27 iyul 2017, 11:30

Səxavət Məmmədli və başqalarından, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Azərbaycan Respublikasının inkişafı üçün göstərdiyiniz fəaliyyət, qazandığınız uğurlar bizi ürəkdən sevindirir. Daha 255 jurnalistin mənzillə təmin olunması və Sizin jurnalistlərin dostu elan edilməyiniz cəmiyyətlə Prezident arasındakı qarşılıqlı və səmimi münasibətin təzahürüdür. Sizin media işçilərinə olan xeyirxah münasibətiniz hamı kimi Şirvan şəhərində yaşayan və fəaliyyət göstərən jurnalistlərin də ürəyincədir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində son vaxtlar Şirvan şəhərində həyata keçirilən uğurlu layihələr şəhər sakinləri tərəfindən razılıqla qarşılanır. “Cənub” İstilik Elektrik Stansiyasının, Bayraq Meydanının, Olimpiya İdman Kompleksinin, Müalicə Diaqnostika Mərkəzinin tikintisi, əlil və şəhid ailələri üçün 129 mənzilin inşası, mərkəzi şəhər xəstəxanasının, mədəniyyət mərkəzinin əsaslı təmiri, 15 mindən çox yeni iş yerinin açılması, genişmiqyaslı abadlıq-quruculuq işləri Sizin diqqətiniz sayəsində mümkün olub.

Bu il iyunun 23-də Şirvan şəhərinə səfəriniz çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsindəki açılışında iştirak etməyiniz, 52 binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan Şirvan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayırmağınız da bizə olan diqqət və hərtərəfli qayğının bir hissəsidir.

Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Səxavət Məmmədli

“Həftə içi” qəzetinin bölgə müxbiri,

Fəxrəddin Rəhimov

“İşıq” qəzetinin redaktor əvəzi,

Qaçay Həsənli

“Dünya və biz” jurnalının əməkdaşı,

Fərhad Səlimov

“Təzadlar” qəzetinin müxbiri və başqaları.

Azərbaycan Respublikası, Şirvan şəhəri.