14 iyun 2017, 18:00

6 nömrəli məktəb-liseyin şagirdlərindən, Bakı, Azərbaycan

Əziz və hörmətli cənab Prezident,

Biz Sizinlə fəxr edirik! Fəxr edirik ki, dünyada Sizin kimi böyük nüfuz sahibi və görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik edir. Qürur duyuruq ki, Sizin kimi dahi şəxsiyyətin məzunu olduğu məktəbdə təhsil alırıq.

Bu gün Sizin Azərbaycanımıza qazandırdığınız uğurları fərəhlə izləyir, əldə olunan qələbələri böyük sevinc hissi ilə qarşılayırıq.

Sizin dərin zəkanız, qeyri-adi istedadınız, sarsılmaz iradənizlə həyata keçirilən müdrik siyasətiniz nəinki ölkəmizdə, eləcə də bütün dünyada rəğbətlə qarşılanır, ölkəmizin nüfuzunu günbəgün artırır. Sizin parlaq fəaliyyətiniz sayəsində biz gənc nəslin nümayəndələri Azərbaycanda əmin-amalıq şəraitində yaşayır, təhsil alır, yaradılan bu şəraitdən bəhrələnərək daha da inkişaf edirik. Bu gün Azərbaycan qazandığı nailiyyətlərlə bütün dünya tərəfindən qəbul olunur və onun layiqli, əhəmiyyətli bir hissəsi kimi çıxış edir.

Sizin uğurlu və möhtəşəm fəaliyyətiniz, həyat yolunuz hər bir vətənpərvər azərbaycanlı üçün bir nümunədir və bizim kimi yeniyetmə və gəncləri həvəslə oxumağa, biliklərə yiyələnməyə, daha da çox çalışmağa ruhlandırır.

Əziz Prezidentimiz, həyata keçirdiyiniz bu tarixi işlərə görə biz şagirdlər Sizə minnətdarıq. Minnətdarıq ki, məhz Sizin xüsusi diqqət və qayğınız sayəsində biz bu müasir məktəbdə oxuyuruq. O məktəbdə ki, Sizin Sərəncamınızla sökülərək yenidən, ən yüksək standartlara uyğun tikilmiş və iştirakınızla istifadəyə verilmişdir. Bu gün Sizin kimi dahi, dünya şöhrətli siyasi xadimin fəxri məzunu olduğu belə bir məktəbdə oxumaq bizim hər birimiz üçün böyük xoşbəxtlik və şərəfdir.

Hörmətli cənab Prezident, bizə yaratdığınız şəraitə, məktəbimizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir, səmimi və xoş arzularımızı çatdırır, taleyüklü işlərinizdə uğurlar, yeni qələbələr arzulayırıq.

Bir daha bildiririk ki, biz Sizinlə fəxr edirik!

Hər zaman Sizə sadiq olan Bakı şəhəri, Səbail rayonu, 6 nömrəli məktəb-liseyin şagirdləri

Hörmətlə,

Bakı şəhəri, Səbail rayonu, 6 nömrəli məktəb-liseyin şagirdləri

(Müraciət 6 nömrəli məktəb-liseydə keçirilən Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfransda qəbul edilib)

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.