03 aprel 2017, 16:20

Əliqismət Bədəlovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin yüksək diqqət və qayğınız, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonlarda abadlıq-quruculuq işləri geniş vüsət alıb, yeni iş yerləri yaradılıb və əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşır.

Saatlı-Sarıcalar yolunun kənarına çoxlu sayda ağacın və bəzək kollarının əkilməsi, mədəniyyət sarayının bərpası, onun ətrafında abadlıq işlərinin aparılması, pambıq əkini sahələrinin artırılması və bunun nəticəsində yeni iş yerlərinin yaradılması hamımızı sevindirir.

Bu günlərdə Saatlı rayonuna səfəriniz zamanı daha bir neçə obyektin, müasir tələblər səviyyəsində qurulmuş kənd yollarının açılışı oldu. Saatlıda ilk dəfə olaraq pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Saatlıdan olan bir vətəndaş kimi, bütün bunlar məndə qürur hissi yaratdı.

Cənab Prezident, bu gün Saatlı rayonunun demək olar ki, bütün sakinləri Sizin ətrafınızda sıx birləşib və həyata keçirdiyiniz siyasi kursu dəstəkləyirlər. Biz hamılıqla Sizinləyik və Sizin kimi Prezidentimiz olmasından qürur hissi keçiririk.

Hörmətlə,

Bədəlov Əliqismət Əjdər oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.