Gerb

21 iyul 2017, 15:10

Çox hörmətli cənab Prezident,

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqının milli sərvəti adlandırdığı Bakı Dövlət Universiteti bu gün özünün daha geniş inkişaf dövrünü yaşayır. Elm, təhsil, təlim-tərbiyədəki uğurlarla yanaşı, universitetin yaradıcı kollektivinin sosial-məişət şəraitinin yüksəldilməsi prosesinə qayğı da dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti kimi Sizin daim diqqətinizdədir. Bir neçə il əvvəl Yasamal rayonunun ən görkəmli yerində, Bakı Dövlət Universitetinin ərazisində universitet müəllimləri üçün ən yeni üslubda yaşayış binaları tikilib istifadəyə verilmişdir. Sizin göstərişiniz və kollektivə şəxsi qayğınızla inşa edilən bu binalardakı mənzillər görünməmiş ucuz qiymətə müəllimlərə verildi. Beləliklə, BDU-nun 400-ə yaxın əməkdaşı universitetin yanındaca yaraşıqlı mənzillərə sahib oldular.

Möhtərəm cənab Prezident, Sizin BDU müəllimlərinə və məhəllənin digər sakinlərinə qayğınız bununla bitmədi. Sizin göstərişinizlə həmin binaların ətrafında arxitektura səviyyəsi və müasir görkəmi ilə göz oxşayan bir park salındı. İyulun 15-də Siz parkın açılışında iştirak itdiniz və sakinlərlə görüş keçirdiniz.  Bu görüşdə Siz Bakı şəhərində aparılan quruculuq işlərinin miqyasından danışdınız və açılışını etdiyiniz bu parkın həmin quruculuq işinin tərkib hissəsi olduğunu, bizim çox təmiz və sağlam ekoloji mühitdə yaşadığımızdan razı qaldığınızı bildirdiniz. Biz çox məmnunuq ki, bu gün həmin ərazi yüksək səviyyədə abadlaşdırılıb, sakinlərin sağlamlığı və istirahəti üçün hər cür şərait yaradılıb.

Biz – “Bakı Universiteti” yaşayış kompleksinin sakinləri bütün bunları Bakı Dövlət Universitetinin qarşıdan gələn 100 illik yubileyinə Sizin töhfəniz kimi qəbul edirik. Sizə dərin təşəkkürümüzü bildirərək, ölkəmizin daha da çiçəklənməsi naminə Ulu Tanrıdan möhkəm cansağlığı və uzun ömür arzulayırıq. İnanırıq ki, həmişə olduğu kimi, bundan sonra da əhalinin rifah halının yaxşılaşdırılması və firavan yaşayışı Sizin üçün ən prioritet məsələlərindən biri olacaqdır.

Hörmətlə,

“Bakı Universiteti” yaşayış kompleksinin sakinləri

Azərbaycan Respublikası, Bakı şəhəri.