03 avqust 2017, 16:00

İntiqam Hümbətovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Ümummilli lider Heydər Əliyevin ölkənin çətin vəziyyətində hakimiyyətə qayıdışı ilə cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da firavan günləri başlandı. Yeni qəzetlər, jurnallar, televiziya və radiolar yarandı. Ulu Öndərin təşəbbüsü ilə mətbuatın üzərindən senzuranın götürülməsi isə azad sözün, fikir plüralizminin qarşısında yeni üfüqlər açdı.

Zati-aliləri, bu gün Sizin rəhbərliyiniz və bilavasitə təşəbbüsünüzlə ölkəmizdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində misilsiz işlər görülür. Bakı şəhərində jurnalistlər üçün çoxmərtəbəli yaşayış binalarının tikilib istifadəyə verilməsi Sizin mətbuat və mediaya göstərdiyiniz yüksək diqqət və qayğının gerçək ifadəsidir.

Möhtərəm Prezident, jurnalistlərin istifadəsinə verilən ikinci binadan “Mədəniyyət” qəzeti redaksiyasına da pay düşməsi kollektivimizdə böyük sevinc və ruh yüksəkliyi yaratmışdır. Bu sevinci bizlərə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizin parlaq gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

“Mədəniyyət” qəzetinin kollektivi adından

Hümbətov İntiqam Rəsul oğlu

Baş redaktor

Azərbaycan Respublikası, Bakı şəhəri.