07 aprel 2017, 12:00

Nicat Məhəmmədlidən, Qəbələ, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu günlər tarixi aprel döyüşlərində qazandığımız qələbənin ildönümünü qeyd edirik. Ordumuzun əks-hücumu nəticəsində minlərlə hektar ərazimizin işğaldan azad edilməsi Sizin və Azərbaycan xalqının uğurudur. Sizin dediyiniz kimi, Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Çünki Sizin komandanlığınız altında güclü ordumuz formalaşıb. Bir vətəndaş kimi mən buna çox sevinirəm. Ordumuz bizim qürurumuz, dövlətimiz baş tacımız, Vətənimiz and yerimizdir.

Cənab Ali Baş Komandan, inanıram ki, biz işğal altında olan bütün torpaqlarımızı Ordumuza göstərdiyiniz böyük diqqət sayəsində azad edəcəyik. Bu yolda Sizə uğurlar, Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusuna çoxlu qələbələr arzulayıram.

Ölkəmizin, Ordumuzun güclənməsi yolunda gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Məhəmmədli Nicat Rəfayıl oğlu.

Azərbaycan Respublikası, Qəbələ rayonu.