05 avqust 2017, 12:00

Azər Xəlilovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan jurnalistikası və media işçilərinə daim göstərdiyiniz diqqət və qayğıya görə rəhbərlik etdiyim CBC telekanalının kollektivi və şəxsən öz adımdan Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Milli Mətbuat Günü ərəfəsində məişət şəraitinin yaxşılaşdırılması məqsədilə KİV işçilərinin mənzillə mükafatlandırılması, Sizin həyata keçirdiyiniz digər tədbirlər media işçilərinə qayğı və diqqətin dünya miqyasında unikal nümunəsidir. Media sahəsinə verdiyiniz bu önəm jurnalistlərin daha məhsuldar və səmərəli fəaliyyəti üçün əlavə stimuldur. Sizin bu addımlarınız Azərbaycanda sabitliyin, sosial ədalətin, söz azadlığı və plüralizmin daha da möhkəmlənməsinə xidmət edir, iqtidarla xalqın vəhdətini daha da gücləndirir. Sizin gündəlik fəaliyyətiniz, Azərbaycanın milli və dövlət maraqlarını qətiyyətlə və güzəştsiz müdafiə etməyiniz biz jurnalistlər üçün vətənpərvərliyin və informasiya cəbhəsində məharətli ideoloji mübarizənin parlaq nümunəsidir.

Möhtərəm cənab Prezident, Sizin proqram xarakterli nitqinizdə göstərilən istiqamətlərə uyğun olaraq vətənpərvər, məsuliyyətli obyektiv jurnalistikanın inkişafı və Azərbaycan həqiqətlərinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, düşmən üzərində Böyük Qələbəmiz naminə biz jurnalistlər fəaliyyətimizi daha fədakarlıq və əzmkarlıqla davam etdirəcəyik.

Dərin hörmət və ehtiramla,

Xəlilov Azər Nəriman oğlu

CBC telekanalının baş direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.