20 iyul 2017, 19:30

Qərib Calalov və başqalarından, Şəki, Azərbaycan

Çox hörmətli Prezidentimiz,

Biz Şəkinin Baş Göynük kəndində anadan olmuşuq və orta məktəbi burada bitirərək, ali təhsil almaq üçün Azərbaycanımızın paytaxtına və keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərinə yollanmışıq. Həyatımızın sonrakı illərini paytaxtımızda və digər şəhərlərdə yaşasaq da, doğma kəndimizi bir an belə unutmamışıq. Vaxtaşırı kəndimizi, kəndimizdə yaşayan valideynlərimizi ziyarət etmiş və uşaqlıq xatirələrimizi zaman-zaman təzələmişik.

Dağlıq kənd olan Baş Göynük iki nəhəng çayın ortasında yerləşdiyindən daim sel təhlükəsi ilə üz-üzə qalıb. Şin çayının törətdiyi daşqınlar göynüklüləri bir növ Allahın ümidinə buraxmışdı. Bu çayın nəhəng yük maşınlarını sürücü ilə birlikdə öz caynağına alaraq yoxa çıxarması bu gün də yadımızdadır. Tanrıdan heç nə istəmirdik, bircə körpü həsrətindəydik. Bizlərin həsrəti də özümüzlə bərabər yaşlaşdı və nəhayət, 2003-cü ildə arzumuza qovuşduq.

Çox hörmətli Prezidentimiz,

Bəli, bizi bu arzuya şəxsən Siz qovuşdurdunuz. Eyni zamanda, Baş Göynüyün sel təhlükəsini aradan qaldırmaq üçün hər iki çayın sahili boyu beton istinad tikildi. Bunlar da Sizin tapşırığınız və göstərişləriniz sayəsində gerçəkləşdi.

Bizim arzularımızdan biri də yollarımızın asfaltla döşənməsi və təbii qazımızın olması idi. Yenə qeyd edirik ki, bu arzularımız da bizim kimi qocaldı və nə yaxşı ki, Sizin kimi siyasi bir lideri Uca Tanrı bizlərə nəsib etdi. Əsas magistral və kənddaxili yollarımızın müəyyən hissəsinin müasir standartlara uyğun gələn, keyfiyyətli asfalt qatı ilə örtüldüyü günü gördük. Bundan başqa yatıb yuxuda görmədiyimiz təbii qaz qapımızın astanasındadır. Son tamamlama işləri aparılır.

Çox hörmətli Prezidentimiz,

Əmin ola bilərsiniz ki, göynüklülər Sizin yürütdüyünüz daxili və xarici siyasəti tam dəstəkləyir və vahid güc olaraq Sizin arxanızda dayandıqlarını bəyan edirlər. Biz bu yolda canımızdan keçməyə hazırıq. Bu haqqı Siz biz göynüklülərə bəslədiyiniz hörmət, diqqət və qayğı ilə qazanmısınız.

Biz ziyalılar Baş Göynük kəndinin sadə insanları adından göstərdiyiniz qayğıya, diqqətə və hörmətə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Şəkinin Baş Göynük kəndindən olan ziyalılar:

AMEA-nın müxbir üzvü Qərib Calalov,

Fəlsəfə elmləri doktoru Fərman İsmayılov və başqaları.

Azərbaycan Respublikası, Şəki rayonu.