Gerb

13 mart 2017, 18:00

Hörmətli cənab Prezident,

Sizi – xalqımızın ümummilli lideri Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi möhtərəm Prezidentimizi Azərbaycanın Milli Qəhrəmanı şəhid Çingiz Qurbanovun ailəsi adından salamlayır, qarşıdan gələn Novruz bayramınızı səmimi qəlbdən təbrik edirik.

Möhtərəm Prezident, Siz Ulu Öndərimizin layiqli davamçısı, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Sizin Azərbaycan xalqının firavan yaşaması, müstəqil dövlətimizin inkişafı, ordumuzun daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətiniz hamımızı sevindirir və hər bir Azərbaycan vətəndaşını Sizin rəhbərliyiniz altında daha yaxşı işləməyə ruhlandırır.

Ulu Öndərimiz müasir mütəşəkkil Azərbaycan Ordusunun qurucusudursa, bu Ordunu nəinki Qafqazın, eləcə də dünyanın ən güclü orduları səviyyəsinə yüksəldən müdrik və qətiyyətli Ali Baş Komandanımız məhz Sizsiniz, cənab Prezident!

Azərbaycan Ordusu ötən ilin aprel döyüşləri zamanı məhz Sizin rəhbərliyiniz altında düşmənin layiqli dərsini verdi və qələbə ilə nəticələnən bu dördgünlük savaş hərb tariximizə qızıl hərflərlə yazıldı. Sizin dediyiniz kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini göstərdi.

Mənim oğlum Çingiz Qurbanov da Azərbaycan Ordusunun əsgəri idi. Azərbaycan Texniki Universitetini bitirən kimi onu həqiqi hərbi xidmətə yola saldıq. Gənc əsgərlərin hazırlıq kursunu keçdikdən sonra cəbhə bölgəsində könüllü olaraq xidmətini davam etdirirdi. 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin silahlı diversiya qrupunun təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucaldı. Oğul itkisini heç nə əvəz edə bilməz. Bircə onunla təsəlli tapırıq ki, oğlumuz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olub. Təki Vətən sağ olsun!

Təəssüf ki, beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanın qeyri-insani hərəkətləri nəticəsində şəhidimizin cənazəsini 39 gün həsrətlə gözlədik. Cənab Prezident, yenə də Siz gözlərimizi yollardan yığdınız, həsrətimizə son qoydunuz. Sizin tapşırığınızla Müdafiə Nazirliyi rəhbərliyinin, müvafiq dövlət qurumların beynəlxalq təşkilatlarla apardığı müntəzəm və ardıcıl danışıqlar nəticəsində nəhayət oğlumuzun nəşi alınaraq böyük ehtiramla Bakıya gətirildi. Dövlət səviyyəsində, böyük izdihamla şəhidimiz son mənzilə yola salındı.

Sizin Sərəncamınızla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə oğlumuz əsgər Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi, xatirəsi əbədiləşdirildi. Çox sağ olun, cənab Prezident!

Sizinlə görüşümüz, bizi çox yüksək səviyyədə qəbul etməyiniz, şəhid oğlumuzun layiq görüldüyü “Qızıl Ulduz” medalını və yeni mənzilin orderini ailəmizə verməyiniz, dövlət səviyyəsində bütün problemlərimizin yüksək səviyyədə həlli, hərtərəfli qayğı ilə əhatə olunmağımız təkcə Qurbanovlar ailəsinə deyil, Vətən uğrunda həlak olan hər bir şəhidin ailəsinə göstərdiyiniz diqqət və qayğının təcəssümüdür.

Cənab Prezident, biz Qusar rayonundanıq. Mənim anam azərbaycanlı, atam isə ləzgidir. Azərbaycanda yaşayan, bu torpağı özünə Vətən hesab edən, bu ölkənin vətəndaşı olan ləzgilər də tarix boyu Azərbaycan dövlətinə və dövlətçiliyinə həmişə sadiq olub və bu gün də sadiqdirlər. Hələ 1918-ci ildə Quba soyqırımı zamanı bizim ulu babalarımız da azərbaycanlılarla bir cəbhədə, bir səngərdə erməni daşnaklarına qarşı mərdliklə vuruşmuş, şəhid olmuşlar.

Qarabağ savaşında neçə-neçə qusarlı Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşub, orden və medallara layiq görülüb, şəhidlik zirvəsinə ucalıbdır.

Qusar Ulu Öndərimizin Vətən qarşısında xidmətlərini həmişə yüksək qiymətləndirdiyi general Mahmud Əbilovun, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin, Milli Qəhrəman Fəxrəddin Musayevin vətənidir.

Gənclərin ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi bizim rayonumuzda da başlıca məsələlərdəndir. Hər bir valideyn çalışır ki, Vətənə layiq vətəndaş yetişdirsin.

Tarixi düşmənlərimiz bu gün də Azərbaycanda dostluq və qardaşlıq şəraitində yaşayan xalqların arasına ədavət toxumu səpmək, onları qarşı-qarşıya qoymaq istəyirlər. Lakin onlar birdəfəlik bilməlidirlər ki, Azərbaycanda yaşayan xalqların Mübariz, Fərid, Çingiz kimi minlərlə, on minlərlə vətənpərvər oğlu və bu oğulların xidmətlərini yüksək qiymətləndirən, onların adlarını əbədiləşdirən Sizin kimi müdrik Prezidentimiz var.

Cənab Prezident, Heydər Əliyev Fondunun prezidenti, xalqımızın görkəmli qızı, sadə, xeyirxah və alicənab insan olan çox hörmətli Mehriban xanımı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməyiniz biz qusarlıları da çox sevindirdi. Fürsətdən istifadə edərək, əzizimiz Mehriban xanım Əliyevaya da səmimi təbriklərimizi çatdırırıq.

Əmin ola bilərsiniz ki, biz – şəhid Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri, onun həmyerliləri də Azərbaycan naminə Sizin hər bir əmrinizə hazırıq.

Ailəmizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq, möhtərəm cənab Prezident!

Şəhid Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi adından dərin hörmətlə,

Salman Qurban oğlu Qurbanov, şəhid atası.

Azərbaycan Respublikası, Qusar rayonu.