01 may 2017, 16:00

Nasir Mustafazadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan inşaatçılarının təltif edilməsi haqqında imzaladığınız Sərəncama əsasən, mən “Əməkdar Mühəndis” fəxri adına layiq görülmüşəm. Bu adın həm çox şərəfli, həm də çox məsuliyyətli olduğunu qeyd edərək, tikinti-quruculuq fəaliyyətimə verdiyiniz qiymətə görə Sizə kollektivimiz və öz adımdan dərin təşəkkürümü bildirirəm. “Əməkdar Mühəndis” fəxri adını hər zaman ehtiram və şərəflə daşıyacaq, respublikanın tikinti sektorunun inkişafı üçün inşaatçı-mühəndis bacarığımı və təcrübəmi əsirgəməyəcəyəm.

Sizin yüksək diqqət və qayğınız, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonlarda abadlıq-quruculuq işləri geniş vüsət alıb, yeni iş yerləri yaradılıb və əhalinin həyat səviyyəsi getdikcə yaxşılaşır. Ölkəmiz nəhəng tikinti meydançasını xatırladır və bütün quruculuq prosesi Sizin şəxsi nəzarətiniz altında uğurla həyata keçirilir. Məcburi köçkün qəsəbələrinin açılışında Sizinlə bütün görüşlərimiz bizim üçün ən unudulmaz anlardır və bizi gələcəkdə daha böyük masştablı işlər üçün ruhlandırır.

Cənab Prezident, bu yüksək adı ölkə inşaatçılarının əməyinə verilən dəyər, diqqət və qayğı kimi qiymətləndirərək, Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Ölkəmiz və xalqımız üçün gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident! Allahdan Sizə möhkəm cansağlığı və uzun ömür diləyirəm. 

Dərin hörmət və ehtiramla,

Mustafazadə Nasir Nadir oğlu

“Azəri Servis LTD” MMC

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.