“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 aprel 2017, 18:02

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bənddə “1.4-1.6-cı” sözləri “1.4-1.7-ci” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nın 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2017-ci il.