26 iyul 2017, 13:00

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ölkəmizin sosial-iqtisadi, mədəni inkişafı ilə bağlı müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi nəhəng siyasət Sizin tərəfinizdən böyük uğurla, misli-bərabəri olmayan nailiyyətlərlə davam etdirilir. Azərbaycanı dünyada güclü bir dövlətə çevirən, ona böyük nüfuz qazandıran amillərdən biri də Sizin rəhbərliyiniz ilə əhalinin sosial rifahının yüksəldilməsi sahəsində həyata keçirilən, təkcə bu günə yox, həm də gələcəyə ünvanlanan dəyərli layihələrdir. Bu istiqamətdə həyata keçirilən proqram və layihələrin nəticələrini hər bir ölkə vətəndaşı öz gündəlik həyatında aydın şəkildə hissi edir.

Cənab Prezident, ölkəmizdə fəaliyyət göstərən yüzlərlə mətbuat orqanının maddi vəziyyətinin yüksəldilməsi, xüsusən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirdiyiniz ardıcıl tədbirlər Sizin KİV-in inkişafına göstərdiyiniz böyük diqqət və qayğının bariz təzahürüdür. 2013-cü ildə jurnalistlər üçün 156 mənzilli, 2017-ci ildə isə 255 mənzilli binaların istifadəyə verilməsi, eyni zamanda, 3-cü binanın təməlinin qoyulması respublikamızın çoxminli media nümayəndələri, qələm adamları və geniş ictimaiyyət tərəfindən böyük razılıq hissi ilə qarşılanır. İllərlə mənzil həsrətində olan yüzlərlə ailənin sevinci və xoşbəxtliyi ölçüyəgəlməzdir.

Möhtərəm Prezident, hər zaman Sizin diqqət və qayğınızı hiss edən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivinə də bu böyük sevincdən pay düşüb. Həm birinci, həm də ikinci binadan Azərbaycan Televiziya və Radiosunun əməkdaşlarına verilən mənzillər təkcə bu sevinci yaşayanlarda deyil, kollektivin hər bir üzvündə böyük ruh yüksəkliyi, daha əzmlə çalışmaq, bu böyük etimadı, qayğını doğrultmaq istəyi yaradıb. Milli Mətbuat Günü ərəfəsində istifadəyə verilən növbəti binanın açılış mərasimində Azərbaycan Televiziya və Radiosunun mənzilə böyük ehtiyacı olan bir qrup əməkdaşına sanki yeni bir dünyanın qapılarını açdınız. Neçə illərin qələm sahibi olmağımıza baxmayaraq, öz minnətdarlıq, şükranlıq duyğularımızı sözə çevirməkdə acizik. Bu nəcib təşəbbüsünüzə və humanist addımınıza, böyük diqqət və qayğınıza görə Sizə dərindən minnətdarlıq edir, güclü, qüdrətli Azərbaycan naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kollektivi

Azərbaycan Respublikası, Bakı şəhəri.