20 iyun 2017, 12:00

Əyani Ağayevdən, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident,

Astara park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi ilə əlaqədar imzaladığınız Sərəncam biz astaralıları hədsiz dərəcədə sevindirir. Biz Sizin qayğı və diqqətinizi həmişə hiss edirik. Ölkəmizə müdrik rəhbərliyiniz dövründə rayonumuzun ən ucqar dağ  kəndlərinə yollar çəkildi, mənim işlədiyim rayon mərkəzi xəstəxanasının hər iki korpusu Sizin Sərəncamınızla ayrılan vəsait hesabına əsaslı təmir edilərək ən müasir avadanlıqla təchiz olundu. Sizin qayğınızın nəticəsidir ki, ölkəmizin digər regionları kimi, Astara rayonu da gündən-günə inkişaf edir, gözəlləşir.

Dəniz sahilində yerləşən park-bulvar kompleksinin genişləndirilməsi isə qonşu ölkələrdən buraya gələn turistlərin sayının artmasına səbəb olacaq. Astara rayonundakı park-bulvar kompleksi İran İslam Respublikası ilə sərhəddə  yerləşir. Cənubdan ölkəmizə gələn turistlərdə respublikamız haqqında ilk təəssürat məhz buradan yaranır. İnanırıq ki, gündən-günə gözəlləşən ölkəmizin cənub qapısında yerləşən park-bulvar kompleksi buraya gələn qonaqların əsas istirahət məkanına çevriləcək.

Möhtərəm Prezidentimiz, biz Sizi çox sevir, Sizinlə fəxr edirik. Sizin uğurlu daxili və xarici siyasətinizi yekdilliklə dəstəkləyirik. Siz hər bir vətəndaşın Prezidentisiniz. Sizə uğurlu fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Ağayev Əyani Cəfər oğlu.

Azərbaycan Respublikası, Astara rayonu.