“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

14 iyul 2017, 20:01

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, xüsusilə də 109.5-ci və 141-1.3-cü maddələrinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 141-1.1-ci maddəsinə uyğun olaraq, çoxmənzilli binanın idarə edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində müəyyən etsin;

1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Fərmanın 1.3-cü bəndində nəzərdə tutulmuş qaydanın layihəsində, həmçinin aşağıdakı məsələlər əksini tapsın:

2.1. yaşayış sahəsinə və kommunal xidmətlərə görə (o cümlədən qeyri-yaşayış sahələri ilə yaşayış sahələri arasında fərqi müəyyən etməklə) haqqın müəyyən edilməsi;

2.2. çoxmənzilli binanın idarə edilməsi çərçivəsində müəyyən məsələ üzrə qərar qəbul etmək üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin (sakinlərinin) səsvermə hüquqlarının həmin binanın hər hansı digər sahə mülkiyyətçisinə (sakininə) ötürülməsi;

2.3. çoxmənzilli binanın idarə edilməsində yarana biləcək problemlərin təcili həlli məqsədilə, yaşayış sahəsinə görə yığılan haqqın müəyyən hissəsi əsasında ehtiyat fondun yaradılması və ondan istifadə;

2.4. çoxmənzilli binanın idarə edilməsi çərçivəsində idarəedici subyekt tərəfindən üçüncü şəxslərlə müqavilələrin (o cümlədən əmək müqavilələrinin) bağlanmasının çoxmənzilli binanın sahə mülkiyyətçiləri (sakinləri) ilə əvvəlcədən razılaşdırılması;

2.5. idarəedici subyekt tərəfindən çoxmənzilli binanın cari və əsaslı təmirinin aparılması, həmçinin sahə mülkiyyətçisi (sakini) tərəfindən ona məxsus sahənin təmiri işlərinin aparılması;

2.6. çoxmənzilli binanın idarəedici subyektinin sahə mülkiyyətçilərinə (sakinlərə) vaxtaşırı hesabat verməsi;

2.7. vəzifələrin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə çoxmənzilli binanın idarəedici subyektinin və sahə mülkiyyətçisinin (sakinin) maddi məsuliyyəti.

3. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 629; 2012, № 11, maddə 1085; 2013, № 5, maddə 496) 2.2-ci bəndinə “141.5-ci” sözlərindən sonra “, 141-1.1-ci” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, xüsusilə də 109.5-ci, 141-1.1-ci və 141-1.2-ci maddələrinin tələblərinə idarəedici subyekt tərəfindən riayət olunmasına mütəmadi ciddi nəzarət etsin;

5.2. çoxmənzilli binanın idarə edilməsinə dair sahə mülkiyyətçiləri (sakinləri) ilə bağlanmış müqavilələrin çoxmənzilli binanın idarə edilməsi qaydasının qüvvəyə minməsindən sonra yenidən bağlanmasını təmin etsin;

5.3. bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində qeyd edilən məsələlərlə bağlı daxil olan müraciətləri araşdırsın və zəruri tədbirlər görsün;

5.4. görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2017-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10