Gerb

23 iyun 2017, 12:35
W1siziisijiwmtcvmdyvmjmvmxjpzdcxajfqxza2lkpqryjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=1769b0e4a84f7766

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılış mərasimində iştirak edib.

Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verdi ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.

Dövlətimizin başçısı zavodu işə saldı.

Bildirildi ki, bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Müəssisədə mexaniki emal, ştamplama, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, yığma, ümumilikdə, 7 istehsal sahəsi var. Məmulatın yaradılması və istehsalı üçün müasir standartlara cavab verən universal və xüsusi texnoloji avadanlıq - proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları İsveç, Almaniya, Türkiyə, Bolqarıstan, Serbiya, Sloveniya, Rusiya, İsrail və digər ölkələrin müvafiq qurumlarından alınıb.

Diqqətə çatdırılıb ki, zavodda məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün tələb olunan alət və tərtibatlar texnoloji əməliyyatlara uyğun hazırlanaraq tətbiq edilib. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 300 adda xüsusi və universal ölçü aləti, həmçinin tərtibatlar alınıb. Layihə üzrə nəzərdə tutulan 40 işçiyə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Müəssisənin illik istehsal gücü birnövbəli iş rejimində 15 min atəş yığımı təşkil edir.

Bu cür müəssisələrin yaradılması ölkəmizdə müdafiə sənayesinin inkişafı istiqamətində görülən tədbirlərə böyük töhfədir. Belə zavodların işə düşməsi Azərbaycanın müdafiə potensialını gücləndirir, ölkəmizdə istehsal edilən hərbi təyinatlı məhsulların çeşidini artırır. Eyni zamanda, bu sahədə ixrac imkanlarımızı da genişləndirir, xaricdən asılılığımızı aradan qaldırır.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə nitq söylədi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi

-Hörmətli hərbçilər, əziz dostlar.

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə təbrik etmək istəyirəm, Azərbaycan Silahlı Qüvvələrinə yeni uğurlar, qələbələr arzulayıram.

Bu gözəl bayram ərəfəsində biz Şirvan şəhərində müdafiə sənayesinin yeni zavodlarının açılışına toplaşmışıq. Bu, əlamətdar hadisədir. Bildiyiniz kimi, Müdafiə Sənayesi Nazirliyi mənim Sərəncamımla 2005-ci ilin dekabr ayında yaradılmışdır və bu illər ərzində böyük, uğurlu yol keçmişdir. O vaxt bu nazirliyin yaradılması imkan verdi ki, biz özümüzü hərbi texnika ilə, silah-sursatlarla böyük dərəcədə təmin edə bilək. Çünki o illərdə bizim böyük imkanlarımız yox idi, biz xarici istehsalçılardan asılı vəziyyətdə idik. Bəzən hansısa silahları ala bilirdik, bəzi hallarda ala bilmirdik. Ona görə, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas məqsədi idxaldan asılılığı azaltmaq, yeni iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu göstərir ki, biz məqsədimizə çata bilmişik.

Onu da qeyd etməliyəm ki, o vaxt bizim böyük vəsaitimiz də yox idi. Azərbaycan büdcəsinə əsas gəlirlərin əldə olunması 2006-cı ildən sonra başlamışdır, Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilmişdir. 2005-ci ildə isə bizim maliyyə vəziyyətimiz bir qədər məhdud idi. Buna baxmayaraq bu məqsədlər, o cümlədən bu nazirliyin formalaşdırılması üçün dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılmışdır və bu gün nəticələr göz qabağındadır. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilibdir. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb və Şirvan şəhərində bir neçə hərbi müəssisə fəaliyyət göstərir. Təkcə Şirvan şəhərindəki müəssisələrdə 1200 nəfər işlə təmin edilibdir.

Hər bir ölkədə hərbi sənaye kompleksini yaratmaq üçün bir neçə vacib amil lazımdır. İlk növbədə, vəsait, ondan sonra yeni texnologiyalar lazımdır. Yeni texnologiyaları əldə etmək üçün beynəlxalq əməkdaşlıq da mütləq yüksək səviyyədə olmalıdır. Kadr hazırlığı xüsusi yer tutur. Son illər ərzində bu istiqamətlər üzrə ardıcıl fəaliyyət aparılmışdır və bu gün Azərbaycan dünya miqyasında artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır. Bunu, eyni zamanda, təsdiqləyən ölkəmizdə iki dəfə keçirilmiş beynəlxalq hərbi sərgilərdir. Azərbaycan da, həmçinin bütün aparıcı beynəlxalq hərbi sərgilərdə öz məhsulu ilə iştirak edir. Bunun nəticəsində biz artıq nəinki özümüzü böyük dərəcədə təmin edirik, bizdə gözəl ixrac potensialı da yaranmışdır. 2005-ci ildə isə bu barədə ancaq fikirləşmək olardı. Bəlkə də heç təsəvvürümüzə gəlmirdi ki, nə vaxtsa Azərbaycan hərbi məhsullar da ixrac edəcək. Bu, artıq reallıqdır. İş yerləri açılır, idxaldan asılılıq azalır, yeni texnologiyalar gətirilir, sənaye potensialı güclənir və Azərbaycan Silahlı Qüvvələri daxili istehsalla təmin olunur.

Şirvan şəhəri Bakıdan sonra Cənubi Qafqaz regionunda hərbi sənaye kompleksi baxımından ikinci yerdədir. Bu, Şirvan şəhərinin inkişafına böyük dəstək verir. Son illər ərzində şəhərin inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır. Sosial-iqtisadi məsələlər, infrastruktur məsələləri öz həllini tapmışdır. Bir neçə il bundan əvvəl Şirvanda böyük “Cənub” Elektrik Stansiyası fəaliyyətə başlamışdır. Onun gücü təxminən 800 meqavata yaxındır. Şirvanda böyük xəstəxana, Olimpiya Kompleksi, məktəblər, mədəniyyət mərkəzi, digər sosial və sənaye obyektləri fəaliyyətə başlamışdır. Bu gün də bu istiqamətdə işlər davam etdirilir. Şirvanda qazlaşdırma 100 faiz səviyyəsindədir. İçməli su məsələləri də həllini tapır. Beləliklə, hərbi-sənaye kompleksinin də Şirvanda yaradılması şəhərə növbəti bir töhfədir.

Biz Silahlı Qüvvələr Günü ərəfəsində tam qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır. Ordu quruculuğu daim diqqət mərkəzindədir. Büdcəmizin ən böyük xərcləri hərbi xərclərdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Son illər ərzində ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Həm yerli istehsal, həm də xaricdən gətirilən hərbi texnika hesabına biz bu gün təminat baxımından ən yüksək səviyyədəyik. Ən müasir silahlar, texnika, döyüş aparatları, təyyarələr, vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları, zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı ən müasir qurğular, yəni, bütün bunlar bizim hərbi gücümüzü böyük dərəcədə artırmışdır. Növbəti illərdə də bu istiqamətdə ardıcıl iş aparılacaq. Bizim hərbi büdcəmiz kifayət qədər böyükdür. Bu məsələ bizim üçün prioritet məsələdir. Çünki daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Əgər müharibə olmasaydı, bəlkə də bu qədər vəsait bu məqsədlər üçün ayrılmazdı. Ancaq müharibə bitməyib, birinci mərhələ başa çatıb. Biz daim hazır olmalıyıq ki, işğal edilmiş torpaqları öz hərbi gücümüzlə azad edək.

Bununla bərabər, son illər ərzində hərbçilərin xidmət və məişət problemləri də öz həllini tapmışdır. Son illərdə bir çox hərbi bazalar, şəhərciklər istifadəyə verilmişdir, hərbçilərin xidmət şəraiti böyük dərəcədə yaxşılaşmışdır. Məişət şəraiti də yaxşılaşır. Hazırda qəbul edilmiş qərarlar əsasında 20 il qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət tərəfindən pulsuz mənzillər verilir. Hesab edirəm ki, bu da dünya miqyasında çox nadir hallarda müşahidə olunur. Bu da Azərbaycan dövlətinin həm sosial siyasətini ifadə edir, eyni zamanda, Azərbaycan dövlətinin öz hərbçilərinə olan diqqətini göstərir.

Ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bunu təmas xəttindəki vəziyyət əyani şəkildə təsdiqləyir. Bu gün biz təmas xəttində tam üstünlüyə malikik. Bu üstünlüyü biz əldə etmişik və bunu artırırıq. Bizim döyüş qabiliyyətimizi əks etdirən bir çox hadisələr olub. Onların içərisində keçənilki aprel döyüşləri xüsusi qeyd edilməlidir. Bu döyüşlər nəticəsində Ermənistanın hərbi təcavüzünün qarşısını alarkən bizim hərbçilərimiz böyük qəhrəmanlıq göstərərək işğalçılardan üç rayonun bir hissəsini azad etmişlər. O yerlərdə, o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri nəticəsində bu gün biz köçkünləri öz doğma kəndinə yola salırıq. Cocuq Mərcanlı kəndi cəmi iki ay ərzində bərpa edilib. Onun bərpasının birinci mərhələsi başa çatıb. Əlavə vəsait ayrılıbdır ki, kəndin bərpasının ikinci mərhələsi də başa çatsın.

Aprel döyüşləri bizim şanlı qələbəmizdir, böyük uğurdur. Bir daha onu göstərir ki, bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Cocuq Mərcanlıya bu kəndin sakinlərinin qayıtması onu göstərir ki, bizim bütün köçkünlər öz doğma şəhərlərinə, kəndlərinə qayıtmaq arzusu ilə yaşayırlar. Bu gün Cocuq Mərcanlı bizim dirçəliş, qələbə rəmzimizdir. Keçən ilin aprelində işğaldan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu da hər bir vətənpərvər Azərbaycan vətəndaşını fərəhləndirir. Yəni, bizim kifayət qədər gücümüz var və Ermənistanın bütün təxribatlarına layiqli cavab veririk. Bir həftə bundan əvvəl yenə də bizə qarşı silahlı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına gəldikdə, Azərbaycan dövlətinin mövqeyi ictimaiyyətə bəllidir. Biz bu mövqeyi dəfələrlə ifadə etmişik. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb və bütün toponimlər, bütün tarixi abidələr Azərbaycan tarixini əks etdirir.

Dağlıq Qarabağ, eyni zamanda, dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Bütün aparıcı beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı qərar, qətnamələr qəbul etmişlər ki, Ermənistan silahlı qüvvələri dərhal, qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Lakin Ermənistan buna məhəl qoymur, əməl etmir. Əfsuslar olsun ki, Ermənistana qarşı heç bir ciddi tədbir görülmür. Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi. Çünki bu ölkə XXI əsrdə başqa ölkənin ərazisini işğal altında saxlayır, başqa xalqa qarşı soyqırımı törədib, bütün tarixi abidələri dağıdıb. Cocuq Mərcanlının dağılmış mənzərəsi bunun əyani sübutudur. Bizim işğal edilmiş bütün torpaqlarda da eyni vəziyyətdir.

Beynəlxalq hüquqa gəldikdə isə beynəlxalq hüquq tarixi ədalət kimi tamamilə bizim mövqeyimizi gücləndirir. Dağlıq Qarabağda keçirilmiş son qondarma “referendum” da onların – separatçıların, işğalçıların növbəti iflası, növbəti biabırçılığı idi. Çünki bu “referendum”u heç bir beynəlxalq təşkilat, qonşu ölkələr, Avropa İttifaqı, Minsk qrupunun həmsədr ölkələri tanımayıb. Yəni, bu qondarma “referendum”u tanımamaqla bütün bu ölkələr və beynəlxalq təşkilatlar bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. O qondarma, separatçı xunta rejimini dünya birliyi tanımır və tanımayacaq. Ona görə, tarixi ədalət, beynəlxalq hüquq, əlbəttə ki, bizim siyasi çəkimiz Ermənistanla müqayisəedilməz dərəcədə böyükdür. Bizim iqtisadi gücümüz Ermənistanınkından qat-qat artıqdır. Yəni, bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əlbəttə, Azərbaycan dövləti öz prinsipial mövqeyini daha da gücləndirməlidir və gücləndirir. Bir daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Bizim xalqımız heç vaxt bu vəziyyətlə barışmayacaq. Biz heç vaxt icazə verməyəcəyik ki, tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Son hadisələr və ölkəmizin güclənməsi bu məsələyə nail olmaq üçün bizim imkanlarımızı artırır.

Əlbəttə, öz məqsədimizə çatmaq üçün biz daha da güclü olmalıyıq. Əfsuslar olsun ki, indiki dünyada güc amili aparıcı rol oynayır. Əlbəttə ki, beynəlxalq hüquq da vacibdir. Çünki bu, münaqişənin həllinin hüquqi bazasını yaradır. Ancaq güc amili əsas rol oynayır. Biz görürük ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq pozulur, tapdalanır, kim onu necə istəyirsə, elə də yozur və güc amilindən istifadə edərək reallıqda vəziyyəti dəyişmək mümkün olur. Bu, bizim seçimimiz deyil, ancaq biz də real həyatda, real dünyada yaşayırıq. Məqsədimizə nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə işlər aparılır.

Azərbaycan bu il gözəl iqtisadi inkişaf templəri nümayiş etdirir, beş ayın yekunları çox müsbətdir. Qeyri-neft sektorumuz 2 faizdən çox, qeyri-neft sənayemiz 4 faizə yaxın, ixrac 40 faizdən çox artıbdır. Əminəm ki, gələn il göstəricilər daha da müsbət olacaq. Biz öz fəaliyyətimizi düşünülmüş siyasət əsasında qurmuşuq. Bizim daxili və xarici siyasətimiz, iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz həm beynəlxalq aləmdə, həm də xalq tərəfindən bəyənilir və dəstəklənir. Ölkəmizdə mövcud olan əmin-amanlığın, sabitliyin əsas səbəbi də məhz bundadır.

Bu gün Silahlı Qüvvələr Günü ərəfəsində biz Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı önəmli hadisəni qeyd edirik. Bu gün açılan iki sənaye müəssisəsi bizim hərbi gücümüzü daha da artıracaq və Azərbaycan quruculuq, inkişaf yolu ilə uğurla gedəcəkdir.

Bir daha sizi ürəkdən təbrik edirəm, bütün Silahlı Qüvvələrimizin şəxsi heyətinə yeni uğurlar, qələbələr arzulayıram.

x x x

Müdafiə sənayesi naziri Yavər CAMALOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Bu gün Sizin iştirakınızla müdafiə sənayesinin əsas mərkəzlərindən biri olan Şirvan şəhərində daha iki yeni istehsal zavodunun açılışına toplaşmışıq. Bu, təsadüfi deyil. Hələ, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə, sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanda, eləcə də Şirvan şəhərində bir sıra hərbi sənaye zavodlarının yaradılması müstəqil ölkəmizin müdafiə sənayesinin inkişafı üçün baza rolunu oynayıb.

Lakin 1990-cı illərin əvvəllərində ölkədə hakimiyyətə gələn qeyri-peşəkar və dağıdıcı qüvvələrin səriştəsizliyi, mütəşəkkil ordunun olmaması, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi, maliyyə çatışmazlığı və s. amillər respublikanı dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək kimi təhlükədən qorudu. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və xalqın birliyinin təmin edilməsi dövlətçilik prinsiplərinin əsası kimi müəyyənləşdirildi. Ulu Öndər tərəfindən iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə yanaşı, sovet dönəmində istifadəyə verilmiş hərbi sənaye müəssisələrinin də fəaliyyətlərinin bərpası istiqamətində mühüm addımlar atıldı.

Məlumdur ki, hər bir dövlətin müstəqilliyinin qorunub saxlanılmasında müvafiq atributlar mövcuddur. Onların əsaslarından biri də ordunun təminatını həyata keçirən müdafiə sənayesi sahəsidir. Bu səbəbdən də ilk növbədə, respublikada ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı məqsədilə 1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradıldı. Eyni zamanda, ordumuzun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə xaricdən asılılığı azaltmaq məqsədilə 2003-2005-ci illərdə sahənin inkişafına dair Dövlət Proqramı qəbul olundu. Həmin Proqramın təsdiq edilməsi ilə respublikanın hərbi sənayesinin inkişafının yeni mərhələsi başlandı.

Cənab Prezident, Siz ölkə başçısı seçildikdən sonra ümummilli lider Heydər Əliyevin ideyalarını rəhbər tutaraq, uzaqgörən siyasətinizlə apardığınız qlobal islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində uğurlu nəticələr əldə olundu. Bu islahatlardan biri də ordu quruculuğunun və müdafiə sənayesinin inkişafı ilə bağlı idi. Ölkəmizin müharibə vəziyyətində olmasını nəzərə alaraq, regionda və Yaxın Şərqdə ilk dəfə olaraq, Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında qərar verdiniz. Yeri gəlmişkən, onu da qeyd edim ki, Müdafiə Sənayesi Nazirliyinin yaradılması özünü doğrultmaqla yanaşı, bu gün bir sıra dövlətlərdə nümunə kimi qəbul edilir.

Sizin tapşırığınızla əlaqədar nazirliyin fəaliyyətinin təşkili üçün ilkin olaraq işi tamamilə dayanmaq təhlükəsi ilə üzləşən müəssisələrin bərpasına başlandı. Eyni zamanda, müəssisələrin avadanlıq parkının yenilənməsi, maliyyə sabitliyi üzrə tədbirlərin görülməsi, dövlət sifarişi proqramının və digər istehsal proqnozlarının tərtibi, sosial sahələrin bərpası və sair işlər həyata keçirildi.

Cənab Prezident, ötən müddət ərzində Sizin tapşırığınız və hərtərəfli dəstəyinizlə dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən alınan ən müasir texnologiya və avadanlıqlarla təchiz olunan 58 adda istehsal sahəsi yaradılıb. Yeni yaradılan istehsal müəssisə və sahələrində, ümumilikdə, 283,5 min kvadratmetrlik tikinti və yenidənqurma işləri görülüb, 500 min kvadratmetr sahədə abadlaşdırma işləri aparılıb. Yaradılmış istehsal sahələrində bütün tələblərə cavab verən və insan amilini minimuma endirən rəqəmsal proqram təminatlı 25-dən çox mürəkkəb texnoloji xətt və avadanlıq dəstləri, 2200-dən çox müxtəlif təyinatlı dəzgah, on minlərlə cihaz, alət və tərtibatlar alınaraq quraşdırılıb. Bütün bunların hesabına bu gün nazirliyin tabeliyində olan zavodların sayı artaraq 18-dən 28-ə çatdırılıb.

Nazirliyin fəaliyyəti dövründə, ümumilikdə, 1 milyard 745 milyon manatdan çox məhsul istehsal edilib. Həmin məhsulların 80 faizdən çoxu müdafiə təyinatlı məhsullardır. 2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatli məhsulların həcmi isə 42 dəfə artıb. Ümumilikdə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidi artaraq 213-dən 1200-ə çatdırılıb.

Ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və sair snayper tüfənglərini, AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Matador” və “Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb” və “Bəbir” kəşfiyyat-patrul maşınlarını, “Orbiter-2M, 2B, 3B və “Orbiter-4”, “Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş aparatlarını və başqalarını göstərmək olar.

Bu gün müəssisələrimiz fəaliyyətə başladığımız ilk dövrlərdən fərqli olaraq, rəqabətədavamlı, yüksək dəqiqliyə malik, elm tutumlu ən müasir silah, sursat, optik vasitələr və sair məhsullar istehsal etməklə həm Milli Ordunun, həm də digər güc qurumlarının sifarişlərini yerinə yetirmək iqtidarındadır. Onu da qeyd edim ki, müştərək müəssisələrin yaradılması üzrə beynəlxalq əməkdaşlığa da böyük önəm verilir. Bunun əyani sübutu kimi, xarici tərəfdaşlarla birgə yaradılmış pilotsuz uçuş aparatlarının istehsalı müəssisəsini göstərmək olar.

Cənab Prezident, ötən ilin iyul müşavirəsində yeni nəsil silah növlərinin istehsalı ilə bağlı verdiyiniz tapşırıqların icrası istiqamətində məqsədyönlü işlər davam etdirilir. Belə ki, yaradılmış yeni nəsil “Zərbə KM” tipli pilotsuz uçuş aparatları uğurla sınaqdan çıxarılıb və istehsal olunaraq sifarışçilərə təhvil verilib. Eləcə də həmin silahın daha təkmilləşdirilmiş modeli olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlər davam etdirilir. Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşını üzrə işlər də uğurla başa çatdırılıb, mütəxəssislərin iştirakı ilə təqdimatı keçirilib və seriyalı istehsalına hazırlıq işləri aparılır.

Bununla yanaşı, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi üzrə də işlər uğurla davam etdirilir. Onu da qeyd edim ki, hazırda nazirliyin müəssisələrində peşəkar kadr potensialı formalaşıb. Vaxtilə mütəxəssislərimiz xarici təcrübənin öyrənilməsi və təlim məqsədilə bu sahədə inkişaf edən xarici ölkələrə gedirdilər. Sevindirici haldır ki, bu gün bizim təcrübənin öyrənilməsi istiqamətində bir sıra ölkələrdən ünvanımıza müraciətlər daxil olur.

Müəssisələrdə yeni istehsal sahələrinin yaradılması hesabına, ümumilikdə 2300-dən çox yeni iş yeri açılıb. Eyni zamanda, işçilərin orta aylıq əməkhaqqı 2006-cı illə müqayisədə 5,5 dəfədən çox artaraq, respublika üzrə orta göstərici səviyyəsinə çatdırılıb.

Möhtərəm Prezident, Sizin tapşırığınızla Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məhsulların xarici bazarlara çıxarılması məqsədilə Müdafiə Sənayesi Nazirliyi 35-dən çox beynəlxalq sərgidə iştirak edib. Son dəfə cari ilin mayında Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2017” beynəlxalq müdafiə sərgisində 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilib. Bu sərgidə ziyarətçilərə yeni məhsullar da təqdim olunub və böyük maraqla qarşılanıb.

Onu da qeyd edim ki, sərgilər zamanı bizim stendləri ziyarət edən xarici şirkətlərin rəhbərləri və rəsmi nümayəndə heyətləri qısa müddət ərzində bu sahədə əldə olunmuş nailiyyətlərə həsədlə baxaraq, bunun necə əldə olunduğu barədə suallar verirlər. Bizim isə onlara yalnız belə bir cavabımız olur: Bizə dünyada elə bir ölkə Prezidenti göstərin ki, o, Müdafiə Sənayesi Nazirliyinin bütün zavodlarının və hətta istehsal sahələrinin açılışlarında iştirak etmiş olsun. Qısa müddət ərzində əldə edilmiş uğurlar bizim dövlətimizin başçısının bu sahəyə olan xüsusi diqqət və qayğısı nəticəsində mümkün olub. Bunu əks etdirən reklam çarxları göstərildikdən sonra təəccüblərini gizlətmədən həsəd hissi ilə suallarına cavab tapırdılar.

Sizin tapşırığınızla Müdafiə Sənayesi Nazirliyi xarici ölkələrdə keçirilən sərgilərdə iştirak etməklə yanaşı, 2014-cü və 2016-cı illərdə Bakıda keçirilən Beynəlxalq Müdafiə Sənayesi sərgilərinin təşkilatçısı rolunda çıxış edib. Belə bir nüfuzlu tədbirin regionda ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmizin regionda lider olduğunun əyani nümunəsidir. İnanırıq ki, 2018-ci ildə keçiriləcək sərgi də Bakı şəhərini hərbi-texniki əməkdaşlığın qurulması üçün beynəlxalq mərkəz kimi dünyada tanıdacaq.

Beynəlxalq müdafiə sərgilərində iştirakımız ixrac sahəsində uğurlar qazanmağa imkan verib. Sizin tapşırığınızla ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi ilə bağlı nazirlikdə məqsədyönlü işlər həyata keçirilir. Bu gün məhsullarımızdan döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və sairənin ixracı həyata keçirilir. Hazırda ixrac müqavilələrinin dəyəri 101 milyon ABŞ dolları təşkil edir və bunun da 54 milyon dolları qüvvədə olan müqavilələrdir.

Göründüyü kimi, Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin və digər güc qurumlarının müdafiə təyinatlı məmulatlara tələbatının önəmli hissəsini yerli müəssisələrin hesabına ödəməyə nail olub. Onu da qeyd edim ki, bu sahədə mövcud imkanlarımız daha da genişdir.

Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Bunu ötən ilin aprel döyüşləri də bir daha sübut etdi. Silahlı Qüvvələrimiz tərəfindən işğalçı ölkənin ordusuna sarsıdıcı zərbələr endirilməsi nəticəsində bir sıra yaşayış məntəqələri və əhəmiyyətli yüksəkliklər azad edildi.

Möhtərəm cənab Prezident, təbii ki, nazirliyin fəaliyyəti dövründə əldə olunan bu uğurları dövlət dəstəyi və şəxsən Sizin diqqət və qayğınız olmadan reallaşdırmaq mümkün olmazdı. Müdafiə Sənayesi Nazirliyi Sizin ideyanızın, təxəyyülünüzün məhsuludur. Nazirliyin kollektivi bu etimadı yüksək qiymətləndirərək ölkənin hərbi qüdrətinin artırılması naminə daha səylə çalışacaq.

Cənab Ali Baş Komandan, icazə verin, Sizi qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Sənayesi Nazirliyinin kollektivi adından səmimi qəlbdən təbrik edim və əmin olduğumu bildirim ki, bütün işğal olunmuş ərazilərimiz Sizin komandanlığınız altında qısa müddətdə düşməndən azad ediləcək və viran olunmuş yaşayış məntəqələrimiz Cocuq Mərcanlı kimi yenidən bərpa edilərək vətəndaşlarımızın ixtiyarına veriləcək. Sizi əmin edirəm ki, yeni yaradılan milli döyüş silahları işğal olunmuş ərazilərimizin azad edilməsində mühüm rol oynayacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Müdafiə naziri, general-polkovnik Zakir HƏSƏNOV çıxış edərək dedi:

- Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının səyi nəticəsində sürətlə inkişaf edir və möhkəmlənir.

Sizin tapşırığınıza əsasən, Silahlı Qüvvələrin bütün qoşun növlərində həyata keçirilən genişmiqyaslı hərbi islahatlar ordunun döyüş qabiliyyətini, hərbi kadr potensialını artırıb, hərbi qulluqçuların sosial-məişət şəraitini yaxşılaşdırıb. İslahatlar döyüş hazırlığı, hərbi təhsil, tərbiyəvi iş, hərbi tibb və digər sahələri əhatə edir. Görülən işlər Silahlı Qüvvələri aparıcı dövlətlərin orduları səviyyəsinə qaldırıb.

Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib.

Raket və artilleriya qoşunlarının arsenalında olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.

Dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər raket və artilleriya qoşunlarının istənilən vaxt effektiv tətbiqini mümkün edir. Hərbi Hava Qüvvələrinin döyüş tətbiqi və uçuş imkanlarının təkmilləşdirilməsi, aviabazaların infrastrukturunun və aerodrom avadanlıqlarının yenilənməsi üzrə layihələr həyata keçirilir. Zenit-raket, radiotexniki birləşmə və hissələrin müasir hava hücumundan müdafiə sistemləri ilə təchizatı hava məkanımızın etibarlı müdafiəsini, düşmənin təhlükəli aerodinamik hədəflərinin vaxtında aşkarlanaraq məhv edilməsini təmin edir. Düşmən haqqında tam və dəqiq məlumatın əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat bölmələrinin lazımi vasitələrlə təchizatı həyata keçirilir.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən iqtisadi islahatlar nəticəsində hərbi xərclərin artması ordumuzun zirehli texnikasının, aviasiya vasitələrinin və digər hərbi təyinatlı məhsulların daim yenilənməsinə və təkmilləşdirilməsinə şərait yaradıb. Elmin son nailiyyətləri nəzərə alınmaqla və yeni texnoloji elementlərin tətbiqi ilə dünyanın aparıcı silah istehsalçıları tərəfindən hazırlanan yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik döyüş texnikası, silah-sursat və digər hərbi vasitələrin Silahlı Qüvvələrimizin təchizatına daxil edilməsi davam edir.

Hərbi sənayemizin inkişafı ordumuzun silah arsenalının yerli istehsal olan müasir silahlar və digər hərbi təyinatlı məhsullarla gücləndirilməsinə imkan verir. Ölkəmizdə və digər dövlətlərlə əməkdaşlıq şəraitində hazırlanan yüksək dağıdıcı gücə, dəqiqliyə malik döyüş vasitələri və sursatları qoşunlarımızın düşmən üzərində üstünlüyünü tam təmin edir.

Güclü və müasir tələblərə cavab verən Silahlı Qüvvələrin inkişafında hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti var. Bu sahədə aparılan işlər qoşunlarda yüksək döyüş hazırlığının təmin edilməsinə, hərbi qulluqçuların ixtisas hazırlığının, bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Yeni təlim mərkəzlərinin, o cümlədən dağ hazırlığı poliqonlarının istifadəyə verilməsi şəxsi heyətin döyüş vəziyyətinə tam uyğunlaşdırılmış şəraitdə peşəkar hazırlığının yüksəldilməsinə hesablanıb.

Silahlı Qüvvələrin hazırlıq planına uyğun olaraq, bütün qoşun növlərinin cəlb olunması ilə müxtəlif səviyyələrdə gecə və gündüz genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir. Bu təlimlər birlik və birləşmələrin idarə edilməsini, qarşılıqlı fəaliyyətini, əməliyyat imkanlarını və döyüş qabiliyyətini artırıb.

Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində son illər hərbi qulluqçular və onların ailə üzvləri müasir standartlara cavab verən mindən çox xidməti və daimi mənzillə təmin olunub. Qısa müddətdə xüsusən cəbhəboyu zonada 20-dən çox yeni hərbi şəhərcik, əsgər yataqxanaları, yeməkxanalar, hamam-camaşırxana kompleksləri, digər xidməti və inzibati binalar inşa edilib. Bu iş bu gün də davam etdirilir.

Cənab Ali Baş Komandan, xüsusi qeyd etmək istəyirəm ki, Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar 2016-cı ilin aprel ayında düşmən üzərində Azərbaycan Ordusunun qələbəsini təmin etdi. Ağır döyüşlərdə düşmən çoxlu canlı qüvvə və hərbi texnika itirdi. Ağdərə, Füzuli və Cəbrayıl istiqamətlərində strateji yüksəkliklər azad edildi. Cəbhə xəttində əməliyyat baxımından üstünlük Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin cəbhəboyu kəndlərə səfəri, şəhid olmuş hərbi qulluqçuların ailələrinə və yaralılara göstərilən diqqət şəxsi heyət arasında böyük ruh yüksəkliyi yaratdı.

Cənab Ali Baş Komandan, Sizin yüksək diqqət və qayğınız nəticəsində ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı yüksəlib, təminat və təchizatı xeyli təkmilləşib. Sizi əmin edirəm ki, Silahlı Qüvvələr dövlətimizin və xalqımızın etimadını doğruldaraq, qarşıda duran ən əsas vəzifəni - torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü təmin etməyə qadirdir.

İcazə verin, bayram günü ərəfəsində Silahlı Qüvvələrin bütün şəxsi heyəti adından və şəxsən öz adımdan Sizi, cənab Ali Baş Komandan, təbrik edim, orduya göstərdiyiniz diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirim.

Diqqətinizə görə sağ olun.

X X X

Prezident İlham ƏLİYEV: Silahlı Qüvvələr Günü ərəfəsində bir qrup hərbçiyə ordenlər və ali hərbi rütbələr verilib. Mən bu gün onları mükafatlandıracağam.

X X X

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbçilərin ordenlə təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxundu.

Prezident, Ali Baş Komandan İlham Əliyev ali hərbi rütbələrin vəsiqələrini və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərini təltif olunan hərbi qulluqçulara təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.


Böyük ölçüdə