16 iyun 2017, 14:20

Hamlet Əliyev və başqalarından, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz – Astara rayonunun bütün sakinləri, o cümlədən ağsaqqalları, ziyalıları və gəncləri həyata keçirdiyiniz uğurlu daxili və xarici, sosial-iqtisadi siyasətinizi ürəkdən bəyənir, regionların sosial-iqtisadi inkişafına yönəlmiş proqramların icrasını Sizin hər bir rayonun, qəsəbənin və kəndin insanlarına olan ən yüksək qayğı və diqqətinizin nümunəsi kimi qiymətləndiririk.

Sizin rəhbərliyiniz ilə müstəqil Azərbaycanımızın beynəlxalq aləmdə qazandığı nailiyyətlər, regionlarımızın abadlaşması, xalqımızın həyat səviyyəsinin gündən-günə yüksəlməsi bizi hədsiz sevindirir, daha əzmlə işləməyə, xalqa xidmət etməyə həvəsləndirir. Bütün istiqamətlərdə qəbul olunmuş Dövlət proqramlarının icrası ölkəmizin siyasi, iqtisadi və sosial sahələrdə dinamik və hərtərəfli inkişafını təmin edir. 

Müasir Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin layiqli siyasi varisi kimi ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün həyata keçirdiyiniz məqsədyönlü tədbirlər, müstəqil dövlətimizin bölgədə lider ölkəyə çevrilməsində əvəzsiz xidmətləriniz qədirbilən xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Möhtərəm Prezident, Sizin dahiliyiniz, böyüklüyünüz ondadır ki, həmişə xalqla birlikdəsiniz, heç bir məsələ diqqətinizdən və qayğınızdan kənarda qalmır. Siz yorulmaq  bilmədən Azərbaycan rayonlarına səfərlər edir, sadə insanlarla görüşlər keçirir, mövcud problemləri ən qısa müddətdə aradan qaldırmaq üçün sərəncamlar və tapşırıqlar verməklə bir daha Vətənə, xalqa olan sonsuz sevginizi bariz şəkildə sübut edirsiniz.

Sizin diqqət və qayğınızla Azərbaycanın cənub qapısı olan Astara rayonu da son illər böyük inkişaf yolu keçərək respublikamızın ən yaraşıqlı, abad rayonlarından birinə çevrilib. Xoşbəxt, firavan həyatımızın təmin olunması üçün verdiyiniz dəyərli sərəncamlar rayonumuzun tarixinin ən şanlı səhifəsidir. Şəhər, qəsəbə və kəndlərdə sosial obyektlər inşa olunur, ən ucqar dağ kəndlərinə on kilometrlərlə uzunluqda asfalt yollar çəkilir, körpülər salınır, insanların rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir.

Sizin Astara rayonunun sosial-iqtisadi inkişafı, xüsusən rayonun ucqar dağlıq əraziləri olan, mərkəzdən 35-45 kilometr aralıda yerləşən Deqədi-Pəlikəş, Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə əlaqədar imzaladığınız sərəncamlar bizi hədsiz sevindirdi, Astaramızın tarixinə qızıl hərflərlə yazıldı. Çox mürəkkəb relyefə malik, yol çəkilişi demək olar ki, mümkünsüz hesab edilən bu kəndlərin sakinlərinin sevinci indi hədsizdir. İnsanların xəyallarına gətirmədiyi bu cür möhtəşəm layihələrin reallaşması, ən ucqar kəndlərimizin hərtərəfli, sürətli inkişafı, cənab Prezident, Sizin Astaraya və astaralılara olan hədsiz diqqət və qayğınızın davamlı sübutu, müstəqil Azərbaycanımızın sürətli inkişafının bariz nümunəsidir.

Sizin tövsiyə və tapşırığınıza əsasən, Astara şəhərinin Xəzər dənizi sahilində kol və qamışların örtdüyü, keçilməz bataqlığa çevrilmiş bir ərazi abadlaşdırılaraq orada park-bulvar kompleksi salındı. Sizin xeyir-duanızla  2015-ci ilin aprel ayında istifadəyə verilmiş bu gözəl məkan Astara sakinləri ilə yanaşı, qonşu rayonlardan və İran İslam Respublikasından gələn qonaqların və turistlərin də sevimli istirahət yerinə çevrilib.

İran İslam Respublikasından ölkəmizə açılan qapının birbaşa təmas yerində olan park-bulvara bitişik geniş bir ərazi də uzun müddət istifadəsiz qalaraq yarasız hala düşmüşdü. Bu bataqlıq ərazinin qurudularaq park-bulvarın ərazisinin genişləndirilməsi astaralıların ən böyük arzularından biri idi.

Möhtərəm cənab Prezident, bu il iyunun 8-də imzaladığınız Sərəncamla sakinlərimizin bu arzusu da çin oldu. Televizordan Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi üçün vəsait ayrılması barədə Sərəncamınızı eşidəndə sevincimiz yerə-göyə sığmadı. Həmin tarixi gecədə hamı şadyanalıq etdi, bir-birinə təbriklər söylədi. Sizin xalqa, Vətənə, ölkəmizin hər bir guşəsinə, elinə, obasına hədsiz sədaqətinizdən məhəbbətlə söhbət açdılar. Bu tarix həyatımızın ən əlamətdar günlərindən biri kimi daim yaddaşlarda qalacaqdır. Bu, Sizin bütün astaralılara əvəzsiz töhfəniz və əsl qayğınızdır.

Park-bulvarın ərazisi genişləndiriləndən sonra ətrafda yaradılacaq müasir turizm infrastrukturunun – mehmanxana və otellərin, idman-əyləncə, iaşə obyektlərinin şəhərə necə gözəllik verəcəyini təsəvvür etdikcə fərəhlənirik.

Çox hörmətli Prezidentimiz, zərgər dəqiqliyi  ilə ölçülüb-biçilmiş daxili və xarici siyasətinizi bəyənir, Sizə inanır və arxalanırıq. Ətrafınızda sıx birləşərək ölkəmizin rifahı üçün gördüyünüz bütün işlərdə Sizinləyik.

Doğma Vətənə və xalqa olan böyük sevginiz qarşısında baş əyir, Sizə Ulu Tanrıdan möhkəm cansağlığı, Azərbaycanın daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Astara rayonun ağsaqqalları, ziyalıları və gəncləri adından dərin hörmət və ehtiramla,

Əliyev Hamlet Murtuza oğlu

Əliyev Rafiq Hacıağa oğlu

Qasımov Bayraməli Qulam oğlu və başqaları (cəmi: 25 nəfər).

Azərbaycan Respublikası, Astara rayonu.