Gerb

16 iyun 2017, 23:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

4.1. bu Fərmanla təsdiq edilmiş hər iki Qaydanın tələblərinə vergi ödəyiciləri tərəfindən ciddi əməl olunmasına nəzarətin həyata keçirilməsini təmin etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırmaqla, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 7-ci hissəsində və 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 9-cu hissəsində nəzərdə tutulan ciddi hesabat blanklarının formasını bir ay müddətində təsdiq edib, həmin normativ hüquqi aktın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Bu Fərmanın 1-ci, 2-ci və 4-cü hissələri 2017-ci il iyulun 15-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2017-ci il.