Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

08 iyun 2017, 18:08

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik olan ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bu illər ərzində daim möhkəmlənib, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli yüksəlişlə müşayiət olunub.

Biz Tacikistan-Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatmasını qiymətləndiririk və ölkələrimizin müasir qarşılıqlı münasibətlərinin yeni praktiki məzmun kəsb etməsində maraqlıyıq.

Əmin olduğumu bildirirəm ki, xalqlarımızın və dövlətlərimizin köklü maraqlarına cavab verən Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinə ümumi səylərimizlə daha böyük səmərə və dinamizm verə bilərik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm.

Səmimiyyətlə,

Emoməli Rəhmon

Tacikistan Respublikasının Prezidenti