Gerb

11 fevral 2017, 17:00

Möhtərəm cənab Prezident,

2016-cı il tarixi hadisələrlə zəngin olub. Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər və əlavələrlə bağlı keçirilən, vətəndaşların ifadə azadlığının ali forması olan referendumda seçicilərin mütləq əksəriyyəti səs verməklə Sizin – Azərbaycanımızın vahid liderinin ətrafında sıx birlik nümayiş etdirdilər. Siz bütün fəaliyyətinizi Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, xalqın rifahının yüksəlməsinə istiqamətləndirmisiniz. Siz daxildə sülhə, milli həmrəyliyə nail olmaqla xaricdə müstəqil siyasət yürüdərək Azərbaycanın haqq səsini dünyaya yayırsınız. Referendum ölkəmizdə insanların hüquq və azadlıqlarının, seçki mədəniyyətinin necə yüksək səviyyədə olduğunu bir daha sübut etdi.

2016-cı ilin “Multikulturalizm ili” elan olunması bir sıra yüksək səviyyəli yaddaqalan tədbirlərlə tarixdə dərin iz buraxdı. Bunun davamı olaraq 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyiniz İslam dininə dərin hörmətinizin bariz nümunəsidir. Bu, həm də Sizin uzaqgörən siyasətinizin, dərin təfəkkürünüzün göstəricisidir.

Bu ilin yaddaqalan, xalqımıza şöhrət gətirən hadisələrdən biri də aprelin ilk günlərində Ordumuzun mənfur düşmənimiz üzərindəki cahanşümul qələbəsidir. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan xalqı ordu ilə birlikdədir. Bu, bir daha göstərdi ki, xalqımız çox əzmli və qüdrətlidir. Ordumuz hər an Vətən torpağını azad etməyə hazırdır.

Cənab Prezident,

Yanvarın 10-da Nazirlər Kabinetinin iclasında Siz ölkədə neft sektorundan asılılığı azaltmaq, kənd təsərrüfatının inkişafı məqsədilə mühüm tövsiyələr vermisiniz. Biz ağsaqqallar bu sahədə də əlimizdən gələni əsirgəməyəcəyik.

Sizin müdrik ideyalarınız əsasında sosial-iqtisadi, siyasi həyatınız beynəlxalq miqyasda nümunəyə çevrilir. Vətəndaşların problemlərinin həlli, sosial xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər ictimaiyyət  tərəfindən rəğbətlə qarşılanır. Ölkədə şəffaf mühitin yaradılması və insanların rifah halının yaxşılaşdırılması istiqamətində atdığınız hər bir addıma görə biz qubalılar Sizə minnətdarıq.

Müasir dünyada dövləti lazımı səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisad böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə tələb olunur. Xalqımız üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə Sizin kimi dərin zəkaya, analitik təfəkkürə malik, dünyada gedən siyasi-iqtisadi prosesləri yaxşı bilən dövlət xadimi rəhbərlik edir.

Cənab Prezident, Quba ictimaiyyətinin, həmçinin ağsaqqalların, ağbirçəklərin, arzusu budur ki, Uca Allahın nəzərindən heç vaxt kənarda qalmayasınız. Sizə, Azərbaycanımızı dünyaya tanıdan ailənizə, xüsusilə də xalqın cəfakeşi – çox hörmətli Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür, xalqımıza Sizinlə birlikdə səadət dolu günlər arzulayırıq. Əminik ki, göstərdiyiniz etimada nankorluq edənlər, xalqa arxa çevirənlər ali qanunlarımız qarşısında cavab verəcəklər.

Allah Sizi qorusun.

Quba rayon ağsaqqalları və ictimaiyyəti adından dərin hörmətlə,

Günəşli Həsən, Quba Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Quba rayonu.