25 iyul 2017, 10:50

Aslan Aslanovdan, Bakı, Azərbaycan

Zati-aliləri,

Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş mətbuata dövlət qayğısının Sizin müdrik rəhbərliyinizlə uğurla davam etdirilməsi nəticəsində KİV-in inkişafı, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Mətbuat işçiləri üçün iki yaşayış binasının tikilməsi və üçüncü binanın təməlinin qoyulması ölkəmizdə bu sahəyə ən yüksək diqqət və qayğının parlaq nümunəsi olmaqla yanaşı, media işçilərini daha şövqlə işləməyə ruhlandırır. Bu, Sizin dünyada analoqu olmayan çox nəcib təşəbbüslərinizdən biridir.

Möhtərəm cənab Prezident,

Sizin mətbuat, söz və fikir azadlığının inkişafına ali diqqət və qayğınızdan hərtərəfli şəkildə bəhrələnən AZƏRTAC qarşısına qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışır, müdrik siyasətiniz nəticəsində qazanılan uğurlar barədə xəbərləri dünya miqyasında geniş yaymaqdan qürur duyur. Siz kollektivimizin fəaliyyətini daim layiqincə qiymətləndirir, agentliyimizin əməkdaşlarını yüksək fəxri adlar, orden və medallarla təltif edirsiniz. Jurnalistlər üçün inşa edilən ikinci binadan AZƏRTAC-ın bir qrup əməkdaşına mənzillərin verilməsi bu diqqət və qayğının növbəti təzahürüdür.

Əziz Prezidentimiz, ölkə mediasının 255 nümayəndəsinə, o cümlədən AZƏRTAC-ın əməkdaşlarına yaşatdığınız bu sevincə görə agentliyimizin kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, dövlətimizin və xalqımızın firavanlığı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Allah Sizi qorusun!

Dərin hörmət və ehtiramla,

AZƏRTAC-ın kollektivi adından

Aslan Aslanov

Baş direktor

Azərbaycan Respublikası, Bakı şəhəri.