Gerb

01 iyul 2017, 16:00

Möhtərəm Prezident,

Prezident olduğunuz 14 ilə yaxın müddətdə Azərbaycan Respublikası hərtərəfli inkişaf etmiş, çiçəklənmişdir. Sizin yürütdüyünüz məqsədyönlü xarici və daxili siyasət məhz ümummilli liderimiz Heydər Əliyevin yoludur. Respublikamız artıq inkişaf etmiş ölkələr sırasında yer tutmuş və kifayət qədər tanınmışdır. Azərbaycan son illər ərzində bir sıra mühüm beynəlxalq tədbirə ev sahibliyi etmiş, həmin tədbirlərin təşkili və keçirilməsi çox yüksək səviyyədə başa çatdırılmışdır. Azərbaycanın inkişafı, tərəqqisi, nailiyyətləri məhz Sizin zəhmətiniz hesabına əldə olunmuşdur. Sizə bu çətin, qürurlu və məsuliyyətli işdə hər zaman uğurlar diləyirik.

Cənab Prezident, Yevlax rayonu Qaraoğlan və Yuxarı Qarxun kəndinin bir hissəsini əhatə edən 200 ailənin torpaq sahəsi suvarma suyu problem yaşayırdı. Su qıtlığı birbaşa məhsuldarlığın azlığına, torpaqların becərilməməsinə və şoranlaşmasına səbəb olurdu.

Çox hörmətli Prezident, Sizin tapşırıq və tövsiyələrinizə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qarşılaşdıqları problem və çətinliklərin aradan qaldırılması istiqamətində son zamanlar xeyli işlər görmüşlər. Müraciətimizə əsasən, Yevlax rayon Qaraoğlan və Yuxarı Qarxun kəndlərində 300 hektara yaxın ərazinin suvarılmasına xidmət edən su-nasos stansiyası quraşdırılmış və istifadəyə verilmişdir. Həmin su-nasos stansiyası hesabına 200-ə yaxın ailə öz torpaq sahələrini vaxtlı-vaxtında suvaracaq və təsərrüfatlarından bol məhsul əldə edəcəklər ki, bu da həmin ailələrin iqtisadi imkanlarının artmasına səbəb olacaq. Biz kənd sakinləri bu problemin aradan qaldırılmasına görə ilk növbədə, Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Qaraoğlan və Yuxarı Qarxun kəndlərinin sakinləri adından hörmətlə,

Baxşıyev Ağaəli,

Babayev Sadiq,

Cəfərov Akif,

Qurbanov Ənvər və başqaları.

Azərbaycan Respublikası, Yevlax rayonu.