Gerb

11 may 2017, 14:00

Möhtərəm cənab Prezident,

Sizin Sərəncamınızla mənə “Əməkdar Mədəniyyət işçisi” fəxri adının verilməsindən hədsiz sevinc və qürur hissi keçirirəm. Məni belə bir şərəfli ada layiq gördüyünüz üçün Sizə sonsuz təşəkkürümü bildirirəm. Ömrümün 40 ilini həsr etdiyim xalçaçılığın inkişafına bu gün Sizin göstərdiyiniz diqqət və qayğı mənim mənsub olduğum Qarabağ xalçaçılıq məktəbinin öz tarixi ənənələrini yaşatmasına və daha da zənginləşdirməsinə şərait yaradır. Biz fəxr edirik ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli xalçaçılıq sənətimiz də UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsin qorunması üzrə reprezantativ siyahısına daxil edilib. Azərbaycan xalçaçılıq sənətinin beynəlxalq miqyasda tanınması bizi daha böyük həvəslə, əzmkarlıqla çalışmağa ruhlandırır. Bu gün yüzlərlə Qarabağ xalçaçısı Sizin Sərəncamınızla yaradılmış “Azərxalça” ASC-nin Ağdamda inşa etdiyi xalça sexinin açılmasını səbirsizliklə gözləyir.

Möhtərəm cənab Prezident, bir daha Sizə təşəkkür edir, Sizə və Mehriban xanıma, övladlarınıza möhkəm cansağlığı, uzun ömür, xalqımızın ülvi arzularının gerçəkləşməsi, müstəqil dövlətimizin daha da güclənməsi və qüdrətlənməsi naminə səmərəli fəaliyyətinizdə uğurlar diləyirəm.

Cənab Prezident, biz ağdamlılar inanırıq ki, işğal olunmuş torpaqlarımız Sizin rəhbərliyiniz ilə tezliklə işğaldan azad olunacaq və Ağdam xalçasının şöhrəti bütün dünyaya yayılacaq.

Böyük hörmətlə,

Əliyeva Ceyran Müzəffər qızı, Əməkdar Mədəniyyət İşçisi, xalça ustası

Azərbaycan Respublikası, Ağdam rayon.