İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir

13 iyun 2011, 10:00

İyunun 12-si axşam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Türkiyədə keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının qazandığı inamlı qələbə münasibətilə təbrik etmiş, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin böyük və uğurlu yol keçdiyini qeyd etmiş və bu qələbənin Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasına inamının ifadəsi olduğunu vurğulamışdır.

Türkiyənin Baş naziri səmimi təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti və Türkiyə Respublikasının Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı onun üçün münasib vaxtda ölkəmizə səfərə dəvət etmişdir. Dəvət minnətdarlıqla qəbul edilmişdir.