Gerb

17 iyun 2011, 15:00

Hörmətli Prezident!

Bu gün respublikamızın hər yerində olduğu kimi, Ağdamda da tibb işçiləri öz peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Ulu öndərimizin şah əsəri sayılan yeni Azərbaycanımız bütün sahələrdə olduğu kimi, tibb sahəsində də böyük nailiyyətlər əldə etmişdir. Bu sürətli tərəqqi durmadan irəliləyir və gələcək uğurların təməl daşına çevrilir. Hazırda Ağdamın hələlik mərkəzi sayılan qəsəbəsi son illərdə tanınmaz dərəcədə dəyişmişdir.

Biz ağdamlılar dövlətimiz, hökümətimiz və şəxsən Sizin tərəfinizdən göstərilən diqqət və qayğını daim hiss etməkdəyik. Ötən il noyabrın 11-də Sizin və hamımızın əzizi Mehriban xanım Əliyevanın Ağdama gəlişi bölgədə yaşayan 10 minlərlə insanın sonsuz sevincinə səbəb oldu. Qəsəbəmizin girəcəyində inşa edilən və artıq son tamamlama işləri aparılan uşaq xəstəxanası və doğum evinin əzəmətli görkəmli, müasir tibbin tələblərinə cavab verən avadanlıqları məhz Sizin qayğı və diqqətinizin bariz nümunəsidir. Bu möhtəşəm sağlamlıq oçaqları Sizin 2009-cu il noyabrın 25-də imzaladığınız Sərəncamla inşa olunmuşdur.

Biz - Ağdamın düşmənlə təmas xəttində yaşayan tibb işçiləri Sizə olan böyük inamımızdan çıxış edərək işğalda olan yurd yerlərimizin tezliklə azad olunacağına əminik. Bu gün bizim peşə bayramı günündə Sizi və Mehriban xanımı öz yanımızda hiss edirik. Azərbaycanın uğurlu gələcəyi Sizinlə bağlıdır. Bu müqəddəs yolda Sizə və ailənizə cansağlığı və daha nurlu sabahlar arzulayırıq. Tanrı köməyiniz olsun.

Ağdam rayon tibb işçiləri adından
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi G.Abbasova

Azərbaycan Respublikası, Ağdam rayonu