Gerb

21 iyun 2017, 18:03

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinin ikinci hissəsində, 28.6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28.13-cü maddəsinin birinci cümləsində, 29.7-ci və 29-1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

3.2. həmin Qanunun 28.12-ci maddəsinin birinci cümləsində, 29.2-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 29.3-cü maddəsinin birinci hissəsinin birinci cümləsində və ikinci hissəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri nəzərdə tutulur;

3.3. həmin Qanunun 28.4-cü maddəsinin ikinci hissəsində, 28.6-cı və 29.7-ci maddələrində nəzərdə tutulmuş qurum Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir;

3.4. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum:

3.4.1. mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuraları;

3.4.2. məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apellyasiya Şurası;

3.4.3. bu Fərmanın 3.4.1-ci və 3.4.2-ci yarımbəndlərində nəzərdə tutulan dövlət orqanları istisna olmaqla, Apellyasiya Şurası yaradılmayan digər dövlət orqanlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasıdır.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2017-ci il.