Sloveniya Prezidenti Danilo Türkün adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir

09 iyun 2011, 23:00
Sloveniya Prezidenti Danilo Türkün adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir

Prezident İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Danilo Türkün adından dövlət başçısının şərəfinə rəsmi ziyafət verilmişdir.

Prezidentlər rəsmi ziyafətdə çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində görməkdən məmnun olduğunu bildirən Sloveniya Prezidenti Danilo TÜRK bu səfərin ölkələrimiz arasında əməkdaşlığı bütün səviyyələrdə genişləndirmək qətiyyətini sübut etdiyini vurğulayaraq dedi:

- Tarixən dostluğumuz və qarşılıqlı anlaşmamız ölkələrimizin oxşar addımlarına əsaslanırdı. İyirmi il öncə bir-birindən asılı olmayan qaydada sloveniyalılar və azərbaycanlılar müstəqillik qərarını verdilər. Qətiyyətli və fəal iş sayəsində biz yeni mərhələyə qədəm qoyduq. Bu gün keçmişimizə nəzər salmaq fürsətimiz var və fərəh hissi ilə bildiririk ki, biz son iyirmi il ərzində bir çox nailiyyətləri əldə etmişik. Tarix boyu sloveniyalılar və azərbaycanlılar arasında əlaqələr formalaşmışdır. Sloveniyalılar İkinci Dünya müharibəsi zamanı ərazimizdə milli azadlıq mübarizəsində Azərbaycan döyüşçülərinin cəsarətini yüksək qiymətləndirirlər. Onların sırasında öz şücaəti və qəhrəmanlığı, eləcə də gücü, fəal işi və təvazökarlığı ilə tanınan bir nəfər də var idi – Milli Qəhrəmanınız Mehdi Hüseynzadə - Mixaylo. Onun qəhrəmanlıq tarixçəsini yaddan çıxarmamaq məqsədi ilə silahdaşı Çiril Zupaniç həmin hadisələri kitabında yazaraq onları əbədiləşdirmişdir. Sloveniya ilə Azərbaycan arasında yenicə yaradılmış Dostluq Cəmiyyətinin məqsədi gələcəkdə Mixaylo haqqında məlumat və bilgiləri yaymaqdır.

Sloveniya Prezidenti ölkələrimiz arasında mədəni əlaqələrin əhəmiyyətinə toxundu. Səfər çərçivəsində imzalanan mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlığa dair sazişin bu sahədə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını vurğuladı. Sloveniya dövlətinin başçısı onu da bildirdi ki, ölkələrimizin şirkətləri enerji, informasiya, ətraf mühit texnologiyası, mühəndis işi və əczaçılıq sahələrində təmaslar qurub, Azərbaycanda kiçik su elektrik stansiyalarının tikintisində Sloveniya şirkətləri ilə əməkdaşlığa dair plan qüvvəyə minib.

Danilo Türk Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq dedi:

-Mən bu məsələnin həllinə yönəlmiş dialoqunuz sahəsindəki irəliləyişi və səylərinizi alqışlayıram. Danışıqlarda irəliləyişin hər bir əlamətini və bu sahədə vəziyyətin yaxşılaşdırılması məqsədi ilə atılan hər bir addımı görməkdən məmnunam. Mən Dovildə mayın 26-da “Böyük səkkizlik” ölkələrinin sammiti çərçivəsində Rusiya, Fransa və ABŞ prezidentlərinin – ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatını alqışlayıram. Həmin bəyanatda onlar məsələnin sülh yolu ilə həlli üçün prinsiplər üzərində razılığa çağırmışlar. Ümid edirəm ki, iyunda Kazanda keçiriləcək üçtərəfli görüşdə razılıq əldə olunacaqdır. Biz demək olar ki, eyni fikirdəyik - nizamlanmaya yönəlmiş səylər status-kvonun daimi olmasının qarşısını almaq üçün sürətləndirilməlidir. Bu məsələnin həlli digər münaqişələrin həllinə də müsbət təsir göstərə bilər.

Avropa İttifaqının üzvü kimi Sloveniya bu təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün fəal çalışır. Avropa İttifaqı Azərbaycanı mühüm tərəfdaş hesab edir və Azərbaycan ilə daha fəal münasibətlər qurmaq arzusundadır. Buna görə Avropa İttifaqı Azərbaycanı özünə daha da yaxınlaşdırmaq məqsədi ilə yeni siyasət və proqramlar formalaşdırır. Bu baxımdan mən “Şərq tərəfdaşlığı” layihəsini qeyd etmək istərdim. Sloveniya bu proqramın həyata keçirilməsində fəal iştirak edir.

Prezident Danilo Türk onu da bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək Assosiasiya sazişi siyasi və iqtisadi münasibətlərin təkmilləşdirilməsi üçün mühüm alətdir. Enerji təhlükəsizliyi, enerji resursları və marşrutlarının şaxələndirilməsi də ümumi maraq doğuran mühüm sahədir.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

- Hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

İlk növbədə mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm. Gözəl ölkənizi ikinci dəfə ziyarət etməyimdən çox məmnunam.

Mən ikitərəfli əlaqələrimizin genişlənməsi və keyfiyyətcə yeni mərhələyə qalxması məqsədi ilə qarşılıqlı səfərlərin həyata keçirilməsini vacib hesab edirəm. Bu baxımdan Sizin 2009-cu ildə Azərbaycana uğurlu səfərinizi xüsusi qeyd etmək istəyirəm.

Bu gün əlaqələrimizin yeni mərhələsində ölkələrimiz arasında sənaye, energetika, nəqliyyat, informasiya texnologiyaları, turizm, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.

Lakin etiraf etmək lazımdır ki, iqtisadi münasibətlərimizin göstəriciləri ölkələrimizin potensialına cavab vermir. İki ölkə arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun həcmi arzu olunan səviyyədə deyildir. İnanıram ki, səfərim zamanı keçirdiyimiz görüşlər, apardığımız fikir mübadiləsi və müzakirələr ölkələrimiz arasında münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəkdir.

Azərbaycan və Sloveniya xalqları çətin günlərdə bir-birinə dayaq olmuşlar. İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə burada qəhrəmancasına həlak olmuş “Mixaylo” təxəllüsü ilə tanınan Mehdi Hüseynzadə daim hər iki xalqın xatirələrində yaşayır.

Sloveniya xalqı bu gün də öz qəhrəmanlarını unutmur. Novo Qoritsa şəhərində müxtəlif ictimai qurumların nümayəndələrinin, xüsusilə Mehdi Hüseynzadənin silahdaşlarından ibarət 80-ə yaxın sloveniyalının yeni yaranmış Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinə üzv olması xalqlarımızın bir-birinə olan hörmətini və diqqətini nümayiş etdirir.

Azərbaycan ilə Sloveniyanın beynəlxalq və regional təşkilatlarda – xüsusilə BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurasında əməkdaşlığı böyük məmnunluq doğurur. Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. Azərbaycan ilə Avropa İttifaqı arasında 2006-cı ildə imzalanmış “Enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, eləcə də bu ilin yanvar ayında imzalanan “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” bunun bariz nümunəsidir. Artıq regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır.

Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və istehsal etdiyimiz neftin və qazın Avropaya nəqli üçün irəli sürülən təşəbbüsləri nəzərdən keçirməyə hazırıq. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı neft-qaz layihələri bizim etibarlı tərəfdaş olduğumuzu sübut edir və bundan sonra da bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə imkan verir.

Yuxarıda qeyd edilənlərlə yanaşı, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ regionu və 7 digər rayon 20 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu, Azərbaycanın ümumi ərazisinin təxminən 20 faizini təşkil edir. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, İKT, ATƏT, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bu münaqişə ancaq beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, icazə verin, bu badələri Sizin şərəfinizə, Azərbaycan ilə Sloveniya arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırım.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04