21 aprel 2017, 18:00

Mais Cəfərovdan, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan Respublikası Sizin tərəfinizdən yürüdülən qətiyyətli daxili və xarici, sosial-iqtisadi siyasət nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub, bütün sahələrdə müsbət göstəricilərə imza atıb. Artıq beynəlxalq aləmdə öz layiqli yerini tutan, dayanıqlı davamlı iqtisadi inkişafa nail olan Azərbaycan dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilib. Ötən hər ay, hər il əldə olunan uğurlarla tarixə düşür. Reallaşdırılan mühüm layihələr nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyatın şaxələndirilməsi uğurla təmin olunur, özəl sektorun, sahibkarlığın inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti formalaşır.

Sizin müvafiq Fərmanınıza təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm bir addım kimi qiymətləndirilməlidir. Qanunun qəbul edilməsi bütün sahibkarlar kimi, mənim də ürəyimcədir.

Hörmətli cənab Prezident, bir çox sahələrə göstərdiyiniz dəstək və qayğıya, eləcə də sahibkarlıq sahəsində yaratdığınız sağlam mühitə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanın daha böyük qələbələr əldə etməsi, çiçəklənməsi yolunda uğurlar arzulayıram. 

Hörmətlə,

Cəfərov Mais Ədalət oğlu,

Sahibkar.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Nərimankənd kəndi.