Gerb

01 avqust 2017, 14:40

Möhtərəm cənab Prezident,

Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Məhz Ümummilli Liderin cəsarətli və qətiyyətli addımları nəticəsində senzura ləğv edilib, media sahəsində unikal qanunvericilik bazası yaradılıb. Bu gün Azərbaycanda ən müasir tələblərə cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar da məhz bu reallığın nəticəsidir.

2003-cü ildən sonra Ümummilli Liderin siyasətini uğurla davam etdirərək, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlamısınız. 2010-cu ildə jurnalistlər üçün bina tikilməsi haqqında məlum Sərəncamınız isə yüzlərlə mətbuat işçisinin, onların ailələri və yaxınlarının ümidsizliyinə son qoyub. Xidməti və təcrübəsi olan yüzlərlə jurnalist həmkarımız yaşayıb işləmək üçün ən mühüm ehtiyac baryerini bilavasitə Sizin dəstəyinizlə keçərək mənzillə təmin olunublar.

İyulun 20-də daha 255 jurnalisti mənzillə təmin edərək onlara həyatlarının ən xoşbəxt günlərini yaşatdınız. Özüm də daxil olmaqla, həm 2013-cü ildə, həm də cari ilin iyul ayının 20-də ev alan əməkdaşlarımız İlhamə Rəşidova, Elçin Bayramlı, Adəm Abbaslı, Azər Nuriyev və Nigar İbrahimovanın (Nigar Polat) adından Sizə dərin təşəkkürümü bildirirəm.

Kollektivimiz əmindir ki, Sizin uğurlu və ali məqsədə xidmət edən bu nəcib təşəbbüsünüz davamlı olacaq, Azərbaycan dövlətinə, xalqına xidmət edən həqiqi jurnalistlər evsiz qalmayacaqlar.

Dərin hörmət və ehtiramla,

Niyaz Niftiyev

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru        

Azərbaycan Respublikası, Bakı şəhəri.