, öz növbəsində Mərakeşin də Afrika ölkələri ilə əlaqələrin qurulması üçün platforma rolu oynaya biləcəyini vurğuladı.


Böyük ölçüdə