05 iyul 2017, 15:35

Səmid Cavadovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz dövlətin dindarlara göstərdiyi diqqət və qayğını daim hiss edirik. Ümummilli lider Heydər Əliyev və Siz məscidlərin tikilməsinə, yenidən qurulmasına və əsaslı təmir olunmasına həmişə çox böyük diqqət göstərmisiniz. Son illərdə Sizin diqqət və qayğınız sayəsində ölkəmizdə çoxsaylı məscidlərdə və ziyarətgahlarda əsaslı tikinti-yenidənqurma işlərinin həyata keçirilməsi, İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla bərabər, digər dini məbədlərin tikintisi və bərpası bütün dünyaya nümunə göstəriləcək bir həqiqətdir.

Cənab Prezident, dövlətimizin qayğısı sayəsində bizim yaşadığımız Zərdab rayonunun Xanməmmədli kəndində də məscidimiz əsaslı təmir olunmuş, həyətyanı sahəsində abadlıq, ətrafında asfaltlanma işləri aparılmış, hər bir şərait yaradılmışdır. Odur ki, Xanməmmədli kənd məscidinin dini icma üzvləri və ümumilikdə, bütün kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirir, Sizə cansağlığı, ölkəmizin daha da çiçəklənməsi, dövlət-din münasibətlərinin inkişafı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Qoy, Uca Tanrı Sizi qorusun!

Hörmətlə,

Xanməmmədli kənd sakinləri adından

Cavadov Səmid Vəli oğlu

Azərbaycan Respublikası, Zərdab rayonu.