Gerb

14 iyun 2017, 14:50

Hörmətli cənab Prezident,

Biz – Lənkəran şəhərinin sakinləri hazırda yaşadığımız çoxmərtəbəli yaşayış binalarının əsaslı təmiri ilə bağlı imzaladığınız Sərəncamınızı böyük sevinc hissi ilə qarşıladıq. Buna görə Sizə sonsuz minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk. Siz bir daha sübut etdiniz ki, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz və daim xalqın istəklərini, arzularını əməli işinizlə yerinə yetirirsiniz. Məhz Sizin parlaq fəaliyyətinizin nəticəsidir ki, xalqı narahat edən çoxillik problemlər qısa müddətdə həllini tapır. Bununla bağlı verdiyiniz tapşırıqların vaxtında və sürətlə icra edilməsi hər birimizi hədsiz sevindirir və bizdə xoşbəxt gələcəyə, təhlükəsiz yaşayışımıza əminlik, inam yaradır.

Dərin minnətdarlıq hissi ilə qeyd etmək istəyirik ki, Azərbaycanın hər bir guşəsi kimi, Lənkəran da hələ ulu öndərimiz Heydər Əliyevin yüksək diqqət və qayğısının davamlı olaraq şahidi olmuşdur. Sevinirik ki, biz lənkəranlılar bu gün bu diqqəti Sizin doğma münasibətinizdən görürük. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəran şəhərində də tikinti, abadlıq, quruculuq işləri görülür və sakinlərin qarşılaşdıqları problemlərin həlli istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Lənkəran rayonunda yeni yol layihələri icra olunub, təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri inşa edilib, gözəl parklar və xiyabanlar salınıb. Ən əsası Lənkəran şəhərində çoxlu sakinin yaşadığı və qəzalı vəziyyətdə olan çoxmərtəbəli yaşayış binaları əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilməkdədir.

Cənab Prezident, köhnə yaşayış binalarının təmiri ilə bağlı imzaladığınız Sərəncam bir daha təsdiq etdi ki, Sizin misilsiz fəaliyyətinizin əsasında Azərbaycan vətəndaşı, onun istək və arzuları, problem və qayğıları dayanır. Xalqımızla birlikdə biz lənkəranlılar da qəti şəkildə inanırıq ki, Ümummilli Liderimizin qurub yaratdığı müstəqil Azərbaycanımız Sizin müdrik rəhbərliyiniz ilə daim inkişaf edəcək, dünyanın ən qüdrətli dövlətlərindən biri olacaq.

Möhtərəm Prezident, yaşlı insanlar, qadınlar və uşaqlar adından Sizə təşəkkür edirik. Bu böyük sevinci bizə bəxş etdiyinizə görə hamılıqla Sizə “Çox sağ olun” deyirik.

Allah Sizi və dövlətimizi qorusun.

Hörmətlə,

Vəliyev Aftandil İbrahim oğlu

Nəsirova Güldəstə Əlabbas qızı

Əkbərov Telman Firudin oğlu

Abbasov Ağadadaş Mirbahadur oğlu və başqaları (cəmi: 31 nəfər).

Azərbaycan Respublikası, Lənkəran şəhəri