25 iyul 2017, 14:00

Firuzə Rəsulovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Dövlət başçısından mənzil hədiyyə almaq hər bir jurnalist üçün çox böyük sevinc, şərəf və qürurdur. Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün tikdirdiyiniz ikinci binadan mənə də mənzil hədiyyə etdiniz. Bu, misilsiz hədiyyədir. Bir insanın ən zəruri ehtiyacının – mənzilə olan tələbatının ödənilməsi, əlbəttə, xoşbəxtlikdir. Bu xoşbəxtliyi bəxş edənin savabı isə sonsuzdur. Siz bu savabı qazandınız. İllərlə mənzil gözləyənlərin xəyalını gerçəyə çevirdiniz. Artıq onların da hər gün qapısını ürəklə açacağı, içində rahatlıq tapacağı, məişət qayğısına boğulmadan öz yazı-pozusu ilə məşğul olacağı evi var! Üstəlik, “Bu ev, bu mənzil Prezidentimin hədiyyəsidir” deyə fəxarət duyğusu var. Bu bəxtiyarlıq bir ömür boyu unudulmayacaq. Mənzillərin təqdimat günündə gözlərdəki sevinc, üzlərdəki gülüş, dillərdəki dua bunu söyləyirdi. Bu dualar hər gün “Jurnalist şəhərciyi”ndəki gözəl mənzillərin geniş pəncərələrindən də sonsuzluğa ucalacaq. Bunun mənəvi anlamı qat-qat böyükdür, mənəvi dəyəri maddi dəyərini çox-çox üstələyir. Bu, insanın, insanlığın, onun sabahının, bütövlükdə Azərbaycanın gələcəyinin qayğısını çəkməkdir!

Təşəkkürlər, möhtərəm Prezidentimiz! Sizə bir minnətdarlıq borcumuz var. Minnətdarlığımızı qəbul edin. Tanrı Sizi, Azərbaycanımızı və xalqımızı qorusun!

Hörmətlə,

Rəsulova Firuzə Həmdəm qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.