11 fevral 2017, 15:00

Seymur Ağayevdən, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu ilin yanvarında Sizin rəhbərliyiniz ilə keçirilmiş 2016-cı ilin yekunlarına həsr olunan konfransda son illər səhiyyə sistemində görülən təxirəsalınmaz işlər haqqında söylədiyiniz fikirlər hər bir Azərbaycan vətəndaşında qürur hissi və xoş təəssürat oyatdı.

Hamıya yaxşı məlumdur ki, keçmiş SSRİ dövründən qalan səhiyyə ocaqları hansı vəziyyətdə idi. Artıq bu yararsız tibb ocaqları tarixin yaddaşına köçüb. Belə ki, qısa zaman ərzində Azərbaycanda 600-dən tibb ocağı əsaslı təmir olunub və yaxud yenidən qurulub, o cümlədən hər bir tibb müəssisəsi profilinə uyğun olaraq çağdaş tələblərə cavab verən müasir tibbi avadanlıqlarla təmin olunub. Sözsüz ki, bu, böyük nailiyyət və danılmaz faktdır. Aparılan islahatlar bir daha təsdiq etdi ki, Azərbaycan Respublikası həqiqətən doğru yoldadır. Ölkəmizin qazandığı uğurlar və inkişaf etməsi, həmçinin dünyanın sivil dövlətləri sırasında yer alması, sayılıb-seçilməsi, bir sözlə, bütün bu tərəqqi Sizin rəhbərliyiniz altında mümkün olub.

Məhz bu məqamda Sizin “biz neft kapitalını insan kapitalına çevirməliyik” kəlamınızdan yan keçmək qeyri-mümkündür. Beləliklə, heç bir tibbi avadanlıq insan əli, insan zəkası olmadan işləyə bilməz. Sizin elm və təhsil sahəsinə göstərdiyiniz diqqət  və qayğı nəticəsində gənclərimiz Azərbaycanda və onun hüdudlarından kənarda yüksək biliklərə yiyələnir, aparıcı xarici ölkələrdə təcrübə keçir, mövcud yenilikləri və nanotexnologiyaları Azərbaycana gətirir və beləliklə Sizin bu şüarınız tədricən reallaşır.

Bütün bunlara görə Sizə təşəkkür edirəm.

Mən bu ilin yanvar ayında anamı Ağsu rayonunun Ağabəyli kəndindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin gətirdim. Anamın hər iki gözündən mirvari suyu gəlirdi. Demək olar ki, heç nə görmürdü. Mərkəzdə bizi çox isti qarşıladılar və anamı dərhal müayinəyə apardılar. Göstərilən yüksək tibbi xidmətdən çox razı qaldıq. Sanki bir möcüzə ilə qarşılaşmışdıq. Yanvar ayının 26-da cərrahiyyə əməliyyat baş tutdu. Həkimlərin məsləhəti ilə əvvəlcə anamın ağır görən bir gözü əməliyyat olundu. İkinci gözün əməliyyat olunması isə mart ayına planlaşdırıldı. Aparılan müayinə və müalicə nəticəsində indi anam artıq dünya işığına həsrət deyil və yaxşı görür. İnanıram ki, ikinci əməliyyatdan sonra vəziyyət tamamilə yaxşı olacaq. Bütün tibbi xidmət, o cümlədən cərrahiyyə əməliyyatı dövlət  hesabına həyata keçirildi. Belə bir dövlətdə yaşadığım üçün özümüzü xoşbəxt sayıram.

Cənab Prezident, inanıram ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyiniz sayəsində daha böyük, daha yüksək səviyyəli tibbi xidmətlərlə təmin olunacaq, öz sağlamlıqlarını qoruya biləcək və yaxşı yaşayış tərzinə qovuşacaqlar.

Azərbaycan naminə gördüyünüz bütün məsuliyyətli və şərəfli işlərinizdə Sizə müvəffəqiyyətlər və möhkəm cansağlığı arzulayıram. Çox sağ olun.

Hörmətlə,    

Ağayev Seymur Ağakərim oğlu,

1-ci qrup əlil, təqaüdçü.

Azərbaycan Respublikası, Ağsu rayonu.