Möhtərəm cənab Prezident!
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illik yubiley mərasimi iştirakçıları Sizə - təhsil işçilərinin qayğıkeşi, ümummilli liderimiz Heydər Əliyevin milli təhsil quruculuğu strategiyasının ən layiqli davamçısına müraciət edərək dərin hörmət və ehtiramımızı bildirir, ən xoş arzularımızı çatdırırıq.
Möhtərəm cənab Prezident!
Sizin böyük uzaqgörənliklə söylədiyiniz - “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir” konseptual müddəanız bu gün ölkəmizdə uğurla həyata keçməkdədir. İftixar hissi ilə bildiririk ki, Sizin son illərdə ölkəmizdə həyata keçirdiyiniz böyük iqtisadi layihələr, genişmiqyaslı islahatçılıq və təşkilatçılıq fəaliyyətiniz, uğurlu daxili və xarici siyasətiniz nəticəsində doğma Azərbaycanımızın davamlı inkişaf strategiyası hazırlanmışdır. Bu strategiyanın reallaşması sayəsində ölkəmiz iqtisadi inkişaf göstəricilərinə görə dünyada və regionda lider dövlətə çevrilmişdir. Bütün sahələrdə, o cümlədən təhsil sektorunda elmi cəhətdən əsaslandırılmış məqsədli inkişaf proqramlarının hazırlanıb reallaşdırılması üçün əlverişli şərait yaradılmışdır. Təhsillə bağlı təsdiq etdiyiniz proqramlar məktəblərin infrastrukturunun təkmilləşdirilməsi, müasir avadanlıqlarla, dərsliklərlə, informasiya-kommunikasiya texnologiyaları ilə təchizatı, kadrlarla təminatı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, istedadlı uşaqların (gənclərin) üzə çıxarılması, məktəbəqədər təhsilin yeniləşdirilməsi, texniki peşə təhsilinin təkmilləşdirilməsi, azərbaycanlı gənclərin xaricdə təhsili və digər sahələri əhatə etmiş, davamlı inkişafa və təhsil alanlar üçün bərabər imkanların yaradılmasına yönəlmişdir. Ölkəmizdə yüzlərlə yeni məktəb tikilmiş, yenidən qurulmuş, müasir tədris avadanlıqları ilə təchiz edilmiş, kompyuterləşdirilmiş, milli-mənəvi dəyərləri özündə əks etdirən yeni dərsliklər hazırlanmışdır. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, bütün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar. Təhsildə qazanılan bütün uğurları Sizin təhsilə, təhsil işçilərinə, təhsil alanlara göstərdiyiniz diqqət və qayğının məntiqi nəticəsi kimi dəyərləndirir, bu istiqamətdəki fəaliyyətinizi yüksək qiymətləndiririk!
Möhtərəm cənab Prezident!
Sizin milli təhsilimizə, ittifaqımızın üzvü olan təhsil işçilərinə və təhsil alanlara göstərdiyiniz bu diqqət təşkilatımızın ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsindəki qayğılarını azaldır. Son illərdə təhsil işçilərinin və təhsil alanların sosial təminatının gücləndirilməsi istiqamətində verdiyiniz fərman və sərəncamlar nəticəsində təhsil işçilərinin əməkhaqqı, tələbələrin və aspirantların təqaüdü dəfələrlə artmış, yüzlərlə təhsil işçisi Prezident təqaüdü almış, orden və medallarla təltif edilmiş və fəxri adlara layiq görülmüşdür. Bütün bunlar isə təhsil işçilərini və təhsil alanları daha da yaxşı işləməyə və oxumağa ruhlandırır.
Möhtərəm cənab Prezident!
Biz - Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illik yubiley mərasiminin iştirakçıları, bütövlükdə ittifaqımızın 380 min üzvü Sizin doğma Azərbaycanımızın davamlı inkişafına yönəlmiş daxili və xarici siyasətinizi ürəkdən bəyəndiyimizi bir daha diqqətinizə çatdırmaqdan məmnunluq duyur, iftixar hissi keçiririk. Bundan sonra da Vətənimizin parlaq gələcəyi naminə Sizə daha böyük uğurlar, möhkəm cansağlığı arzulayırıq!
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 90 illik yubiley mərasimi iştirakçıları.
Bakı şəhəri, 9 iyun 2010-cu il.