14 iyun 2017, 12:55

Mürsəl Qurbanovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyiniz sərəncamlar kənd təsərrüfatı ilə məşğul olan sakinlərin rifahının yüksəldilməsinə xidmət edir.

Mən bir fermer kimi kənd təsərrüfatının bir çox sahələri ilə məşğul oluram və ona görə də bu sahənin inkişafı ilə bağlı həyata keçirdiyiniz bu siyasətinizi bəyənir və ürəkdən dəstəkləyirəm.

Mən 2016-cı ildə 30 hektar sahədə pambıq əkini aparmışdım. Biz fermerlərə göstərdiyiniz qayğıdan ilhamlanaraq bu il bu sahəni daha da genişləndirərək 95 hektara çatdırmışam. Uzun fasilədən sonra tarlalarda yenidən canlanma baş verib. Hər kəs maddi vəziyyətinin daha da yüksəlməsi üçün “ağ qızıl”ın əkilib-becərilməsində həvəslə çalışır.

Cənab Prezident, şəxsən öz adımdan və kənd təsərrüfatı ilə səmərəli məşğul olmaqda mənə dəstək olan hər bir şəxs adından Sizə təşəkkür edirəm.

Hörmətlə,

Qurbanov Mürsəl Bakir oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.