01 fevral 2017, 13:23

İmamverdi İsmayılovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamınız bütün Azərbaycan ictimaiyyətində, xüsusilə məcburi köçkünlərimizdə böyük ruh yüksəkliyinə səbəb olub. Çünki Cocuq Mərcanlının yenidən qurulması əslində böyük qayıdışın başlanğıcıdır. Bu qərar məcburi köçkünlərimizdə öz doğma torpaqlarına qayıdacağı günün  uzaqda olmaması ilə bağlı inam hissini daha da gücləndirdi. Cocuq Mərcanlının bərpası ilə bağlı qərar ötən ilin aprelində cəbhə xəttində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatların nəticəsidir.

Qeyd etdiyiniz kimi, aprel döyüşləri Azərbaycan tarixində çox şərəfli səhifədir. Həmin hərbi əməliyyatlar zamanı silahlı qüvvələrimiz Sizin Ali Baş Komandanlığınız altında ən yüksək döyüş qabiliyyəti nümayiş etdirərək iki min hektardan artıq torpağımızı işğaldan azad etdi. Bunun nəticəsidir ki, artıq Cocuq Mərcanlıda sakinlərin rahat yaşayışını təmin etmək mümkündür.  Kəndin bərpası ilə bağlı qərar həm də onu təsdiq edir ki, erməni işğalçılarının ayağı bir daha bu torpaqlara dəyməyəcək. Çünki hərbi gücümüz imkan verir ki, Ermənistanın istənilən müdaxiləsinin qarşısı anındaca alınsın və düşmənə öldürücü zərbə vurulsun.

Cənab Prezident, hər kəs inanır ki, Sizin belə qərarlarınız hələ çox olacaq. Əminik ki, işğal altında olan digər şəhər və kəndlərimizin, qəsəbələrimizin  bərpası ilə bağlı sərəncamları imzalayacağınız günlər uzaqda deyil.

Hörmətlə,

İsmayılov İmamverdi İbiş oğlu,

Milli Məclisin deputatı.

Azərbaycan Respublikası, Bakı şəhəri.