31 iyul 2017, 17:30

İlqar Hüseynovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Son günlər Azərbaycan jurnalistləri üçün son dərəcə dolğun və müsbət keçib. Ölkədə şəxsən Sizin iştirakınızla o qədər əhəmiyyətli və xoş hadisə baş verib ki!

Siz Milli Mətbuat Günü ərəfəsində 255 jurnalistə böyük xoşbəxtlik bəxş etdiniz. Bu, əsası böyük maarifpərvər Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli jurnalistikanın tarixi ənənələrinə və ümummilli lider Heydər Əliyevin həmişə bizə göstərdiyi diqqət və qayğıya dərin hörmətin bariz nümunəsidir.

Uzun onilliklər KİV-lərdə işləmiş milli jurnalistika veteranlarına və bu xoşbəxt günü görə bilməyənlərin ailələrinə mənzillərin verilməsi böyük stimula və unudulmaz sevincə çevrilib. Heç gözləmədikləri halda başlarının üstündə dam olmasının, çoxillik zəhmətlərinin hədər getməməsinin, dövlət tərəfindən ən yüksək səviyyədə və ən yaxşı şəkildə qiymətləndirilmələrinin onlarda doğurduğu sevinc, sabahkı günə inam və rahatlıq hissi hamımıza aydındır.

Cənab Prezident, Sizin, sözün əsl mənasında, bu böyük hədiyyəniz jurnalistləri çoxillik sıxıntılardan qurtararaq, həmkarlarımız üçün çoxsaylı çətin problemləri birdəfəlik həll etdi. Zarafat deyil, İKİ YÜZ ƏLLİ BEŞ ailə Azərbaycan paytaxtının seçilən, Xəzərə mənzərə açılan rayonlarından birində əsaslı təmir olunmuş rahat, təmiz, işıqlı və geniş mənzillərlə təmin edildi. Onların arasında rus dilində çıxan “Kaspiy” qəzetinin üç əməkdaşı da var.

Möhtərəm Prezident, bu, Azərbaycan dövlətinin və şəxsən Sizin jurnalist əməyini necə qiymətləndirməyinizin, bizim problemlərimizə necə anlayış və həssaslıqla yanaşmağınızın əyani təsdiqidir.

Siz Jurnalistlərin Dostu adını şərəflə daşıyırsınız. Bizim xalqımız və bütün dünya üçün bu,  bütün mənalarda nümunəvi dövlət başçısının sözü ilə əməlinin üst-üstə düşməsinin, “Azərbaycanın hər bir vətəndaşının Prezidenti olmaq” vədinin Sizin tərəfinizdən həyat prinsipi səviyyəsinə yüksəldilməsinin parlaq nümunəsidir. Bu, Sizə ümumxalq hörməti qazandıran, həmçinin işğal altındakı torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağı günün uzaqda olmaması barədə bizdə qəti əminlik hissi yaradan ali keyfiyyətlərinizdən yalnız biridir. Bu və digər keyfiyyətləriniz beynəlxalq arenada da Sizə dərin hörmət qazandırıb. Sizin hər bir ədalətli və qətiyyətli çıxışınız xalqın nüfuzunu daim artırır.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, ölkəmizin erməni təcavüzü ilə üzləşdiyi bu ağır şəraitdə biz ideoloji cəbhənin layiqli nümayəndəsi olmaq üçün bundan sonra da maksimum qüvvə və səylə işləyəcəyik. Xarici ölkələrdə də yayılan rusdilli “Kaspiy” qəzeti Azərbaycanın davamlı inkişafı çərçivəsində Sizin tərəfinizdən qarşıya qoyulan bütün strateji və taktiki məsələlərin həllində daim Sizə kömək edəcək.

Hörmətli cənab Prezident, icazə verin, bir daha Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya böyük minnətdarlıq və dərin hörmət hissimi ifadə edim.

Ehtiramla,

Hüseynov İlqar

“Kaspi” qəzetinin baş redaktoru,

Əməkdar Jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri.