20 iyul 2017, 19:00

Əkbər Yolçuyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Siz bu gün bizlərin öz keçmişinə unudulmaz gün əlavə etdiniz. Bu günü bizlərə bəxş etdiyiniz üçün Sizə ürək dolusu minnətdaram! Siz yalnız jurnalistlər üçün ev tikdirmirsiniz, Siz ümumən qurucu lidersiniz! Jurnalistlər evində yaşamağın mənəvi dəyəri, maddi dəyərindən çox yüksəkdir. Biz, Sizin jurnalistlərə qayğınızı, mediamızın inkişafını ölkəmizin ümumi inkişaf strategiyasının üzvi tərkib hissəsi kimi qəbul edirik. Sizin sərəncamlarınız, qəbul etdiyiniz proqramlar, verdiyiniz tapşırıqlar əsasında ayrı-ayrı sənət-peşə sahibləri, müharibə veteranları, şəhid ailələri, qaçqın və məcburi köçkün vətəndaşlarımız, sosial müdafiəyə ehtiyacı olan ailələr, gənclər, idmançılar evlə təmin olunur və bu proses məqsədəuyğun şəkildə davam edir.

“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair strateji yol xəritəsi”nin qəbulunu, Yasamal yaşayış kompleksinin tikintisini qeyd etmək yetərlidir ki, toxunulan mövzuya Sizin nə qədər hərtərəfli yanaşdığınız bariz şəkildə görünsün. Beləliklə, paytaxtımızda daha 255 yeni mənzilin işığı yanacaq! 255 mənzilin pəncərəsindən gülüzlü Azərbaycan körpələrinin, gənclərimizin üzünə Səbail Günəşi düşəcək. Neçə ailə kirayədən, yataqxanadan, hansısa ucqardakı təmirsiz mənzildən, sözün həqiqi mənasında, aydınlığa çıxacaq. Bu işıqlanmanın, aydınlanmanın memarı Sizsiz, cənab Prezident!

Bir daha Sizə könül dolusu minnətdarlığımızı yetirir, şərəfli işinizdə uğurlar diləyirəm!

Hörmətlə,

Yolçuyev Əkbər Mehdi oğlu (Ə.Qoşalı)

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.