İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası

16 iyun 2017, 23:12

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 16 iyun tarixli Fərmanı ilə
təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Bu Qaydanın məqsədi istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. təhtəlhesab şəxs – inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs;

1.3.2. kommersiya (satış) təmsilçisi – hazır məhsulların sifarişçilərə çatdırılması ilə bağlı sahibkarı təmsil edən və onun adından müqavilə bağlayan şəxs;

1.3.3. istehsal fəaliyyəti – maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyət prosesi;

1.3.4. əsas istehsal sahəsi – müəssisənin (fərdi sahibkarın) sahibkarlıq fəaliyyətinin əsas məqsədi hesab edilən məhsulların istehsalının başa çatdırıldığı istehsal sahəsi;

1.3.5. köməkçi istehsal sahəsi – müəssisənin (fərdi sahibkarın) sahibkarlıq fəaliyyətinin əsas məqsədi hesab edilən məhsulların komponentlərinin (yarımfabrikatlarının) istehsal olunduğu, habelə onların istehsalı ilə bağlı işlərin görüldüyü və xidmətlərin göstərildiyi istehsal sahəsi;

1.3.6. istehsal ehtiyatı – istehsal prosesində istifadə olunan mal-material.

1.4. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

2. Gəlir və xərclərin uçotunun aparılması

2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar.

2.2. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar.

3. İstehsal sahəsində istehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməsi

3.1. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi üçün vergi orqanlarında uçotda olan şəxslərdən, o cümlədən malsatan və podratçılardan satın alınan istehsal ehtiyatları aşağıdakı qaydada sənədləşdirilir:

3.1.1. istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını əlavə dəyər vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir;

3.1.2. istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri istehsal ehtiyatlarını ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturasının da verilməsi tələb edilir və belə malların anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

3.2. İstehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. “İstehsal ehtiyatlarının alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

3.3. Vergi ödəyicisi istehsal ehtiyatlarını təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsə vəkalətnamə (etibarnamə) verir. İstehsal ehtiyatlarının alışı zamanı təhtəlhesab şəxs satıcıya vəkalətnamə (etibarnamə) təqdim etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə) verən vergi ödəyicisinin adına sənədləşdirilmiş istehsal ehtiyatlarının satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir. Təhtəlhesab şəxsin istehsal ehtiyatlarını anbara və ya istehsal sahəsinə təhvil verməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

3.4. İdxal olunan istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə mədaxili alış dəyərini təsdiq edən sənəd və istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə təhvil verilməsi ilə bağlı tərtib olunan “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal olunan istehsal ehtiyatları uçota alınarkən həmin istehsal ehtiyatlarının idxalına dair gömrük bəyannamələri, faktura (invoys) və istehsal ehtiyatlarının satın alınmasına dair müqavilə əsas götürülür. Həmin sənədlərə idxal olunan istehsal ehtiyatlarının daşınmasına dair müqavilə, gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə – müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənədlər əlavə edilir. İdxal olunan istehsal ehtiyatları uçot sənədlərində qeydiyyata alınarkən həmin istehsal ehtiyatlarının alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin, istehsal ehtiyatlarının yüklənmə, boşaldılma, yenidən yüklənmə və sığorta xərclərinin cəmi nəzərə alınır.

3.5. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. İstehsal fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) istehsal fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

3.6. İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisi istehsal ehtiyatlarını malgöndərənlərlə bağlanmış müqavilələrə uyğun olaraq “Alış sifarişi” təqdim etməklə aldıqda, həmin istehsal ehtiyatlarının sənədləşdirilməsi bu Qaydanın 3.1-ci və 3.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

3.7. İstehsal ehtiyatlarının anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır.

4. İstehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının sənədləşdirilməsi

4.1. Əsas və köməkçi istehsalat sahələrinə istehsal ehtiyatları istehsal sahəsinə məsul şəxsin (texnoloq, baş mühəndis, istehsal sahəsinin rəhbəri) sifarişi (tələbi) əsasında buraxılır. Sifariş (tələb) məsul şəxs (texnoloq, baş mühəndis, istehsal sahəsinin rəhbəri) tərəfindən imzalanmış və müəssisə rəhbəri (fərdi sahibkar) və ya onların səlahiyyətli nümayəndələri tərəfindən təsdiq edilmiş normativlər əsasında tərtib edilir. Bu zaman məsul şəxs tərəfindən “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi” tərtib edilir. Həmin tələbnamə məsul şəxs (texnoloq, baş mühəndis və ya istehsal sahəsinin rəhbəri) tərəfindən təsdiq edilməklə istehsal ehtiyatları anbarına təqdim edilir.

4.2. İstehsal ehtiyatları anbarının məsul şəxsi tərəfindən alınmış tələbnamə əsasında istehsal ehtiyatları hazırlanır və “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası” tərtib edilərək istehsal ehtiyatları sifarişçiyə (məhsul istehsalı üçün texnoloqa, hazır məhsulun qablaşdırılması üçün isə sex rəisinə (müavinə) təqdim edilir.

4.3. Əsas istehsal sahəsinin məsul şəxsi tərəfindən hazır məhsulun istehsalı üçün tələb olunan köməkçi istehsalat məhsullarından ötrü yazılı sifariş tərtib edilir və həmin sifariş məsul şəxslər tərəfindən (texnoloq, baş mühəndis, istehsal sahəsinin rəhbəri) təsdiq edilir.

4.4. Sifariş əsasında istehsal edilmiş məhsullar köməkçi istehsal sahəsinin məsul şəxsi tərəfindən “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası” tərtib edilərək əsas istehsal sahəsinə buraxılır.

4.5. Vergi ödəyicisinə məxsus anbarlar və ya obyektlər (təsərrüfat subyektləri) məhsul istehsalı fəaliyyəti üzrə obyektin (təsərrüfat subyektinin) hüdudlarından kənarda yerləşdikdə və hazır məhsulların daşınması nəqliyyat vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə əlavə olaraq “Yük avtonəqliyyatı üçün yol vərəqi” verilir.

5. Hazır məhsulların anbara mədaxilinin sənədləşdirilməsi

5.1. İstehsalı başa çatmış hazır məhsullar bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal olunmuş hazır məhsullar “Hazır məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə təhvil verilir.

5.2. “Hazır məhsulların təhvil-qəbul aktı”nda məhsullar kəmiyyət ifadəsində əks olunur.

5.3. Anbara təhvil verilmiş hazır məhsullarla bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal xərcləri əsasında qiymətləndirilmiş dəyərlə uçota alınır.

5.4. Məhsulların istehsalı zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən “Zay məhsullara dair akt” tərtib edilir.

5.5. Düzəldilməsi mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar “Zay məhsulların təhvil-qəbul aktı” ilə anbarın məsul şəxsinə verilir.

5.6. Hazır məhsulların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.

6. Hazır məhsulların satışının sənədləşdirilməsi

6.1. Müəssisədə və ya fərdi sahibkar tərəfindən istehsal edilmiş hazır məhsullar anbardan alıcıların sifarişi əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura tərtib edilməklə sifarişçilərə göndərilir.

6.2. Hazır məhsulun istehsalçısı ƏDV qeydiyyatında olduğu halda sifarişçiyə qaimə-faktura və ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim edir.

6.3. Vergi ödəyicisinə hazır məhsullar təhtəlhesab şəxs vasitəsilə göndərildikdə, təhtəlhesab şəxsdən vəkalətnamə (etibarnamə) tələb edilir. Hazır məhsulların alışı zamanı təhtəlhesab şəxs tərəfindən satıcıya vəkalətnamə (etibarnamə) təqdim edildikdən sonra satıcı (istehsalçı) vəkalətnamə (etibarnamə) verən vergi ödəyicisinin adına sənədləşdirilmiş hazır məhsulların satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə təqdim edir.

6.4. İstehsalçı istehsal etdiyi hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışını həyata keçirdikdə, həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

6.5. Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hallar nəticəsində baş verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” tərtib olunur.

7. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi

7.1. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin istehsal etdiyi hazır məhsulun bu Qaydada nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim edilməsi üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir.

7.2. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.

7.3. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən təqdim edilmiş hazır məhsulların satışı üzrə məsrəflər, o cümlədən yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflər, köməkçi istehsalatların xərcləri, əsas istehsala xidmət və onun idarə edilməsi ilə bağlı dolayı xərclər, zayolmadan əmələgələn itkilər və s. bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir. Yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflərə əsas istehsalda olan əsas vəsaitlərin amortizasiyası, əsas istehsalatla bağlı qeyri-maddi aktivlərin amortizasiyası, əsas istehsalatda istifadə edilmiş istehsal ehtiyatları, öz istehsalının yarımfabrikatları, icarə haqqı, kommunal xidmətlər və s. aid edilir.

7.4. Vergitutma məqsədləri üçün xərclərin çəkilmə vaxtı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə müəyyən olunur.

7.5. İstehsal edilmiş hazır məhsullar üzrə fərdi uçot aparılmadıqda, gəlirdən çıxılan hazır məhsulların dəyəri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139.4-cü maddəsinə uyğun olaraq orta maya dəyəri ilə müəyyən edilir.

8. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında mal qalığının müəyyən edilməsi

8.1. İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında malların qalığı hər bir anbar üzrə ayrılıqda inventarizasiya aparılmaqla müəyyən edilir.

8.2. Məsul şəxslərin maddi məsuliyyətində qalan malların miqdarı müəyyənləşdirilərkən, bu Qayda ilə müəyyən edilmiş mədaxil və məxaric sənədləri əsasında malların mühasibat uçotu üzrə qalıqları inventarizasiya nəticəsində aşkar edilən faktiki qalıqlarla tutuşdurulur və nəticəsindən asılı olaraq, malların uçotunda düzəlişlər edilir.

9. Yekun müddəalar

Bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində, 3.3-cü, 6.1–6.3-cü bəndlərində nəzərdə tutulan qaimə-faktura, 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində, 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, 3.2-ci bəndində nəzərdə tutulan “İstehsal ehtiyatlarının alış aktı”, 3.5-ci bəndində nəzərdə tutulan “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, 4.1-ci bəndində nəzərdə tutulan “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, 4.2-ci bəndində nəzərdə tutulan “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, 4.4-cü bəndində nəzərdə tutulan “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, 4.5-ci bəndində nəzərdə tutulan “Yük avtonəqliyyatı üçün yol vərəqi”, 5.4-cü bəndində nəzərdə tutulan “Zay məhsullara dair akt”, 5.5-ci bəndində nəzərdə tutulan “Zay məhsulların təhvil-qəbul aktı”, 5.6-cı bəndində nəzərdə tutulan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, 6.4-cü bəndində nəzərdə tutulan “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və 6.5-ci bəndində nəzərdə tutulan “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” ciddi hesabat blanklarıdır və onların formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10